Meymunçiçəyi həmsərhəd ölkədə - Azərbaycanda yoluxma qeydə alınıb?

Xəbər verdiyimiz kimi, Moskvada meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb. Rusiyada ilk dəfə aşkarlanan xəstə virusa ölkə daxilində yoluxub və hazırda Domodedovo xəstəxanasında izolyasiya olunub. Azərbaycanla Rusiyanın həmsərhəd olduğunu nəzərə alsaq, meymunçiçəyinin ölkəmizdə də yayılma ehtimalı göndəmə gəlir. Pravda.az xəbər verir ki, Day.Az bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu göndərib. Bildirilib ki, 2026-cı il ərzində ölkə ərazisində meymunçiçəyi (mpox) virusuna yoluxma faktı qeydə alınmayıb. Hazırda respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır. Qeyd edilib ki, meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Şübhəli halların vaxtında aşkarlanması üçün ölkəmizdə müvafiq laborator diaqnostika imkanları və klinik protokollar mövcuddur. "Eyni zamanda tibb işçiləri üçün məlumatlandırma tədbirləri aparılır, əhali arasında isə profilaktik tövsiyələr paylaşılır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqla bağlı diqqətli olmaq tövsiyə olunur. Ümumilikdə, hazırda Azərbaycan üçün meymunçiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil."

İsrail İrana hücum edəcək?

İsrail bəyan edib ki, İran ilə ABŞ arasında istənilən razılaşma Tehranın ballistik raket proqramından tam imtinanı nəzərdə tutmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata görə, əgər Tehran bu şərtlə razılaşmasa, İsrail müstəqil şəkildə hərəkət etməyə və zərbələrin endirilməsi üçün İsrail Müdafiə Qüvvələrini cəlb etməyə hazırdır. İsraildə təhlükəsizlik dairələrində ABŞ–İran danışıqlarının başlanması fonunda hərbi toqquşma ehtimalının artdığına dair proqnozlar güclənir. Mənbə mümkün ssenarilər sırasında razılaşmanın əldə olunmasını, danışıqlar olmadan birbaşa qarşıdurmanı, eləcə də danışıqların başlanıb sonradan eskalasiyaya keçməsi variantını qeyd edib. Eyni zamanda İsrailin təhlükəsizlik sistemi hesab edir ki, ABŞ prezidenti Donald Tramp yaxın günlər və ya həftələr ərzində yekun qərar verəcək. Trampın İrana doğru böyük hərbi qüvvələrin irəlilədiyi barədə son bəyanatlarına baxmayaraq, İsrailin müdafiə qurumlarında ABŞ ordusunun artıq regionda kifayət qədər ciddi qüvvə cəmləşdirdiyi düşünülür.

Xameneinin müşaviri Azərbaycanı hədələdi

İranın ali dini liderinin müşaviri Əli Şamxani "Əl-Mayadin"ə geniş müsahibəsində Azərbaycanı təhdid edib. Sozcu.az Axar.az-a istinadla xəbər verir ki, ABŞ-ın İrana hücum ehtimalından danışan Şamxani müxbirin İranın Körfəz və ya Azərbaycan da daxil olmaqla, bölgədəki bütün ABŞ bazalarına zərbə endirib-endirməyəcəyi ilə bağlı suala Şamxani belə cavab verib: “Əvvəlki müharibə zamanı İranın qeyd olunan bəzi ərazilərdən təhdid edildiyini göstərən dəqiq məlumatlara malik idik. Artıq səbirli olmaq lazım deyil. Bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəyimizi bildirdik və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandırmaq niyyətindəyik”. Qeyd edək ki, nəinki ABŞ-ın, heç bir ölkənin Azərbaycanda hərbi bazası yoxdur. Bunu Azərbaycanın qonşusu olan İranın yüksək səviyyəli rəsmisi Əli Şamxani də gözəl bilir. Amma nədənsə həmişə başqa bir xarici dövlətin təcavüzü ilə üzləşəndə İran rəsmiləri Azərbaycanı təhdid etməyi özlərinə borc bilirlər.

