Abbas Lisaninin həbs müddətinin azaldılması müraciətinə rədd cavabı verilib

Güney Azərbaycanın görkəmli milli-mədəni fəalı “Abbas Lisani”nin həbs müddətinin azaldılması ilə bağlı qanunun tətbiqi tələbi rədd edilib.

Ərdəbil əyalətinin apelliyasiya məhkəməsinin 1 saylı şöbəsi Abbas Lisaninin həbs müddətinin azaldılması müraciətinə mənfi rəy verib.

Abbas Lisani apelliyasiya məhkəməsi tərəfindən 15 il həbs və Yəzd şəhərinə iki il sürgün cəzasına məhkum olunub.

Apellyasiya məhkəməsi şurası bu qərarını “həbs müddətinin azaldılması haqqında qanunun 2-ci maddəsinə və İslam Cinayət Məcəlləsinin 18-ci maddəsinin B və T bəndlərinə əsasən, habelə törədilən cinayətin zərərli nəticələrinə, məhkumun keçmişi və şəxsi durumuna dair əlavəyə” istinadən verdiyini bildirib.

Həbs cəzasının azaldılmasına dair qanun parlamentin açıq iclasında 12 May 2020-ci ildə təsdiqlənib və həmin ilin 11 iyun tarixində 28757 saylı məktubda Həsən Ruhani tərəfindən elan olunub.

Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur.

Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.

Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.

Beynəlxalq Əfv Təşkilatı dəfələrlə Abbas Lisaninin fəaliyyətlərini dinc dəyərləndirmiş, ona qarşı məhkəmə proseslərini siyasi və qərəzli adlandırmışdır.

Facebook Comments