ABŞ-ın İran sanksiyaları: Türkiyə də itirəcək

Türkiyə bir çox ölkələrdən, o cümlədən Azərbaycandan, Rusiyadan və İraqdan neft alır. Ancaq İran bu sırada birincidir. Ona görə də Türkiyənin İran neftindən tamamən imtina etməsi problematikdir.

Sozcu.az xəbər verir ki, bu sözlər Atlas Araşdrımalar Mərkəzinin ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar barədə araşdırmasında qeyd olunub. Bildirilib ki, ABŞ sanksiyaları Türkiyəyə yaxşı heç nə vəd etmir:

“Onsuz da iki ölkə arasındakı münasibətlər İran neftinə qoyulan embarqoya qədər də soyuq idi. Türkiyənin Rusiyadan almaq istədiyi S-400 raketlərinə görə Vaşinqton Ankaraya təzyiqini azaltmır.

Ankara böyük ehtimalla o biri dövlətlərin addımlarına görə qərar verəcək. Məsələn, böyük iqtisadi potensiala malik olan Çin və Hindistan da İrandan neft alır. Çin və Hindistan hələ ki, İran neftindən imtina etməyəcəklərini bildirirlər. Belə olan halda Türkiyə də bu iki dövlət kimi hərəkət edəcək. Ancaq əgər bir müddət sonra Çin və Hindistan İran neftinin alışını azaltmağa başlayarlarsa, Türkiyə də neft strategiyasına yenidən baxa bilər.

Təsadüfi deyil ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu günlərdə İraqa səfər edib. Türkiyə İraqın şimalından da neft alır və mümkündür ki, Ankara İraqdan aldığı neftin həcmini artırsın. Eynilə Türkiyə Azərbaycan və ya Rusiyadan da neft alışının artırılmasıyla bağlı danışıqlara başlaya bilər. Ancaq Rusiya nefti daşınma xərclərinə görə Türkiyəyə İran neftindən daha baha başa gələcək. Yəni bütün hallarda ucuz İran nefti Türkiyə üçün indiki şərtlər altında əvəzedilməzdir”.

Mərkəzin araşdırmasında qeyd olunub ki, Türkiyənin ABŞ-ın məsləhəti ilə Səudiyyə Ərəbistanından neft alması çətin məsələdir:

“ABŞ İrandan neft alan dövlətlərə məsləhət görür ki, Səudiyyə Ərəbistanından neft alsınlar. Ancaq Türkiyə İranı Səudiyyə Ərəbistanlı ilə əvəz edə bilməz. İki ölkə arasında soyuq münasibətlər mövcuddur. Səudiyyəli jurnalistin İstanbulda qətlə yetirilməsi bu münasibətləri daha da soyudub”.

Mərkəz Tehranın Ankaradan arxayın olmaq istədiyini, bu məqsədlə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin aprelin 17-də Ankaraya səfər etdiyini bildirib:

“Tehran ABŞ-ın sanksiyaları fonunda Türkiyə ilə iqtisadi və regional əməkdaşlığın əvvəlki həcmdə davam etdirilməsini istəyir. Məsələn, sanksiyalara qədər iki ölkə arasında dəmiryolunun çəkilişi gündəmdə idi. Ötən ilin aprelində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrana səfəri zamanı iranlı həmkarı Həsən Ruhani ilə görüşündə belə bir hədəf səsləndirmişdi ki, ticarət mübadiləsini 30 milyard dollara çatdırmalıyıq. Sanksiyaların mövcudluğu şəraitində buna nail olmaq çətindir. Çünki ABŞ sanksiyaları İran üçün öldürücü mahiyyət daşımasa da, iqtisadiyyatında müəyyən problem yarada, inflyasiyanı arta bilər və s. Türkiyənin özündə də inflyasiyanı nəzarətdə saxlamaq çətindir.

2000-ci illərin ortalarında nüvə çalışmaları ilə bağlı İrana qarşı beynəlxalq sanksiyaların mövcud olduğu illərdə də Türkiyə qonşu ölkədən müxtəlif yollarla neft alırdı. Çünki İran neftinin həm özü, həm də çatdırılma xərci ucuzdur. Türkiyə və beynəlxalq aləm Donald Trampdan sonrakı ABŞ prezidentinin İranla bağlı siyasətini yumşaldacağına və sanksiyaları ortadan qaldıracağına ümid edir. Çünki bundan əvvəl də ABŞ-ın keçmiş prezidenti Barak Obama İranla razılaşsa da, ondan sonra gələn Ağ Ev sahibi razılaşmanı pozmuşdu. Deməli, yeni prezidentin də Trampın siyasətindən imtina edəcəyi mümkündür”.

Qeyd edək ki, ABŞ 2 may tarixindən İrandan neft alan ölkələrə qarşı da sanksiyaların tətbiqinə başladığını elan edib.(Axar.az)