"Tərtər işi": Ölən leytenantın ailəsinə 50 min veriləcək

“Tərtər işi”ndə işgəncə nəticəsində öldüyü istintaq tərəfindən sübuta yetirilən leytenant Təmkin Nizamioğlunun ailəsi 50 min manat mənəvi təzminat alacaq. Sozcu.az-ın Teleqraf-a istinadən məlumatına görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qətnamə qəbul edib. Lakin Təmkinin atası Nizami Quliyev qərardan apellyasiya şikayəti verib. O, vurulmuş maddi ziyanın əvəzinin ödənilməsinə görə 509,654 manat, mənəvi zərərə görə isə 10 milyon manat Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Nizami Quliyevin apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, leytenant Təmkin Nizamioğlu Tərtərdə N saylı hərbi hissədə xidmət edib, Aprel döyüşlərinin iştirakçısı olub. Təmkinin işgəncəyə məruz qalmasına gəlincə, bu, onun təlimdə olduğu baş verib. Belə ki, zabit təlimdən çağırılacaq Şırxarx qəsəbəsinə gətirilib və burada ona işgəncə edilib. 2017-ci ilin mayın 15-də isə ailəsinə Təmkinin öldüyü, cənazəsinin Ordubada göndərildiyi deyilib. Təmkinin nəşi atasının iştirakı olmadan Ordubadın Darkənd kəndində torpağa tapşırılıb. Dəfn prosesində tabutun açılmasına icazə verilməyib, onun ürək çatışmazlığından vəfat etdiyi qeyd olunub. Ailənin müraciətlərindən sonra isə Təmkin Nizamioğlunun pnevmaniya – kəskin ağciyər çatışmazlığından ölməsi haqda tibbi rəy verilib. 2022-ci ilin mayın 11-də Təmkin Nizamioğlunun meyiti ekshumasiya olunub. Dövlət qurumlarının iştirakı ilə məzar açılan zaman, bədənin müxtəlif nahiyələrində sınıqlar aşkarlanıb. Onun küt alətlə döyüldüyü müəyyənləşdirilib. Cinayət işinin nəticəsi ilə sonradan müəyyən edilib ki, Təmkin Nizamioğlun günahı olmayıb, o, vətənə xəyanət etməyib.

Ürək xəstəsi hərbi xidmətə cəlb edildi – Açıqlama

Lənkəran rayon sakini Azər Nəsirovun ürəyində problem olduğu halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsi tərəfindən çağırışa cəlb edilib. Bu barədə Axar.az-a Azər Nəsirov özü məlumat verib. Nəsirovun sözlərinə görə, tez-tez göz qaralması, huşun itməsi, dərman asılılığı (aritmiyaya görə), fiziki yükənməyə dözümsüzlük kimi sağlamlıq problemləri var: “Mənim ürək xəstəsi olduğum Elmi-Tədqiqat Kardiologiya İnsitutundan 3 dəfə təsdiqlənib və sənədlərə əsasən hərbi xidmətdən möhlət verilir. Bu ürək problemi isə sağalmır, getdikcə pisləşir. Düşünün ki, iti addımlarla belə gəzə bilmirəm. Əyləşdiyim, yatdığım yerdə belə huşum gedir. Yanvar ayında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında yerləşən hərbi həkim komissiyasına getdim. Məlum oldu ki, ürəyimdəki problem daha da artıb. Tibbi nəticələri götürüb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə yaxınlaşdıq. Xidmətin rəisi bizim nəticələrə baxıb, düzgün olmadığını, yenidən dəqiq şəkildə yoxlatdıracağını bildirərək, Elmi-Tədqiqat Kardiologiya İnsitutuna göndəriş məktubu yazdı. Mən yenidən yoxlanışdan keçdim. Müayinədən iki gün sonra yanvar çağırışına cəlb olunmağım üçün bildiriş gəldi. Biz dərhal Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və SHXÇDX barədə İnzibati Məhkəməyə müraciət etdik. Bir neçə gün sonra Reabilitasiya Agentliyindən qeyd edildi ki, onlar mənim müayinəmlə bağlı belə bir qərar verməyib. Sonra isə SHXÇDX-dən zəng gəldi və deyildi ki, biz səhv etmişik. Nəticədə aydın olur ki, xidmətdən agentliyə məlumat vermədən çağırışa cəlb olunmağımla bağlı bildiriş göndərilib”. Məsələ ilə bağlı SHXÇDX-dən bildirildi ki, fərdi məlumatların konfidensiallığına görə qanunla hər hansı vətəndaşın məlumatlarının ictimaiyyətə açıqlanması qadağandır: “Vətəndaş şikayətinin nəticəsini ancaq özü istəsə, ictimailəşdirə bilər. Şikayətçi xidmətin çağrı mərkəzinə müraciət etsin. Şikayətinə baxılıb, qanun çərçivəsində müvafiq cavab göndəriləcək”.

Qızıl yenidən BAHALAŞIR

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. Sozcu.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 4,35% artaraq 4 854,11 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 8,4% artaraq 83,48 ABŞ dolları olub.

Azərbaycandan olan eks-icra başçısının oğlu Rumıniyada 40 villa aldı

Azərbaycan mənşəli biznesmen Umid Abuzərli Rumıniyada 40 villadan ibarət iri daşınmaz əmlak kompleksi alıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə Əməkdar jurnalist Elçin Alıoğlu paylaşıb. O bildirib ki, Rumıniyanın “Profit.ro” portalının 29 yanvarda dərc etdiyi məlumata görə, layihə Azərbaycanın Salyan rayonunun İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimovun oğlu Umid Abuzərli tərəfindən yaradılmış şirkət vasitəsilə həyata keçirilib. Ü.Abuzərlinin yaratdığı "Memaar Capital" şirkəti Rumıniyanın Pipera şəhərində yerləşən və əvvəllər iş adamı Corce Bekalinin ailəsinə məxsus olan 40 villalı yaşayış kompleksini, həmçinin yerli milyonçu Ioan Peykanın qızına məxsus digər daşınmaz əmlak layihəsini satın alıb. Xatıqladaq ki, Tahir Kərimov 2011-ci ildə Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş, 2016-cı ildə isə bu postdan azad olunmuşdu. Tahir Kərimov 2015-ci ildə baş vermiş qalmaqaldan sonra geniş tanınmışdı - sosial şəbəkələrdə yayılan fotolarda o, Salyanda keçirilən bir tədbirdə “Roma imperatoru”na bənzər şəkildə, çiçək çələnglərindən ibarət tağın altından keçirdi və həmin çələngləri yerli məktəblilər tuturdu. O zaman bu hadisə ölkədə böyük səs-küyə səbəb olmuş və Tahir Kərimovin vəzifədən uzaqlaşdırlmasına gətirib çıxarmışdı. T.Kərimov daha əvvəllər əvvəllər Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru, "Caspian Fish" LTD şirkətinin baş direktoru vəzifəsində işləmişdi. Daha sonra Daşkəsən rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş, oradan da Salyana gətirilmişdi.  Onun oğlu Umid Abuzərli sonradan soyadını dəyişərək babasının adını götürüb. Qardaşı Həmzə Kərimov isə 2007–2024-cü illər arasında SOCAR Petroleum SA şirkətinə rəhbərlik edib. Maraqlıdır ki, o bu vəzifəyə təyin olunanda cəmi 23 yaşı olub. "Memaar Capital" Rumıniya bazarında bir neçə ildir fəaliyyət göstərir. Şirkət 2022-ci ildə başqa adla təsis olunub, daha sonra adını dəyişib. Bu gün şirkət üç yaşayış kompleksində 86-dan çox evə sahib olduğunu və daşınmaz əmlak sahəsində uzunillik təcrübəyə malik olduğunu bəyan edir. Yeni layihə Harmony Homes adlandırılıb. Burada hər biri təxminən 134 kvadratmetr sahəsi olan iki mərtəbəli 40 villa yerləşir. Kompleksin ilk mərhələsi “Alexander Residence” adı ilə əvvəlki sahiblər tərəfindən 2021-ci ildə satışa çıxarılmışdı, ikinci mərhələ isə tamamilə Memaar Capital şirkətinin nəzarətinə keçib.

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən 4 nəfəri həbs etdi

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşları məsuliyyətə cəlb olunublar. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb. “Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində ölkə hüdudlarından kənarda hərbi münaqişələrdə iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək hüquqi məsuliyyətə cəlb olunmaları istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Əldə olunmuş məlumatlara əsasən, ötən müddət ərzində Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda xeyli sayda Azərbaycan Respublikası vətəndaşı iştirak edərək həlak olub, itkin düşüb və ya yaralanıb, bəzilərinin isə əsirlikdə saxlanıldıqları təsbit edilib. Aparılmış araşdırmalarla Azərbaycan Respublikasının vətəndaşları - 1991-ci il təvəllüdlü Nəbiyev Real Eldəniz oğlu, 1993-cü il təvəllüdlü Hüseynov Faris Famil oğlu, 1994-cü il təvəllüdlü Məmmədov Ali Elnur oğlu və Mirhəşimli Murov Həsən oğlunun Rusiya və Ukrayna silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etmələri sübuta yetirildiyindən, həmin şəxslər 2026-cı ilin yanvar ayında saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, belə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan Respublikasında cinayət məsuliyyəti yaradır və bundan sonra da xarici dövlətlərin ərazisində müvafiq cinayət əməllərinə yol verən şəxslərin məsuliyyət məsələsi qanunauyğun şəkildə təmin ediləcəkdir”, - məlumatda deyilir.

Qiymət artdı, xidmət yüksəlmədi: şikayətlər çoxalır

Son bir ildə internet provayderləri ilə bağlı şikayətlərin artmasının əsas səbəbi infrastruktur keçidi zamanı yol verilən texniki koordinasiya çatışmazlıqlarıdır. Köhnə ADSL texnologiyasından fiber-optik (GPON) şəbəkəsinə sürətli keçid prosesi bir sıra problemlərlə müşayiət olunub. Bu sözləri Axar.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov internet xidmətlərinin keyfiyyəti ilə bağlı vəziyyəti şərh edərkən deyib. “Montaj işlərinin keyfiyyətsiz aparılması, binaların daxili şəbəkə paylanmasında yaranan nasazlıqlar və provayderlərin vəd etdiyi internet sürətini son istifadəçi nöqtəsinə çatdıra bilməməsi istifadəçilərin narazılığına səbəb olur. Eyni zamanda, rəqəmsal xidmətlərin həcminin artması vətəndaşların internetin sürət və stabillik göstəricilərinə qarşı tələbkarlığını artırıb və bu da ən kiçik kəsintilərin belə rəsmi şikayətə çevrilməsinə yol açıb”, - o bildirib. Elvin Abbasovun fikrincə, qiymət artımı fonunda xidmət keyfiyyətinin eyni qalması və ya pisləşməsi bazar rəqabətinin və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir: “Tarif artımı infrastrukturun modernləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi ilə əsaslandırılmadığı hallarda bu, tənzimləmə mexanizmlərinin kifayət qədər təsirli olmadığını göstərir. Yüksək şikayət indeksi və uzun cavablandırma müddəti olan provayderlərə qarşı daha sərt nəzarət mexanizmləri tətbiq edilməlidir. Problemli provayderlərin fəaliyyət göstəricilərinin ictimaiyyət üçün şəffaf şəkildə açıqlanması, habelə əsas fəaliyyət göstəricilərini ardıcıl pozan şirkətlərə qarşı inzibati tədbirlərin görülməsi xidmət keyfiyyətinin yüksəldilməsinə təsir göstərə bilər”. Qeyd edək ki, son dövrlərdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin “E-Şikayət” platformasına internet provayderlərindən daxil olan şikayətlərin sayında artım müşahidə olunur.

Bu rayonlara yağış yağır, güclü külək əsir

Fevralın 3-ü saat 10:00-a olan məlumata əsasən, Azərbaycanın bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir. Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır.

Bir ay əvvəl vəzifəyə təyin olunmuşdu, işdən çıxarıldı

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) 1 ay əvvəl vəzifəyə təyin edilən Kamran Əliyev işdən çıxarılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, o, icra hakimiyyətində həyata keçirilən struktur dəyişikliyi nəticəsində vəzifəsini itirib. Belə ki, RİH-də Rayon təsərrüfatı şöbəsi ləğv edildiyindən həmin şöbənin baş məsləhətçisi (mühəndis) Kamran Əliyev vəzifəsindən azad olunub. O, Lökbatan qəsəbə nümayəndəliyinə məsləhətçi-mühəndis vəzifəsinə təyinat alıb. Qeyd edək ki, K.Əliyev ötən ilin dekabrında sabiq icra başçısı Süleyman Mikayılovun əmri ilə Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçi-mühəndis vəzifəsinə təyin olunmuşdu. O, həmçinin şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsini icra edirdi. K.Əliyev ötən ilin noyabr ayında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləmişdi. Xatırladaq ki, ötən həftə dövlət başçısının müvafiq sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bir gün sonra isə İcra Hakimiyyətinin Hüquq, İctimai-siyasi və humanitar məsələlər və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələri ləğv edilib. Müvafiq olaraq, həmin şöbələrin müdirləri - Kamran Abdullayev, Munis Bayramov və Şikar Həsənalıyev işlərini itiriblər.

Zorakılıq qurbanları: kişilər, qadınlar, uşaqlar - STATİSTİKA

Cəlilabad rayonunun Üçtəpə kəndində 12 və 14 yaşlı bacı-qardaşın baltalanması faktı ölkə mətbutında müzakirə olunur. Uşqları öz əmisi baltalayıb. Yaralılar Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, 2011-ci il təvəllüdlü Həqiqət Nağıyevanın həyatını qurtarmaq mümkün olmayıb. Digər uşağın vəziyyəti ağırdır. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin həbsdən yeni çıxıdığı iddia edilir. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 49 yaşlı Ə.Nağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektor müdiri Vəfa Ələkbərova Modern.az-a bidirib ki, Cəlilabadda baş vermiş hadisə ilə bağlı komitənin səlahiyyətində olan hallar araşdırılır: “Cəlilabad Rayon Prokurorluğunda cinayət işi üzrə istindaq davam etdirilir. Monitorinq və əlaqələndirmə qrupunun tərkibindəyik. Biz və aidiyyəti təşkilatlar dəstəyimizi davam etdiririk”. Komitədən bildirilib ki, qətli törədən kişi əvvəllər dörd dəfə məhkum olunub: “Cinayət işi olduğu üçün biz müəyyən yerə qədər müdaxilə edə bilirik. Digər məsələlər üçün hüquq-mühafizə orqanları var”. Vəfa Ələkbərova 2025-ci ilin statistiksına əsasən bildirib ki, ötən il ölkə üzrə zorakılığa məruz qalan 83 nəfər kişi (əsasən, psixi zorakılıq faktı), 539 nəfər qadın (əsasən fiziki zorakılıq afktı), 515 uşaq (232 nəfər qız, 277 nəfər oğlan uşağı) qeydə alınıb: “549 nəfər isə məişət zorakılığı törədən kimi qeyd olunub. Onlardan 228 nəfər ər, 108 nəfər keçmiş ərdir. 217 nəfər isə qadın olub. Bu hallar, daha çox Bakı, Sumqayıt, Abşeronda qeydə alınıb. Sözügedən ərazilərdə say çoxluğunun yaranmasına səbəb digər rayonlardan gələn axındır. Hər bir halda profilaktik tədbirlər görülür, zorakılıq edənlərə qanunauyğun şəkildə məsuliyyətə cəlb edilir". Ailə-məişət zəminində baş verən cinayət halları ilə bağlı Modern.az-a danışan sosioloq Mail Yaqubov bildirib ki, sosiologiya elmində “cinayət və onun səbəbləri” bəhsi var. “Ameriaklı sosioloq Robert  Bertonun fikrinə görə, hansısa məqam cəmiyyətə ali dəyər kimi qəbul olunur. Və bu ali dəyərə yiyələnməmiş şəxslər digərlərinin gözündə aşağı səviyyədə hesab olunur. İndiki dəyər, təəssüf ki, puldur. Bu pis tendensiya bütün dünyaya sirayət edib, Azərbaycana da həmçinin. Ötən əsrin 1980-cı illərinə qədər ali dəyər kimi elmə yiyələnmnək hesab olunurdu". Sosioloq qeyd edib ki, maddi dəyərlərin əldə olunması üçün bir çox insan cinayətə də əl atır: “İnsan hansı mənəviyyatsızlığa, Allahsızlığa enməlidir ki, digərini qətlə yetirsin? Bizim cəmiyytimizdə dərin mənəvi-psixoloji boşluq var.  Düşünürəm ki, bu səbəb cəmiyyətimizdə daha çox kök salmışdır. Əsas sual isə budur: bunun qarşısını almaq üçün güclü mexanizm varmı? Xeyr. Bizim mənəvi-psixoloji tələbatlarımızı ödəmək üçün xidmət göstərməli olan din xadimləri bizə nağıl danışırlar. Halbuki islam dininin özündə bu boşluğu aradan qaldırmaq üçün güclü potensial var. Çünki İslam elmini müasir elmlərlə birgə mükəmməl şəkildə bilən din xadimlərimiz yoxdur. Bir-iki nəfərlə isə məsələ həllini tapmır".

