Ağsu İcra Hakimiyyəti yazılanları təkzib edir: “Vətəndaşlar qəbuldan razıdır”

Ağsu rayon İcra Hakimiyyəti Sozcu.az saytında “Ağsuda icra hakimiyyətinə şikayət üçün gedən rayon sakini həbs edildi – YENİ BAŞÇININ İLK İŞİ” başlıqlı yazıya münasibət bildirib.

Ağsu rayon İcra Hakimiyyətinin e-mail ünvanımıza göndərdiyi yazını olduğu kimi təqdim edirik:

Bildiririk ki, “sozcu.az” informasiya agentliyinin 05 oktyabr 2019-cu il tarixli
sayında getmiş “Ağsuda icra hakimiyyətinə şikayət üçün gedən rayon sakini həbs
edildi – YENİ BAŞÇININ İLK İŞİ” başlıqlı yazıda göstərilir ki, yeni icra başçısı ilk iş
günündə rayon polis şöbəsinə şikayətçilərin Ağsu rayon İcra Hakimiyyətinin binasına
buraxılmaması tapşırığını verib və icra hakimiyyətinə şikayət üçün gələn sakinlər
polislər tərəfindən ərazidən uzaqlaşdırılıb. Məlumata görə, rayon sakinləri icra
hakimiyyətinə buraxılmayıb.

Bildiririk ki, qeyd edilənlər əsla həqiqətə uyğun olmamaqla yalan və böhtan
xarakterli fikirlərdir. 04 oktyabr 2019-cu ildə 09:30-dan 17:00-dək rayon icra
hakimiyyətinin başçısı cənab Vahid Tağıyev tərəfindən aparılan qəbul zamanı rayonun
178 nəfər vətəndaşı dinlənilmiş və müraciətlərin həlli ilə əlaqədar müvafiq tapşırıqlar
verilmişdir. Dinlənilən vətəndaşlar qəbulun gedişindən və onlara göstərilən diqqət və
qayğıdan razı qaldıqlarını bildirmişlər.