ABŞ-ın İranla bağlı qərarından sonra neftdən rekord göstərici

Rəsmi Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaları sərtləşdirməsi dünya birjasında “qara qızıl”ın qiymətinin rekord həddə çatmağına səbəb olub.

Sozcu.az  xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0,36% artaraq bir barrelə görə 74,31 dollara çatıb. Bu, 2018-ci ilin oktyabrından sonra qeydə alınmış ilk rekord səviyyədir.

WTI markalı neft isə 0,33 % bahalaşaraq bir barrelə görə 65,88 dollar olub.

Qeyd edək ki, ABŞ-ın daha öncə İrana təbiq etdiyi sanksiya çərçivəsində bu ölkə ilə əməkdaşlığı davam etdirmək üçün 8 ölkəyə (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan) verdiyi 180 günlük güzəşt müddəti 2 mayda bitəcək. Prezident Donald Tramp ötən gün bu müddəti uzatmayacağını açıqlayıb.