ABŞ Dövlət Departamenti koronavirusla əlaqədar Azərbaycana səfərlərdən yayınmağa çağırır

ABŞ Dövlət Departamentinin saytında vətəndaşlara koronavirusun aşkarlandığı ölkələrə səfərlərdən yayınmaq çağırışı yerləşdirilib. Bu ölkələr arasında Azərbaycanın da adı göstərilib.

Xüsusən, “İranla sərhəddən gələn COVİD-19 hallarının sayının xeyli artması ilə əlaqədar Azərbaycana səfərlərdən imtina etmək” tövsiyə olunur.

“Azərbaycan hökuməti beynəlxalq səyahətçilərdə COVİD-19 simptomlarının olub-olmadığını yoxlayır və şübhəli hallar üçün xüsusi karantin müəssisələrində icbari karantin tətbiq edib.

Azərbaycanda tibbi xidmət ABŞ standartlarına uyğun deyil və bəzi bölgələrdə əsas tibbi ləvazimatlar əlçatan olmaya bilər”, deyə tövsiyədə qeyd edilib.

Buna baxmayaraq Amerikalılar Azərbaycana getməyə qərar veriblərsə, bütün mümkün riskləri nəzərə almaları və ABŞ hökumətinin köməyi olmadan qayıtmaq planı hazırlamaları tövsiyə olunur.

Qeyd edək ki, bu gün Azərbaycanda 9 nəfərdə koronavirus aşkar edilib, onların 7-si ölkə vətəndaşı, biri Rusiya, biri isə Almaniya vətəndaşıdır. Bütün bu şəxslər İranda xəstəliyə yoluxublar.

Sozcu.az

Facebook Comments