AFFA-dan “Neftçi”yə xəbərdarlıq

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının XXIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi” – “Zirə” matçında “Neftçi”nin dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90-cı dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Zirə”nin futbolçusu Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün üç oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

Matçın ikinci hissəsi “Neftçi”nin səhlənkarlığı ucbatından altı dəqiqə gec başladığı üçün klub 2400 manat cərimə olunub.

Matç başa çatdıqdan sonra “Neftçi”nin mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq