BƏƏ-nin OPEK-dən çıxması Trampın qələbəsidir

BƏƏ-nin OPEK-dən çıxması Tramp üçün qələbədir və o, təşkilatı neft qiymətlərini şişirdərək dünyanın qalan hissəsini soymaqda günahlandırdı. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” yazıb. “Bu addım xaosa səbəb ola və daxili fikir ayrılıqlarına baxmayaraq, adətən özünü vahid cəbhə təqdim etməyə çalışan OPEK-i zəiflədə bilər. Bu, həmçinin OPEK-in faktiki lideri Səudiyyə Ərəbistanına ciddi zərbə vurur”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən OPEK və OPEK+ təşkilatlarını tərk edəcək.

Bilmirəm nə edək, çox çətin vəziyyətdəyik - Prezident

Ağ Evdən, Tehrandan və ya regiondan verilən hər hansı bir mesaj yalnız neftin qiymətini artırır. Ən yaxşısı budur ki, heç kim heç nə deməsin, ən azından neftin qiyməti artmasın.Və beləliklə, hər dəfə neftin qiymətini sabitləşdirməyə çalışanda qiymət qalxır. Sozcu.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. “İndi sizə deyirəm ki, artıq nə edəcəyimi bilmirəm, biz artıq aksiz vergisinin 25 faizindən imtina etmişik. Regiondakı səkkiz ölkədən altısında yanacağın qiyməti bizdəkindən bahadır. Mən bilmirəm daha nə edək - ümumiyyətlə dövlətin bütün gəlirlərindən imtina edək? Biz çox mürəkkəb vəziyyətdəyik", - deyə o bildirib.

Onların ölkədən çıxışı məhdudlaşdırılacaq

Gömrük borcunu ödəmədən ölkədən çıxış məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Dəyişikliyə əsasən, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmək öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcək.

Azərbaycanda bu məktəblər bağlanır? - Agentlik direktoru DANIŞDI

Azərbaycanda xüsusi təhsil müəssisələrinin bağlanacağı ilə bağlı iddialara aydınlıq gətirilib.   Sozcu.az-ın xəbərinə görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov aprelin 28-də keçirdiyi brifinqdə deyib ki, həmin təhsil müəssisələrinin bağlanması gündəmdə deyil: “Xüsusilə məktəblərlə bağlı bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan təhsil xidmətlərinin ləğv edilməsi ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir. Bu qrupdan olan uşaqlar üçün nəzərdə tutulmuş xüsusi təhsil müəssisələri fəaliyyətini davam etdirir və onlara lazımi xidmətlər göstərilir”.

Ermənistan Cilizə kəndini qaytarır?

Ermənistanın şimalında, Gürcüstan sərhədinə yaxın yerləşən və Alaverdi icmasına daxil olan Cilizə kəndinin demarkasiya prosesi çərçivəsində təhvil verilə biləcəyini iddia ediblər. Sozcu.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan sərhəd demarkasiyası çərçivəsində Cilizə kəndinin Gürcüstana veriləcəyi barədə yayılan məlumatları təkzib edib. “Yayılan məlumatlar dezinformasiyadır. Ölkənin suveren ərazisinin hər hansı hissəsinin təhvil verilməsi ilə bağlı heç bir bəyanat və ya razılaşma mövcud deyil”, – deyə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Qeyd edək ki, Ermənistan və Gürcüstan 1992-ci ildən dövlət sərhədinin demarkasiyası məsələsini müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyalar fəaliyyət göstərir, lakin proses uzun müddətdir ki, passiv mərhələdədir. Gürcüstan tərəfi Cilizə kəndini Aşağı Kartli vilayətinin ərazisi hesab edir. 

Attestatlar elektron formada veriləcək

Bu tədris ilindən etibarən attestatlar elektron formada təqdim olunacaq. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt onlayn əldə edə biləcəklər: "Bu, 300 minə yaxın şagirdi əhatə edəcək".

Sabahın hava proqnozu: 20 dərəcə isti

Aprelin 29-da gözlənilən hava şəraitinin proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.

