Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

Güney azərbaycanlı tanınmış milli- mədəni fəal Abbas bəy Lisani noyabrın 20-də saxlandığı Ərdəbil zindanının 7- ci bölməsində oturaq aksiya keçirib.

O, bölmənin gözətçisinin otağında 5 saat oturaraq, özünə qarşı qəbul edilmiş son məhdudiyyətlərə etiraz edib və məsulların bununla bağlı cavab verməsini istəyib.

7-ci bölmənin məsulları sonda Abbas Lisaniyə telefon danışığının qeyri- müəyyən vaxta qədər qadağan edilməsi ilə bağlı Ərdəbil prokuroru Abdulla Təbətəbainin imzası olan sənədi göstəriblər.

Məsullar, həmçinin tanınmış fəala bildiriblər ki, onun görüş hüququndan məhrum edilməsi ilə bağlı qadağa ləğv edilib və bundan sonra ailəsi onunla görüşmək üçün həftənin 2-ci günləri həbsxanaya gələ bilərlər.

https://www.gunaz.tv/az/new/amnesty-international-taninmis-milli-feal-abbas-lisaninin-azad-edilmesi-ucun-tecili-addimlar-atmaga-cagiris-edib-1602754995

Beynəlxalq Əfv Təşkilatı “Amnesty İnternational” təcili addımlar atılması ilə bağlı yaydığı çağırışda tanınmış güney azərbaycanlı milli- mədəni fəal Abbas Lisaninin azadlığa buraxılmasını tələb edib.

Məsullardan biri şifahi şəkildə Abbas bəy Lisaniyə qadağaların qəbul edilməsində Ərdəbil əyalətinin “Ettelaat” İdarəsinin rəhbərinin, Ədliyyə İdarəsinin rəisi Nasir Ətibbatinin və prokuror Abdulla Təbətəbainin göstərişinin olduğunu, buna görə də həbsxananın göstərişləri icra etməyə bilmədiyini deyib.

Abbas Lisaninin görüş və telefon əlaqəsi yaratmaq hüquqları həm Quzey Azərbaycan Ordusunun Dağlıq Qarabağ və ətraf rayonlarının azadlığı uğrunda keçirdiyi hərbi əməliyyatların başlanması vaxtı, həm də bitməsi vaxtı 2 dəfə qadağan edilib.

Abbas Lisani 2019-cu ilin yanvar ayının 15-də Təbrizin İnqilab məhkəməsində iclasa qatıldıqdan sonra Təbrizdə onu görmək üçün gələn milli fəallarla görüşmək üçün binadan çıxmamışdan əvvəl İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. O, Ərdəbilə gətirildikdən sonra keçirilmiş ədalətsiz məhkəmədə 8 il həbsə məhkum edilmişdi. Kassasiya şikayəti üzrə keçirilmiş Apellyasiya məhkəməsi isə Abbas Lisaninin həbs müddətini 15 ilə uzatmaqdan savayı, onu 2 il də Yəzd şəhərinə sürgünə məhkum edib.

“Amnesty İnternational” bu hökmü siyasi sifarişli adlandıraraq, Abbas Lisaninin dərhal və qeyd- şərtsiz azadlığa buraxılmasını tələb edib.

Abbas Lisani təkcə ibtidai istintaq dövründə mülki vəsiqə ilə müvəqqəti azadlığa çıxmaqdan deyil, eləcə də koronavirusun yayılması ilə bağlı verilən məzuniyyət və 1-ci dərəcəli yaxın qohumların vəfatı ilə əlaqədar verilən icazə hüquqlarından da məhrum edilib.

Ona qarşı yeni məhdudiyyətlərin isə İran rejiminin Abbas bəyin Qarabağın azadlığı ilə bağlı verəcəyi mesajın Güney Azərbaycanın etirazçı cəmiyyəti arasında doğuracaq əks- səda ilə bağlı keçirdiyi narahatlıqdan irəli gəldiyi nəzərə çarpır.

Sentyabrın 28-də, Qarabağda son döyüşlərin başlamasının ilk günlərində Abbas Lisaninin 2 il əvvəl güney azərbaycanlı milli fəalların qarşısında etdiyi çıxışla bağlı video yayılmış. Həmin görüntülərdə o bildirirdi ki, yaxın zamanlarda hər kəs Güney Azərbaycanın oyanışının müxtəlif məsələlər, o cümlədən Qarabağın azadlığına təsir edəcəyinin şahidi olacaq.

Facebook Comments