ABŞ SENATORLARINDAN TRAMPA TƏZYİQ –S-400-ə görə Türkiyəyə sanksiya tələb edirlər – TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi.

Vaşinqtonda durum ilk baxışda sakit görünsə də, pərdə arxasında Türkiyə ilə bağlı gedən sərt diskussiyalar davam edir.

Prezident Tramp S-400-lərin alınması ilə bağlı Türkiyəyə sanksiyaların tətbiq edilməsini qəti istəmir. O, çərşənbə axşamı Ağ Evdə senatorlarla keçirilən görüşdə bu mövqeyini aydın şəkildə ortaya qoyub.

Senatorlar isə toplantıda israrla buna qarşı çıxıblar. Onlar sanksiyaların tətbiq edilməsinin qanunun tələbi olduğunu söyləyərək, öz mövqelərində israr ediblər. Həmin toplantı öz mövqelərində qalan tərəflərin heç bir güzəştə getməməsi və heç bir nəticə verməməsilə başa çatıb.

Ancaq indi ortaya çıxır ki, o toplantıda prezidentin müşavirlərinin Prezident Tramp kimi düşünmədiyini və özlərinə yaxın mövqedə durduqlarını görən senatorlar prezidentə təzyiqləri artırmaq üçün həmin müşavirlərlə birlikdə işləməyə başlayıblar. Xüsusilə Xarici işlər naziri Mayk Pompeo və Milli təhlükəsizlik müşaviri Con Boltonun öz mövqelərinə yaxın durduqlarını görən respublikaçı senatorlar Prezident Trampa təzyiqləri artırmaq üçün hazırda bu müşavirlərlə əməkdaşlıq edərək, birgə çalışırlar.

Bu arada, Ağ Evdə Türkiyə ilə bağlı keçirilən zirvə görüşündən kənarda saxlanılan demokrat senatorların da eynilə respublikaçı senatorlar kimi düşündükləri və Prezident Trampa təzyiq olsun deyə, o toplantıdan həmən öncə, 23 iyul 2019-ci il tarixdə prezidentə məktub göndərərək ondan Türkiyə ilə bağlı qanunların tələbini yerinə yetirməsini istədikləri də ortaya çıxıb.

Anlayacağınız odur ki, Prezident Tramp, Türkiyə məsələsilə bağlı olaraq ABŞ-ın bütün dövlət sisteminə qarşı təkbaşına dirənməyə çalışır. Bu təzyiqə nə qədər, hansı ölçüdə dirənə biləcəyini isə baxıb görəcəyik.

Buradakı müstəqil mənbələr bu mərhələdə Türkiyənin apardığı mübarizədə Trampın əlini gücləndirəcək bəzi manevrlər etməsinin doğru ola biləcəyini söyləyirlər. Həmin dairələr “Patriot” raketlərinin satın alınması üçün görüşlərin başlamasının da bu baxımdan yaxşı olduğunu düşünürlər.

Bütün təzyiqlərə baxmayaraq, indi Trampın Türkiyə məsələsilə bağlı vaxt qazanmağa çalışacağı, həm S-400-lərin aktiv fəaliyyətə keçməsi üçün hələ zaman olduğunu, həm də “Patriot” raketlərinin satın alınması üçün danışıqların davam etdiyini irəli sürərək, vaxt qazanmağa çalışa biləcəyi də bildirilir.

Ayrıca, irəlidə edilən təzyiqlərə qarşı müqavimət göstərməsinin imkansız hal alacağını, sanksiyaların tətbiq edilməsinin qaçılmaz ola biləcəyini nəzərə alan Prezident Tramp, tətbiq edə biləcəyi 12 sanksiyadan ən yüngül olan 5-ni artıq seçmişdir. Ancaq senatorlar daha ağır sanksiyaların tətbiq olunması üçün də çalışırlar.

Bütün bunlar göstərir ki, türk dövləti qarşıdakı illərdə Vaşinqtonda daha uğurlu fəaliyyət göstərə bilməsi üçün yalnız Ağ Evə baxmamalı, ABŞ Konqresi ilə də işləməlidir.

Konqreslə Türkiyə arasındakı münasibətlər son bir neçə il ərzində addım-addım pozuldu və bizlər də bu məsələyə lazımınca diqqət göstərə bilmədik. Ayrıca, səfirin rezidensiyasının qarşısında kürd nümayişçilərin döyülməsi kimi bir sosial fəlakət də yaşandı. Bu hadisə Konqres daxilində Türkiyənin lehinə söz deyə biləcək son üzvləri də susdurdu. Türkiyə gələcək üçün, pozulmuş imicini və Konqreslə pozulan münasibətlərini düzəltmək üçün bir an öncə Vaşinqtonda çalışmağa başlamağa məcburdur.

Tərcümə Strateq.az-ındır

Sozcu.az