Lökbatan və Səngəçalda yeni körpülər tikiləcək - qərar

Bakı şəhərinin Qaradağ rayonunda bir sıra mühüm infrastruktur layihələrinin icrası nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 aprel tarixli sərəncamına əlavədə öz əksini tapıb. Sənədə əsasən, Lökbatan-Güzdək yolunun 2,2-ci kilometrliyində yerləşən düzbucaqlı suötürücü borunun bərpası, həmçinin həmin ərazidə biraşırımlı yeni körpünün layihələndirilərək tikilməsi planlaşdırılır. Bununla yanaşı, Səngəçal-Çeyildağ yolunun 13-cü kilometrliyində dağılmış körpünün əvəzinə yeni körpünün layihələndirilməsi və inşası da nəzərdə tutulan tədbirlər sırasına daxildir. Qeyd edək ki, əlavədə yer alan tədbirlər güclü yağıntılar nəticəsində zərər görmüş yol-nəqliyyat infrastrukturunun bərpası və bölgələrdə nəqliyyatın təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Onların kirayə haqqını dövlət ödəyəcək - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb. Sozcu.az xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmirbərpası və yararsız hala düşmüş məişət əşyalarına görə qiymətləndirmə xərcləri daxil olmaqla maddi yardım veriləcək. Həmçinin həmin yaşayış evlərinin sakinlərinin bank xərcləri daxil olmaqla 3 aylıq kirayəhaqları ödəniləcək.

5 mindən çox şagird intizam tədbirinə cəlb olunub

"Şagirdlərə verilən virtual yaşıl kartların çoxluğu məktəblərdə müsbət davranışların üstün hal aldığını göstərir". Sozcu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə çıxışı zamanı qeyd edib. "Ölkə üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələri özünün “Ümumi təhsil müəssisələrində təhsilalanların intizam Qaydaları” sənədini hazırlayıb. Qaydalara əsasən, şagirdlərə verilən yaşıl, sarı və qırmızın kartların statistik müqayisəsi aparılıb.   Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində pozitiv dəyişikliklərin baş verdiyini təsdiqləyir. Belə ki, cari ilin yanvar və fevral aylarında təqdim olunan hesabatlara əsasən ölkə üzrə ümumtəhsil məktəblərində verilən sarı kartların sayı 29 161, qırmızı kartların sayı 5831, yaşıl kartların sayı isə 46 383 olub", - deyə Agentlik rəsmisi vurğulayıb.

Eşqi Bağırov şagirdlərin çantalarının yoxlanılmasından DANIŞDI

Ölkədə fəaliyyət göstərən təxminən 4 min ümumtəhsil müəssisəsində orta hesabla 600 şagirdin təhsil aldığını nəzərə alsaq, müəllimlər və valideynlər də daxil olmaqla hər bir məktəbdə gündəlik olaraq 1000-dən çox insanın qarşılıqlı ünsiyyətdə olduğunu görərik. Bu miqyas təhsil mühitini zəngin sosial platformaya çevirir, eyni zamanda müəyyən hallarda fikir ayrılıqları və münaqişələrin yaranmasını da qaçılmaz edir. Sozcu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə qeyd edib. Bununla belə, 1,5 milyondan artıq şagird kontingenti fonunda münaqişələrdə iştirak edənlərin sayı olduqca kiçik bir hissəni təşkil edir. Cəmiyyətdə daha çox məhz baş vermiş hadisələr görünür və müzakirə olunur. Halbuki hər gün məktəblərdə müəllimlərin, psixoloqların və valideynlərin peşəkar və operativ müdaxiləsi nəticəsində çoxsaylı potensial münaqişələr böyümədən, konstruktiv şəkildə həllini tapır. O bildirib ki, bu baxımdan təhsil işçilərinin əməyini xüsusi qeyd etmək və onların fəaliyyətinə ictimai dəstəyi gücləndirmək vacibdir. Eyni zamanda vurğulanıb ki, baş vermiş münaqişələrin təkrarlanmaması üçün profilaktik tədbirlərin genişləndirilməsi, psixoloji xidmətlərin gücləndirilməsi və məktəb-valideyn əməkdaşlığının daha da inkişaf etdirilməsi əsas prioritetlərdən biri olaraq qalır. Eşqi Bağırov əlavə edib ki, mütəmadi olaraq DİN və aidiyyəti digər qurumlarla birgə məktəblərdə reydlər təşkil edilir. Şagird intizam qaydalarına əsasən məktəbə gətirilməsi qadağan edilmiş əşyaların məktəbli çantasında aşkar olunması halları ciddi nəzarətə götürülür.