Ləliş, Məmiş, Valik, Quşdam, Huduş - Uşaqlara verilən qəribə ADLAR

Azərbaycanda uşaqlara qoyulmasına rəsmi icazə verilən qəribə adlar məlum olub. “Yeni Sabah” əldə etdiyi xəbərə görə, bunlar Ləliş, Məmiş, Bahalı, Quşdam, Quşdan, Şüngül, Mamoş, Huduş, Bicə, Qapaq, İtaət, Pəncə, Məlumat, Mədaxil, Vacib, Diqqət, Jaket, Tədbir, Qayıtmaz, Sovet, Spartak, Marlen, Darvin, Edisson, Ramzes, Ayətulla, Hizbulla, Höccətulla, Xudaşükür, Yaradan, İqamət, Dekabr, Fevral, Aprel, İstanbul, Ural, Uran, İşıqyar, Yüksək, Kabus, Sərxoş, Qəzəbxan, Sıxbala, Zilqəm, Tüğyandır. Bundan başqa, Abakar, Abrik, Abseyn, Araşbaba, Arıx, Avton, Azulla, Badayba, Balyar, Bicay, Birelbəy, Calayır, Cambul, Civə, Cudi, Cürübəy, Çaxmur, Çırban, Çolpan, Çulpan, Darğa, Dilbazan, Elfront, Emçixan, Əzzalı, Əzmiyar, Fadlin, Farmud, Fənərli, Gavi, Gürzalı, Haley, Hasey, Xamutay, Xəlfə, Xəzail, İvin, İmpixan, İvas, Koruş, Qubeyiş, Quşu, Lahuti, Meysər, Mədail, Məcsuf, Məqatil, Məmi, Obrik, Orangiz, Palatimur, Pompul, Poluş, Rabel, Rain, Rəfrəf, Rifkat, Ruşan, Rüzgay, Saman, Sofiyar, Şalipo, Şalbuz, Şuran, Şülən, Şürüyə, Talaybəy, Tamazan, Tarqut, Təmleyxa, Ubeyd, Ulan, Uzunağa, Valik, Varman, Vəriqa, Yadış, Yatamze, Yekxan, Yoloğlu, Zaland, Zeyqan, Ziloy, Zirəng, Zürab adlarının da uşaqlara verilməsində heç bir məhdudiyyət yoxdur. Siyahıda həmçinin Aleftina, Ammamə, Aynuş, Aşabel, Aşurey, Avesta, Bəhli, Brofiya, Cilvənaz, Cismina, Çervon, Çəriyyad, Defina, Dəspinə, Doniya, Edvina, Efsirə, Enfira, Enera, Estella, Faina, Fanila, Felmira, Filada, Genrida, Gilanaz, Gilasbəyim, İmkanə, İtera, Kaminat, Katana, Lamara, Lauzat, Leonara, Lildar, Lumu, Mayşən, Mixayda, Minəş, Mobilə, Nevristan, Neyjen, Nuğayə, Oltema, Ostan, Ovesta, Pinara, Ramella, Rema, Romella, Sanal, Sifeda, Sifera, Sinətel, Surahil, Süzalə adları da yer alıb. Ədliyyə Nazirliyindən “Yeni Sabah”a bildirilib ki, Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, cinsinə uygun gəlməyən və ya gülünc adların qoyulmasına yol verilmir. “Adlarla bağlı hər hansı sual yarandıqda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlanıla bilər. Həmçinin sonuncu qurumla vətəndaş özü də əlaqə saxlayıb müvafiq adla bağlı məlumat əldə edə bilər”, - nazirlikdən qeyd olunub. 

İki gün güclü külək əsəcək

Fevralın 3-4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Quba, Qusar, Şabran, Xaçmaz, Siyəzən, Mingəçevir, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Gəncə, Naftalan, Goranboy, Kəlbəcər, Qobustan, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Azərbaycanda xərçəngə yoluxan uşaqların sayı 2 dəfə artdı

Son 4 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib. Deputat qeyd edib ki, 2024-cü ildə 73 875 beş nəfər olub. 24 il ərzində yoluxanların sayı təxminən 3,5 dəfə artıb. "Ən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır. 0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7,1 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10, 6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricilərdir. Və əlbəttə ki, bir Mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaqdır". Deputatın fikrincə, dəyişiklik bu sahədə tibbi resursların artmasına səbəb olacaq. “Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin, həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir” - o sonda bildirib.

Dondurulmuş mal əti Azərbaycana hansı ölkələrdən gətirilir? – Qiymətlər

Ötən ilin ilk 11 ayında Ukraynadan Azərbaycana 5 min 786 ton dondurulmuş iribuynuzlu heyvan əti (mal əti) idxal edilib. Sozcu.az xəbər verir ki, idxal olunan mal ətinin 59,55 tonu bütöv cəmdəklər, 1 827,7 tonu sümüklü və parçalara ayrılmış, 3 898,9 tonu isə sümükdən ayrılmış formada olub. Qeyd edək ki, Ukraynadan gətirilən bütöv cəmdəklərin bir kiloqramının orta gömrük dəyəri 3,5 dollar (6 manat), sümüklü və parçalara ayrılmış ətin bir kiloqramının orta gömrük dəyəri 3,8 dollar (6,4 manat), sümükdən ayrılmış ətin bir kiloqramının orta gömrük dəyəri isə 5 dollar (8,5 manat) təşkil edib. Onu da bildirək ki, ötən ilin ilk 11 ayında dondurulmuş mal əti ən çox Ukraynadan gətirilib. Ukraynadan sonra mal əti ən çox Braziliyadan (2 956 ton) və Hindistandan (1 128,5 ton) idxal olunub. Braziliyadan gətirilən dondurulmuş ətin bir kiloqramının orta gömrük dəyəri 3,2 dollar (5,5 manat), Hindistandan gətirilən ətin bir kiloqramının orta gömrük dəyəri isə 3,4 dollar (5,7 manat) olub.yeniavaz)

Qumar oyunlarını təşkil və təşviq edən 429 internet resursu bloklanıb

"Ötən il ərzində vətəndaşlardan, hüquqi şəxslərdən və dövlət qurumlarından daxil olan müraciətlər, eləcə də tərəfimizdən aparılan monitorinqlər əsasında qanunla qadağan edilən informasiyanın yerləşdirildiyi 429 internet resursuna məhkəmə qətnaməsi əsasında Azərbaycan Respublikası ərazisində giriş məhdudlaşdırılıb". Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Bildirilib ki, girişin məhdudlaşdırıldığı internet informasiya ehtiyatlarının 428-i qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yayılması, biri isə əqli mülkiyyət hüquqlarını pozan məlumatların yerləşdirilməsi ilə bağlı olub. ETX vətəndaşları və hüquqi şəxsləri internet mühitində qanunvericiliyin tələblərinə əməl etməyə, eləcə də aşkarladıqları qanun pozuntuları ilə bağlı "1654" qaynar xətti, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ETX-yə müraciət etməyə çağırır.

Bu ay neçə gün evdəyik?

Bu ilin fevral ayı 28 təqvim günündən ibarət olacaq və bu ay üçün xüsusi bayram qeyri-iş günü müəyyən edilməyib. Sozcu.az xəbər verir ki, fevralda yalnız həftəsonları ( şənbə və bazar günləri ) qeyri-iş günləri sayılır. Qeyd edək ki, İslam təqviminə görə bu il Ramazan ayı Azərbaycanda 18 fevral 2026-cı il tarixində başlayacaq və 19 martda başa çatacaq.

Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq - Müdafiə Nazirliyi narahat olmamağa çağırır

Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, məhvetmə prosesi fevralın 2-6-da təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində  həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - nazirlikdən bildirilib.

12 yaşlı uşaq dəm qazından boğularaq öldü

Gədəbəydə 12 yaşlı uşaq dəm qazından boğularaq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Arıxdam kəndində qeydə alınıb. Belə ki, kənd sakini 12 yaşlı S.Bayramov yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

İran etirazlarında öldürülənlərin sayı yeniləndi

İranda keçirilən etiraz aksiyalarında öldürülən 6842 nəfərin kimliyi müəyyənləşdirilib, qətlə yetirilən 11280 nəfərin kimliyinin isə dəqiqləşdirilməsinə çalışılır. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Öldürülənlərdən 214-ü hökumət məmuru, 146-sı azyaşlı, 57-si etiraz aksiyalarında iştirak etməyən mülki şəxsdir.

43 yaşlı qadın fəciəvi şəkildə öldü

Abşeronda 43 yaşlı qadın dəm qazından boğularaq həyatını itirib. Sozcu.az xəbər verir ki, hadisə ötən gün saat 19-20 radələrində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü E.Seyidova Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H. Məmmədov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Zərbə qüvvələri İran yaxınlığında: Tramp qərar verməlidir

ABŞ Yaxın Şərqdə güclü hərbi qüvvə toplayıb. İndi ABŞ Prezidenti Donald Tramp bundan İrana qarşı necə istifadə edəcəyinə qərar verməlidir. Sozcu.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnalı" yazıb. Nəşr qeyd edir ki, rəsmilərin sözlərinə görə, Tramp köməkçilərindən uzunmüddətli müharibənin qarşısını alacaq hərbi əməliyyat üçün variantlar təqdim etmələrini istəyib. Xüsusilə, onlar İranın nüvə proqramına zərbələr endirməyi, ballistik raket arsenalının məhv edilməsini, hökuməti devirməyə yönəlmiş zərbələri və ya bu variantların birləşməsi variantlarını nəzərdən keçirirlər. Bundan əlavə, Tramp və komandası İrandan diplomatik güzəştlər əldə etmək üçün yalnız hərbi güc təhdidindən istifadə etməyi düşünür.

Kubalılar pis vəziyyətdədirlər, pulları yoxdur... - Tramp

ABŞ-ın Kuba ilə bağlı razılaşma əldə edəcəyinə inanıram. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. "Bu, humanitar böhran olmamalıdır. Düşünürəm ki, onlar yəqin bizə gəlib razılaşmaq istəyərlər. Kubada çox pis vəziyyətdədirlər. Onların pulu yoxdur, nefti yoxdur. Venesuela pulu və nefti ilə yaşayırdılar. İndi bunların heç biri gəlmir”, - o bildirib.