ABŞ-da vətən torpağına həsrət qalan qərib məzarlıq – Qubad İbadoğlunun yazısı

İqtisadçı -alim, ABŞ -ın Rutgers universitetinin professoru Qubad İbadoğlu maraqlı bir yazı paylaşıb.

Sozcu.az  xəbər verir ki, Q. İbadoğlu özünün Facebookdakı profilində ABŞ -da dünyasını dəyişmiş azərbaycanlılar haqda məlumat və fotolar paylaşıb. Həmin yazını və fotoları təqdim edirik:

**

Amerika Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Tomris Azəriyə minnətdar olmaqla əsasən ikinci dünya savaşından sonra ABŞ-a köç etmiş cümhuriyyətçi baba və nənələrimizin məzarlığını ziyarət etdim.

ABŞ-ın Nyu Cersi ştatının Paramus şəhərinin Corc Vaşinqton Memorial Parkındakı qəbirstanlıqda yerləşən müsəlman məzarlığı 1972-ci ildə burda yaşayan azərbaycanlılar tərəfindən yaradılıb. O zaman ABŞ Azərbaycanlıları bu məqsədlə mövcud qəbirstanlıqdan təqribən 50 məzarlıq torpaq alıblar. Bu torpaqda uyuyanlar arasında Azərbaycanın əksər bölgələrini (Bakı, Naxçıvan, Gəncə, Qarabağ, Sabirabad və sairə) təmsil edənləri görmək olur. Burda həmçinin türklər və qaraçaylar da dəfn olunub.

Diqqətdən kənarda qalan qəriblər məzarlığındakı bəzi qəbirlər itmək üzrədir. Qəbirsanlıqda həqiqətən də görüləsi işlər çoxdur, burda ən azından məzarlığın Azərbaycanılara aid olmasını təsbit edən lövhə yerləşdirilərsə, eləcə də Azərbaycanın bayrağı dalğalanarsa bundan qəbirstanlıqda uyuyan cümhuriyyətçilər və onların ailələrinin də ruhu şad olardı. Tomris xanımla bərabər buranı tezliklə təkrar ziyarət edib, bəzi abadlıq işləri aparmağı qərarlaşdırdıq.

Bura həm də Azərbaycan tarixinin müqəddəs bir parçası olduğundan elm adamlarının bura gəlib araşdırma aparmasına da ehtiyac vardır.

Allahdan Corc Vaşinqton Memorial Park qəbirstanlığında uyuyan bütün müsəlmanlara rəhmət diləyir, qəbrləri nurla dolsun deyirəm.

P.S. Vikipediyanın məlumatına görə, Azərbaycan Demokratik Respublikasının tənəzzülündən sonra 20-yə yaxın azərbaycanlı ABŞ-a getmişlər. Onlar əsasən bolşevik təziqindən qaçanlar olmuşlar. Daha sonra İkinci dünya müharibəsi illərində Almaniyada xidmət edən və ya faşistlərə əsir düşən azərbaycanlıların bir qismi ABŞ-a mühacirət etmişlər. Onların təxmini sayı 250-300 nəfər olmuşdur. Onların bir qismi mənim ziyarət etdiyim Corc Vaşinqton Memorial Park qəbirstanlığında dəfn olunub.