“İdrak” Liseyində güllələnən müəllim işdən çıxdı

“İdrak” Liseyində bir müddət əvvəl baş vermiş silahlı insidentlə bağlı yeni məlumat yayılıb. Sozcu.az xəbər verir ki, Modern.az-a verilən məlumata görə, hadisə zamanı xəsarət alan müəllim Şəhla Kamilova işdən ayrılıb. Bununla yanaşı, insidenti törədən 10-cu sinif şagirdi Əli Şirinovun ailəsi ilə “İdrak” Liseyinin rəhbəri Mönsüm Alışovun oğlu İdris Alışov və liseyin direktoru Natəvan Alışova arasında ailəvi dostluq münasibətlərinin olduğu bildirilir. İddialara görə, istintaq yekunlaşdıqdan sonra şagirdin təhsilini davam etdirməsi üçün ailəsi tərəfindən Londona göndərilməsi planlaşdırılır. Qeyd edək ki, bu yaxınlarda yayılmış digər məlumatda müəllimin hadisəni törədən şagirdi bağışladığı bildirilib. Barışığı təsdiq edən rəsmi sənəd istintaq orqanına təqdim edilib. Bu səbəbədən də şagirdin azadlığa buraxılacağı gözlənilir. Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. “İdrak” Liseyinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllim Şəhla Kamilovaya atəş açıb. Güllə yarası almış müəllim ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər müəllimin boyun nahiyəsindən 16 qırma çıxarıblar. Hadisəni törədən şagird saxlanılıb, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ

Özlərinin və başqalarının həyatına real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirilib. Bu barədə Sozcu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər. Yol polisinin paytaxt ərazisində keçirdiyi profilaktik tədbir zamanı yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyadalar müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb. “Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur”, - deyə məlumatda qeyd edilib.

Bakıda kimlər risk qrupundadır?

Son günlər Bakıda küləkli hava şəraiti müşahidə olunur. Temperaturun enməsi ilə müşayiət edilən güclü külək paytaxt sakinlərinin gündəlik həyatına təsirsiz ötüşmür. Xüsusilə səhər və axşam saatlarında dəyişkən hava şəraiti müşahidə olunur. “Küləklər şəhəri”ndə bu cür hava adi qarşılansa da, mütəxəssislər bildirirlər ki, güclü külək və temperatur dəyişkənliyi bəzi insanlarda narahatlıqlara səbəb ola bilər. Bəs küləkli hava insan orqanizminə necə təsir edir və belə günlərdə kimlər daha diqqətli olmalıdır? Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Yeni Sabah-a danışan həkim-allerqoloq Şahvələd Məmmədov güclü küləyin meteohəssas insanların səhhətində problemləri artıra biləcəyini bildirib. “Hazırda yaz fəslini yaşasaq da, hava şəraitinin bəzən iqlim normalarına uyğun olmadığını həm Bakıda, həm də bölgələrdə müşahidə edirik. Küləkli havanın insan orqanizminə təsirinə gəlincə, bu cür hava şəraiti xüsusilə meteohəssas insanlar üçün müəyyən narahatlıq yarada bilər. Arterial hipertenziyadan, ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər, eləcə də allergiyası olan insanlar belə havalarda daha diqqətli olmalıdırlar. Çünki güclü külək bitki tozcuqlarının və toz hissəciklərinin havada daha geniş yayılmasına səbəb olur. Bu isə allergiyası olan şəxslərdə xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər”. Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qeyd edib ki, küləkli havada qorunmamaq yuxarı tənəffüs yollarını həssaslaşdırır və infeksiyalara yoluxma riskini artırır: “Son günlər müşahidə olunan küləkli hava temperaturun enməsi ilə müşayiət olunur. Belə havalarda gündüz saatlarında nisbi istilik olsa da, geyim formasını düzgün seçməyən insanlar soyuqlaya bilirlər. Son vaxtlar burun axması, soyuqdəymə və öskürək kimi halların artması da bununla əlaqələndirilə bilər. Bu səbəbdən insanlar daha diqqətli olmalıdırlar. Bəzən insanlar müəyyən səbəblərdən küləkli havada uzun müddət açıq havada qalmalı olurlar. Bu isə onların səhhətinə mənfi təsir göstərə bilər. Ona görə də hər gün hava proqnozuna diqqət etmək, havaya uyğun geyinmək və ehtiyac olduqda əlavə üst geyimi götürmək məqsədəuyğundur. İlk növbədə geyim forması mövcud hava şəraitinə və situasiyaya uyğun seçilməlidir. Bu, çox vacib məsələdir. Çox vaxt başı açıq halda soyuq və küləkli havada qalmaq yuxarı tənəffüs yollarında müxtəlif virus və infeksiyaların fəallaşmasına səbəb olur. Nəticədə insan qripə və digər respirator infeksiyalara daha asan yoluxa bilir. Soyuq hava immun sistemini zəiflədə bilər və bu zaman soyuqdəymə halları daha tez-tez baş qaldırır”.

