Abbas Lisani- Son görüş

Son görüşümüz 1385- ci ilin mehr ayındaydı, o günlər ki, keçəri (müvəqqəti) olaraq Xordad Qiyamından sonra vəsiqə ilə azadlığa buraxılmışdım.

Qapı döyüldü, ayfondan tanış bir səs: “Açın, Təbrizdən qonağınız var”.

Qapıya sarı tələsdim, sevincdən bağırdım və daha özümü saxlaya bilmədim və sıx bağrıma basdım. Axı o sıradan biri deyil idi, o, can Azərbaycanımızın yenilməz qalalarından biri olan sayın mühəndis Amani idi. Özümə gəldikdə sayın əmisi oğlunu da bağrıma basdım.

Soruşdum, bəs Günəş xanım? Dedi “keçək içəri, sonra sorğula” və gülümsədi.

Oturunca tez qayıdacaqlarını söylədi və o üzdən Günəş xanımı gətirə bilmədiklərini açıqladı.

Zaman az, söz çox, hər halda çeşidli konulardan söz açıldı, özəlliklə Xordad himəsəsinin patolojisi- millətimizə gətirimləri və gələcəkdə necə və hansı dirəniş taktikləri uyğunlanmalı yönündə bəhs getdi.

Mübahisə aləmində seyr edərkən balaca oğlan (Oqtay) əlində bir kağız otağa girdi və dedi:

“Ata, bir sərbaz (əsgər) bunu qapıya gətirdi və anadan imza aldı.”

Aldım və ilkin məhkəmənin hökmü olduğunu gördüm, verdim Əmani cənablarına və ucadan oxumasını dilədim.

Sətir- sətir irəlilədikcə hökmü məsxərəyə tutaraq gülümsünürdü, ancaq sona gəldikdə sinirləndi və dedi: “16 ay dustaq və 50 zərbə şallaq, axı nədən, hansı qanundan qıraq iş görübsən? Bunlarda heç vicdan yoxmu? Bir millətə ən ağır tohinlər (təhqirlər) elədilər. Tohin edənlər azad gəzirlər, ancaq ən mədəni (sivil) şəkildə etiraz edənləri vurur, öldürür və belə bir zalım hökmlərə məruz qoyurlar.”

Burada sözün arasında dedim:

“Bəy, sən nədən təəccüb edirsən? Sən ki fars faşizminin zülümlərini ilik sümüyünlə dadmısan, 4 ildən artıq gənc çağlarını ən ağır işgəncələr altında dustaq çəkmədinmi? İşgəncələr altında sınıb əyri bitən sümüklərinin ağrısını unutdunmu? Sən hansı qanunsuz işə əl vurmuşdun? Məzlum millətinin tapdalanmış haqlarını savunmaqdan başqa bir iş görmüşdünmü? İgid qardaşım, sən o ağır işgəncələrdən başı uca və iftixarlı çıxdın və bir millətə iftixar qaynağı oldun. Ancaq, görəsən, biz səndən və başqa çağdaş, habelə keçmişdəki qəhrəmanlarımızdan aldığımız dərsləri dönmə- dolayı və qaranlıq yolumuza işıq edə biləcəkmiyiz?”

Ancaq hər qovuşmanın bir ayrılığı olar… Onlar bütün israrlarımıza rəğmən, gecəni qala bilməyəcəklərini söylədilər.

Ayrılıq vaxtı gəlib çatmışdı, maşına əyləşmədən öncə bir-birimizi qucaqladıq.

Ancaq hardan bilərdim ki, o, bizim son görüşümüz olacaq və sədaqət və cəsarət ocağı olan ürəyin döyüntüsün son dəfə olaraq duymaqdayam. Bilsəydim, heç ayrılarmıydım!?

Balacaları da (Atilla, Oqtay) basıb bağrına üzlərini öpdü və gələcəkdə yurdumuza layiq insan olmalarını tapşırdı.

Maşın yola düşdü. O, qabaqda oturmağına baxmayaraq, dönüb arxa şüşədən gülümsəyərək bizə əl salladı və əbədi olaraq xəyalımda qalan son görüntüsünü gözümdə gərçəkləşdirdi.

Günlər, aylar və illər keçdi, fars faşizminin əsarətində olmaq görüşümüzə maneə olsa da, telefon vasitəsilə danışmağımıza əngəl ola bilmədi və hər fürsətdə başqa dostlar kimi, onunla da ara- sıra və eşik durumun ötəri də olsa, öyrənirdim.

Dustağın (məhkumluq dövrünün) son ayının içində idi. Başqa günlər kimi evə zəng açdım. Həyat yoldaşım, arxadaşım və sirdaşım olan Rüqəyya xanım o taydan səs verdi. Səsində titrəyiş hiss etdim, nə dediyini sordum. Demək istəmədi, söhbəti dəyişmək istədi, amma bacarmadı, məcbur olub dedi:

“Mühəndis Əmaninin qardaşları təsadüf (yol qəzası) ediblər.”

Soruşdum: “Nələr olub, lütfən, açıqla?” Dedi: “Təəssüflə (təəssüf ki) rəhmətə gediblər.” Dedim: “Kimlər maşındaymışlar?”

Dedi: “Mühəndis Əmani də onlarlaymış, amma nigaran olmaq, fəqət (sadəcə) yaralanıb.” Bunu eşidincə dünyam qaraldı.

Dedim: “İndi o hardadır? İstəyirəm zəng açam.”

Dedi: “O, xəstəxanada.”

Dedim: “Doğrusun de, onun da başında bir iş varmı? (başına bir iş gəlibmi?)”

O, danışığın itirdi və sözü başqa yönə çəkməyə çalışdı.

