“Ağrılarıma artıq dərmanlar da təsir etmir” – Qarabağ qazisi Rüxsarə Cumayeva kömək istəyir

Birinci Qarabağ qazisi, 1-ci qrup əlil Tutu ləqəbli Rüxsarə Cumayevanın səhhəti yenidən pisləşib.

Musavat.com-a danışan Qarabağ qazisi ciddi müalicəyə ehtiyacı olduğunu bildirib:

“Hər kəs bilir ki, ayaqlarımdan 7 dəfə əməliyyat olunmuşam. Bu əməliyyatlar da xalqımın, xeyirxah insanların köməkliyi sayəsində baş tutub.

Lakin bir müddətdir ki, yenidən xüsusən də sol ayağımda ciddi problemlər, dəhşətli ağrılar yaranmağa başlayıb. Ağrılarıma artıq dərmanlar da təsir etmir. Həkimlər ciddi müalicəyə ehtiyacım olduğunu bildirir. Lakin nə müalicəyə, nə də dərmanlar almağa imkanım yoxdur. Bu günə qədər müəyyən xeyirxah insanlar dərmanlarımı almaqda köməklik göstərirdi. Amma pandemiya səbəbindən artıq bundan da məhrum olmuşam.

Bu müddət ərzində qapımı döyüb, içəri girən, əhvalımı, yaşayış vəziyyətimi soruşan olmadı. Deyən olmadı ki, “1-ci qrup əlilsən, bəlkə nəyəsə ehtiyacın var, acsan ya toxsan?”Yeni İl bayramında da qapımı açan,yardım göstərən olmadı.

Mən əlil ola-ola müharibəyə gedib, bir tibb bacısı kimi bacardığım xidməti göstərmişəm, sağlamlığımı itirmişəm. Mən də bu ölkənin, bu millətin qızı, xanımıyam. Niyə məni qəbul etmir, şikayətimlə, vəziyyətimlə maraqlanmırlar? Günahım nədir?”

Rüxsarə Cumayeva şəraitsiz evdə yaşadığını da vurğulayıb:

“Qızımla birgə 2 metr eni, 2 metr uzunluğu olan, pəncərəsi olmayan havasız evdə yaşayıram. Evimdə hamam belə yoxdur. Bu şəraitsizlik də səhhətimə ciddi təsir göstərir. Çox çətinlik çəkirəm, hər gün xəstə canımla əlləşirəm.

Xeyli miqdarda kommunal xərclərim yığılıb. Ayda yalnız 250 manat əlillik pulu alıram. O pulla kommunal xərclərimi, ehtiyaclarımı ödəməyə imkanım yoxdur.

Ötən ilin yayında su pulunu ödəmədiyim üçün gəlib bir müddət suyumu kəsdilər. Xeyirxah insanlar köməklik etdilər, yenidən suyu bərpa etdilər.

Aidiyyəti orqanlara müraciət edirəm, oradan bildirirlər ki, ilk növbədə Vətən Müharibəsində iştirak edənlərə diqqət göstərilir, daha sonra Birinci Qarabağ müharibəsi iştirakçıları ilə maraqlanacaqlar. Bəs bu vəziyyət nə vaxta qədər davam edəcək?

Aidiyyəti orqanlardan, xeyirxah insanlardan xahiş edirəm ki, mənim səsimə səs versinlər”.

Xatırladaq ki, Rüxsarə Bayraməli qızı Cumayeva 1968-ci il iyun ayının 18-də Zaqatala rayonunun Bəhmətli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlib. Azərbaycan Dövlət Neft Akademiyasına daxil olub və təhsil aldığı müddətdə həm də 2 nömrəli Taxıl Məhsulları Kombinatında işləyib. Həmin illər (1988-ci il) Meydan hərəkatı dövrünə düşdüyündən orada fəal iştirak edib. Elə buna görə də, onu həm işdən, həm də universitetdən xaric olunub.

O, 1990-cu ildə Bakı Dövlət Universitetin “Nəcib xanımlar” fakültəsinə daxil olub, daha sonra öz xahişi ilə ali təhsilini universitetin filologiya fakültəsində davam etdirib. Elə bu vaxt 20 Yanvar hadisələri baş verib. R.Cumayeva könüllü olaraq hospitalda işləyərək yaralılara yardım göstərməyə çalışıb. Elə buradan – hospitaldan da cəbhə bölgəsinə yollanıb. Daşaltı, Canyataq, Gülyataq, Mehmanə, Drambom, Umutlu və Fərruxdağ ətrafında gedən döyüşlərdə iştirak edib. Canyataqda döyüş zamanı ayağından qəlpə yarası alıb. Buna görə 7 dəfə ayaqlarından ağır əməliyyat keçirib.

Facebook Comments