“Şahdağ” hoteli görün kimin imiş

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə ona məxsus olduğu deyilən Quba şəhəri Lütfizadə küçəsində yerləşən "Şahdağ" oteldə Quba Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti-quraşdırma işlərinin aşkarlanması barədə iddialara münasibət bildirib. Sozcu.az xəbər verir ki, deputat Pravda.az-a açıqlamasında yayılan məlumatları təkzib edib. Ə.Məhərrəmzadə deyib ki, sözügedən otel ona məxsus deyil: ""Şahdağ" hoteli qardaşıma məxsusdur. Orada qanunsuz tikinti yoxdur..."

İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir?

Azərbaycanda işləyənlərin sayında azalma qeydə alınıb. Belə ki, martın 1-nə olan məlumata görə, əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 784 min nəfərə düşüb. Bu isə ilin əvvəlindən 24 min nəfər azalma deməkdir. Buna səbəb nədir? Sozcu.az bildirir ki, Globalinfo.az-a danışan Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib ki, iş yerlərinin azalması bir neçə amillə bağlıdır: “İlk növbədə, bəzi sahələr mövsümi xarakter daşıyır. Məsələn, aqrar və turizm sektorlarında fəaliyyət ilin əvvəlində, xüsusilə birinci rübdə azalır, yay aylarına doğru isə bu sahələrdə aktivlik artır. Digər mühüm səbəb əmək bazarında baş verən dəyişikliklərlə bağlıdır. Son dövrlərdə əmək bazarında azalma tendensiyası müşahidə olunur və qlobal iqtisadi proseslər bu sahəyə birbaşa təsir göstərir. Bu tendensiya Azərbaycanda da özünü göstərir və bəzi hallarda ixtisarlar işçi sayının ciddi şəkildə azalmasına səbəb olur. Dövlət sektorunda aparılan struktur dəyişiklikləri də bu prosesə təsir edir. İdarəetmənin optimallaşdırılması çərçivəsində bir sıra qurumlarda, o cümlədən rayon icra hakimiyyətlərində ştat ixtisarları həyata keçirilir. Bu addımlar, əsasən, dövlət büdcəsi xərclərinin azaldılması və funksional yükü olmayan ştat vahidlərinin ləğvi məqsədi daşıyır. Ümumilikdə, bu ixtisarlar 3000-5000 işçini əhatə edəcək”. Ekspert bildirib ki, bəzi iri şirkətlər də maliyyə risklərini azaltmaq üçün ixtisarlara üstünlük verirlər: “Bu istiqamətdə müxtəlif qurumlarda, o cümlədən iri dövlət və özəl şirkətlərdə işçi sayının azaldılması halları müşahidə olunur. İşçi sayının azalmasına təsir edən digər mühüm amil əmək miqrasiyasıdır. Aşağı əməkhaqqı səbəbindən bir çox gənc ölkəni tərk edərək xaricdə işləməyə üstünlük verir. Son dövrlərdə azərbaycanlı mütəxəssislərin, xüsusilə həkimlərin Almaniya kimi ölkələrə üz tutması, eləcə də digər peşə sahiblərinin müxtəlif ölkələrdə fəaliyyət göstərməsi bu tendensiyanı gücləndirir. Qeyri-rəsmi məşğulluq da statistik azalmanı şərtləndirən amillərdəndir. Bəzi şəxslər yüksək vergi və sosial ödənişlər səbəbindən rəsmi fəaliyyətlərini dayandıraraq qeyri-rəsmi işləməyə üstünlük verirlər. Bu zaman fərdi sahibkarlıq fəaliyyəti bağlanır və nəticədə rəsmi statistikada işçi sayının azalması kimi qeydə alınır. Beləliklə, mövsümilik, struktur islahatları, ixtisarlar, əmək miqrasiyası və qeyri-rəsmi məşğulluq işləyənlərin azalmasına təsir göstərir”.

