ABŞ-da SİLAHLI HÜCUMLARIN ARXASINDAKI GİZLİ ƏL… –Suriyada indiyədək 10 əsgər itirən dövlət bir gündə 30 adamın öldürülməsini niyə önləyə bilmədi?

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi

Amerika qaynaqlarına görə, ABŞ Suriyada İŞİD-lə mübarizə aparmaq üçün PYD/YPG ilə əməkdaşlığa başladığı gündən etibarən, 11 min kürd ölüb. Həmin dövrdə ABŞ ordusunun verdiyi itki isə sadəcə 10 əsgər olub.

Ötən günlərdə ABŞ-da baş verən iki ayrı hadisədə öldürülən məsum insanların sayı isə 30 olub. Yəni, guya, regionda savaşan ABŞ ordusunun verdiyi itkinin sayından 3 dəfə çox insan bir gündə, dinc həyatda cəmi iki hadisədə öldürülüb.

Sadəcə göstərilən rəqəmlər belə, bu cəmiyyətin nə qədər xəstə bir struktur olduğunu göstərmək üçün yetərli olmalıdır. Dövlətin zirvəsindən gələn irqçi ritorika ilə də bəslənən bu xəstə struktur baqqaldan qazlı su alar kimi, asanlıqla ələ keçirdiyi silahlarla məqsədi bəlli olmayan qətllər törədə bilir. Bu, artıq neçənci hadisədir və sonu da görünmür. Çünki istədiyi zaman regionumuzda yaşayan sadə vətəndaşları belə havadan izləyə bilən bu dövlət öz xəstə cəmiyyəti ilə nə edəcəyini bilmir. Ola bilsin ki, bilir, lakin problemi həll etmək istəmir.

“Dövlət yaranmış vəziyyətə müdaxilə edə, nə isə edə biləcək durumdadırsa, nə üçün etmir?” deyərək heç sual verməyin. Unutmayın ki, belə durumlarla bağlı illər sonra ortaya elə gizli səbəblər, sui-qəsd versiyaları çıxa bilir ki, insan çaşıb qalır. Bu səbəblə, amerikan cəmiyyətində çox sayda sui-qəsd nəzəriyyələri “istehsal edən” insan var və onlara inananların sayı da çoxdur. İrqçi hücumların da arxasında gizli bir gücün olduğunu düşünənlər bu arada xəyal güclərinə heç bir sərhəd qoymurlar.

Mən, “Bu cəmiyyətdə hər an hər şey ola bilər” deyənlərdənəm. Türkiyədə də belə yaşayıram, burada da eyni durumdayam. Bu üzdən hadisələr haqqında sui-qəsd versiyaları irəli sürənləri həmən bir kənara itələmir və ən azı, onları açıq fikirlə dinləyirəm.

Hadisələrin baş verdiyi günlərdə insanlara adi cinayət kimi görünən hərəkətlərin içində, dediyim kimi, illər sonra dövlətin gizli güclərinin də əlinin olduğunun ortaya çıxdığı durumlar vardır. Bu üzdən, 30 insanın öldürüldüyü son hadisələrin də təməlində gizli güclərin əlinin olduğunu söyləyənləri, doğrusu, mən həmən “Sayıqlamayın!” deyərək susdurmağın doğru olmadığını düşünürəm.

Nəyə görə belə düşündüyümü anlamanız üçün bir örnək göstərmək istəyirəm. İllər öncə Los Angelesdə bir yay gecəsi rejissor Roman Polanskinin həyat yoldaşı Şaron Teyt öz evində bıçaqlanaraq öldürülmüşdü. Cinayəti törədən qadın və kişilər öldürmə əmrini Çarli Mansondan aldıqlarını söyləmişdilər. Öldürülən qadının qanı ilə divara “Donuz” yazıldığından və Manson fiziki baxımdan şeytana bənzədildiyindən, hadisənin təməlində satanist güclərin də olduğunu düşünən amerikan cəmiyyəti bu hadisənin şokunu öz üzərindən heç cür ata bilməmişdi. Həmin cinayət hadisəsinə daha sonra baxan prokuror “Helter Skelter” adlı bir kitab da yazmış, bu da sonra film halına gətirilmişdi. Kitabın adı “Beatles” qrupunun eyni adlı albomundan götürülmüşdü. Bu, Mansonun sevdiyi bir mahnı idi.

İndi bu hadisəyə hansı yöndən baxırsınız baxın, adi bir cinayət hadisəsi kimi görünürdü. Hadisə nə qədər şokedici olsa da, heç bir zaman təməlində gizli dövlət güclərinin əlinin ola biləcəyi bir hadisə olaraq görülmürdü. Ancaq durum belə deyilmiş. İllər öncə adi jurnal yazısı üçün həmin hadisə ilə maraqlanan bir jurnalist hadisəni araşdırdıqca, onu belə təəccübləndirən yeni dəlillər əldə etmiş və hadisənin təməlində, indi möhkəm durun, MKİ-nin əlinin də ola biləcəyi sui-qəsd versiyasını irəli sürmüşdü.

Kventin Tarantinonun son filminin arxa planında bu cinayət hadisəsi yatdığından, mən indi jurnalist Tom O`Nilin “Chaos-Charlie Manson, The CİA and The Secret History of The Sixties” (“Xaos – Çarli Manson, MKİ və Altmışların gizli tarixi”) adlı kitabını oxuyuram. Bu kitabda ağılları donduran iddialar yer alır.

Yazıçı Joan Didionun “The White Noise” (“Xışıltı”) adlı kitabında 1960-cı illərin sonunu gətirən gün olaraq adlandırdığı həmin gündə baş verən bu cinayətin təməlində belə, elə bir şeyin olması insanı, doğrusu, bir az paranoik hala gətirə bilən hadisədir.

Bir gündə silahlanmış dəlilər üzündən illərdir savaşmaqda olan ordusunun müharibədə ölən əsgər sayından üç dəfə artıq adamın ölümünün mümkün olduğu bir ölkədə bunun təməlində dövlətin gizli güclərinin əlinin olmasına inananların tapılması bünövrədəki sosial xəstəliyin göstəricisi olsa da, anlatdığım səbəblə, belə sui-qəsd nəzəriyyələrinin ortaya çıxması çox təəccüblü də deyildir.

“Manson cinayəti”ndə olduğu kimi, sadəcə tək bir jurnalist bu son hadisəyə girişsə, illər sonra yenə ortaya təəccübləndirici yeni iddiaların çıxması da mümkündür.

Yazının əvvəlində verdiyim rəqəmləri xüsusilə bölgəmizdəki kürdlərin yaxşı incələməsi lazımdır. ABŞ bütün prosesin gedişində yalnız 10 əsgərini, eyni dövrdə kürdlər isə 11 min adamını itirmişdir. Kürd yaralılarının sayı isə təqribən 24 min imiş.

ABŞ terrorçulara durmadan “Bölgədəki ortağımız” deyir, ancaq bu rəqəmlərdən əsil məqsədinin onun üçün öləcək qurbanlar tapmaq olduğu çox açıq görünür.

Fəratın şərqində nə olacağının yenə müzakirə edildiyi bir vaxtda bu həqiqətin də xatırlanması lazımdır.

Tərcümə Strateq.az-ındır

Sozcu.az