Sonuc alamadım və telefonu kəsib, başqa bir numaraya zəng açdım. O taydan gələn səs də yerli arxadaşım (dostum) olan milli çalışqanlardan birinin səsi idi. Qısa hal- əhvaldan sonra durumu elə sordum. Sanki genəl (ümumi) olaraq faciəni bilirəm və bilgimi artırmaq üçün ona zəng açmışam. Onun mənə verdiyi baş sağlığı yaşamımda inanmaq istəmədiyim ən ağır və acı bir faciənin elçisi oldu.

Üç qardaş qanad- qanada verib uşmuşdular. Halım döndü, elə ki görər gözlərim görməz oldu o çağ.

Özümə gələndə çarpayının üzərində uzanmışdım. İnana bilmirdim, yenidən telefona dönüb, başqa bir dosta zəng açdım. O, belə söylədi:

“İndi bir qəbirsanlıqdayıq, hamı qan yaş tökür, sanki bütün Azərbaycan ağlayır, yer də, bütün öz kimliklərin tanıyan, göydə buludlar ağlayır…”

Amma nə edə bilərdim, yad ellərdən bir yerə toplanmış dustaqlar arasında özümü itirməməli idim.

Sızdım çarpayıma və qaralmış dünyamı daha qaraltdım, səssiz- səmirsiz göz yaşı tökərək onunla birlikdə yaşadığım anılar və xatirələr gözümdə canlandı. Fars faşizminə qarşı yorulmadan döyüşdüyü səhnələri andıqca o da qəfəsdə ürək döyüntülərim artırdı.

Həyalı davranışları, qorxusuz və sədaqətli çıxışları, dosta təvazülü, düşmənə qabarıq və sərt hayqırışları unudularmı?

Unutmaq olarmı, əsarətdən yeni çıxdığı günlərində milli törənlərdə millətçilərə örnək ola bilən çıxışların? Milli çalışqanlar arasında qardaşlıq və birlik yaratmaq üçün bütün basqılara rəğmən, bölgələrə və şəhərlərə etdiyi yolculuqları?

O, azad olan çağdan həm yazdı, həm danışdı və həm də praktik sahələrdə yorulmadan çalışdı.

Bozqalasında, Səttarxan törənində, Məşrutə il dönümündə. Həmən Məşrutə il dönümündə bütün basqılar və toqquşmalarla belə Azərbaycan gəlini Günəş xanımla birlikdə Bağırxan qəbrinin üstündə hazır olub (zirayət edib) gül- çiçəklə bəzədilər.

Heç unutmaq olarmı toyunda etdiyi çıxışları? Neçə gün Ettelatın İdarəsinə aparılıb təhdidlərdən sonra geri oturmadı, əksinə yüzlərlə millətçini o gözəl və türkcə yazılan çağırış kartlarıyla dəvət etdi və ən ağır şəraitdə çıxıb, mikrofonu alıb, unudulmaz bir çıxış etdi. O cəsur və dadlı sözlərinə belə bir duz da qatdı:

“El sağlığına ağrı içib keflənəcəm mən. Dərd qurşağımı xalllayacaqlar, kefim olsun.” Və beləliklə düşmənin ümidin bir yollluq kəsdi.

Onun düşüncələrinin və milli hərəkata bir öncül kimi gətirimlərindən isə istəsək yazaq, cildlərlə kitab yazmaq olar. Ancaq onu qısaca belə demək olar: “O, qələminin arxasında gizlənib, başın qoruyub, başqalarını çırpmadı və meydani hərəkətlərinə güvənib, sədaqətli, cəsarətli və el yolunda yazan qələmləri küçümsəmədi.”

O, heç bir zaman Azərbaycan millətinin azadlığı uğrunda verdiyi həzinələri (bədəllər) özünə imtiyaz sanmadı.

Faciədən neçə gün keçmişdi, Yəzd dustağından Yurda sarı gətirilirdim. Yol uzunu bu düşüncə ürəyimi göynədirdi: “Axı nədən- nədən neçə gün də dözmədi, getdi?”

Nədən neçə il əsarətdən sonra başqa yoldaşlarla birlikdə onu bağrıma basmaq sevincindən məni məhrum etdi?

İndi isti üzün yox, soyuq torpağından öpməli oldum.

Bu acını çəkmək, bu yaraya dözmək olarmı? Bir nəfər yox, min nəfər yox, bir millət bu acını paylaşmalıdı.

Ərdəbilə çatdıqdan sonra ilk fürsətdə o qəhrəmanlar diyarı Təbrizə tələsdim və bir çox yoldaşlarla oranın torpağına qovuşub diz çökdüm.

Üç qardaş yan- yana yatmışdılar, üçü də millətimizə dəyərli, amma birisi bam-başqaydı!

O, indi aramızdan fiziki olaraq köçüb, amma ruhu hər zaman bizimlədir.

Qulamrza Amani diridir, diri. Çünki yolu davam edir. Onun son nəfəsindən minlərcə Amani doğulub və onun yarımçıq qalan işlərini başa vuracaqlar!

Qulamrza Amani diridir! Çünki Günəş qara buludları və pəlmələri söküb və şaxır, Araz durmadan axır, Dəniz, o körpə Dəniz atasının ürəyində toxdayan dalğaları yenidən çalxalayır və o balaca ürəyində becərdir. Bu ümidlə ki, bir gün Yurdunun bütün Günəş, Araz və Dənizlərinin ürəyindən çağlayan dağlar birləşib böyük bir sunami oluşduraraq can Azərbaycanı əsarətə çəkənlərin saraylarını kəvirlərə (səhra) sarı yuyacaq.

Ondandır ki, bütün gedənlərimiz göylərdən gülümsəyərək bizi alqışlayacaqlar.

12.10.2009

Facebook Comments