ABŞ-ın İRAN NEFTİNƏ QADAĞASI YENİ BLOKLAŞMALARA YOL AÇIR –Qiymətlər yüksələcək, sanksiyaları “deşməyə” səy göstəriləcək – TƏHLİL

Güntay Şimşək

“Habertürk”, Türkiyə

ABŞ-ın İranın neft ixracına vurduğu son zərbədən öncəki həmləsində ən böyük neft alıcıları olan Çin, Hindistan, Yaponiya ilə birlikdə Türkiyəyə və daha 4 ölkəyə müvəqqəti olaraq razılıq verməsi neft qiymətləri üzərində önəmli təzyiq yaratmamışdı. Ancaq bu dəfə məsələ sadəcə dünya bazarlarında neftin qiymətinin yüksələcəyi deyil. Hazırda gedən yeni ticarət müharibəsində dünyanın dəqiq cizgilərlə iki yerə ayrılması gündəlikdədir. Hətta Bəsrə körfəzinin hərəkətlənməsindən söhbət gedir.

Çin ABŞ-ın təzyiqinə əhəmiyyət verməyərək, İranla ticarətə davam edəcəyini açıqlayıb.

Rusiya neft qiymətləri yüksələcəyi üçün baş verən son hadisələrə səssiz qalıb.

Türkiyə kimi qonşu ölkələrə və İranla ticarət edənlərə son hadisələrin inkişafı ilk dəfə olaraq sərt şəkildə təsir edəcək.

Beləliklə, ABŞ-ın qərarı qarşısında səssiz qalanlardan, Avropa Birliyi kimi həll yolları axtaranlardan və reaksiya verən ölkələrdən ibarət yeni bloklar yaranacaq.

OPEC-in bütün istehsalının 1/3-nə, ehtiyatının da yarısına sahib olan Səudiyyə Ərəbistanı İranın çoxdankı düşmənidir. ABŞ-ın da “ehtiyat təkəri”dir. Lakin onun Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə İranın “Hörmüz çəngəli” kimi bir problemi var.

OPEC və Rusiyadan kənar ən böyük neft istehsalçısı olan ABŞ isə onsuz da “hadisələrin qəhrəmanı”dır. Onun verdiyi qərardan sonra Brent neftinin bir barelinin qiyməti 80 dollara yaxınlaşmaqdadır. Qərbi Texas neftinin (WTI) bir barelinin qiyməti isə 70 dollara çatmaq üzrədir.

Ağ Evin İran neftinə tətbiq etdiyi sanksiyalara görə güzəşt etdiyi 8 ölkəyə yeni güzəştlərin verilməyəcəyini açıqlamasından sonra yaranan mənzərə eyni zamanda yeni hadisələrin başlanğıcının əsası hesab edilə bilər. Hadisələrin inkişafı ilə birlikdə, təbii, sərt mübahisələr baş verəcəkdir.

ABŞ Prezidenti Donald Trampın İranın neft ixracını tam dayandırmağı və rejimin əsas gəlir qaynağını məhdudlaşdırmağı hədəfləyən bu qərarı bir çox ölkəyə iqtisadi və siyasi təsir edəcək. Ortaya təxmin edə bilmədiyimiz yeni durumlar çıxaracaq.

Rusiyadan S-400 HHM sistemlərinin alınmasına cavab olaraq ABŞ-ın F-35 döyüş təyyarələrinin təslim edilməsini dayandıracağı ilə təhdid etdiyi və Aralıq dənizində enerji uğrunda gedən mübarizənin qızışdığı bir vaxtda ortaya bir də onlardan daha hərarətli olan İran məsələsi çıxıb.

Tərcümə Strateq.az-ındır

Sozcu.az