ABŞ Ukraynanın köməyinə ehtiyac duyur

ABŞ Səudiyyə Ərəbistanında yerləşən "Şahzadə Sultan Hava Bazası"nda Ukrayna istehsalı olan anti-dron müdafiə sistemini yerləşdirib. Sozcu.az xəbər verir ki, “Reuters”in beş məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, söhbət Ukraynanın “Sky Map” platformasından gedir. Məlumata əsasən, Ukrayna hərbi mütəxəssisləri bazaya gələrək ABŞ hərbçilərinə bu sistem üzrə təlimlər keçirlər. Bildirilir ki, “Sky Map” sistemi Ukrayna ordusu tərəfindən geniş istifadə olunur və xüsusilə İran istehsalı “Şahid” tipli pilotsuz uçuş aparatlarının aşkarlanması, zərərsizləşdirilməsində effektiv sayılır. Sistem həmçinin tutucu dronlar vasitəsilə əks-hücum imkanları yaradır. Məlumata görə, İrandan təxminən 400 mil məsafədə yerləşən hava bazası müharibə başlayandan bəri bir sıra hücumlara məruz qalıb. Bu hücumlar nəticəsində erkən xəbərdarlıq təyyarəsi məhv edilib, bir neçə yanacaqdaşıyan təyyarə zədələnib və bəzi radar obyektlərinə zərər dəyib. Hazırda bazanın müdafiəsində ABŞ-ın müxtəlif sistemlərindən, o cümlədən tutucu dronlardan istifadə olunur. Ekspertlər hesab edir ki, Ukrayna texnologiyalarının ABŞ bazasında tətbiqi Vaşinqtonun hava və raketdən müdafiə sistemlərində müəyyən boşluqların mövcudluğunu göstərir. Hudson İnstitutunun eksperti Timoti Uolton bildirib ki, ABŞ müdafiə sistemlərindəki boşluqlar uzun müddətdir məlumdur, lakin tam şəkildə aradan qaldırılmayıb. Qeyd edək ki, Ağ Ev və Pentaqon məsələ ilə bağlı şərh verməkdən imtina edib. Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp pilotsuz uçuş aparatlarına qarşı mübarizədə Ukraynanın yardımına ehtiyac olmadığını bildirmişdi.

Sabah külək güclənəcək - XƏBƏRDARLIQ

Aprelin 23-də bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan, Mingəçevir, Göyçay, Hacıqabul, Neftçala, Salyan, Sabirabad, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın,Cəbrayıl, Füzuli, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

30 il əvvəl taksi sürücüsünü boğaraq meyitini boruda gizlədən iki nəfər həbs edilib - BİRGƏ MƏLUMAT

30 il əvvəl törədilmiş qətlin üstü açılıb, iki nəfər həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. Məlumata görə, Bayramov Gülməmməd Xanəhməd oğlunun 10 aprel 1996-cı il tarixdə yaşadığı evdən çıxaraq geri qayıtmaması faktı üzrə 12 iyun 1997-ci il tarixdə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsində davam etdirilib: "Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilov Şahin Mahmud oğlu və Qafarov Hidayət Şirzad oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq basqını edərək tamah niyyəti və başqa cinayəti gizlətmək məqsədi ilə Gülməmməd Bayramovu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Araşdırmalarla müəyyən olunub ki, Ş.Cəlilov və H.Qafarov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, 10 aprel 1996-cı il tarixdə Bakı şəhəri “Neftçilər” metrostansiyası yaxınlığında asudə vaxtlarında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramova müştəri kimi yaxınlaşıblar. Onlar Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gedərkən avtomobildə zərərçəkmişi iplə boğaraq tamah məqsədi ilə qəsdən öldürüblər. Daha sonra onlar cinayətin izlərini gizlətmək məqsədilə meyiti Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədiblər və zərərçəkmişə məxsus avtomobili isə hissələrə ayıraraq sataraq əldə etdikləri vəsaiti aralarında bölüşdürüblər. Şübhəli şəxslərin ifadələri yerində yoxlanılarkən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış axtarış tədbirləri nəticəsində hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub". Qeyd olunub ki, aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycan Respublikasının 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib, istintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. "Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər davam etdirilir", birgə məlumatda deyilir.

Anar Bayramov onları da işdən çıxardı

Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifələrindən uzaqlaşdırılıblar. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, bu barədə TƏBİB-in icraçı direktoru Anar Bayramov müvafiq əmrlər imzalayıb. Qeyd edək ki, indiyədək TƏBİB-in 10-dan çox vəzifəli şəxsi işdən azad edilib.

Azərbaycanda internet bahalaşdı - YENİ QİYMƏT

Bəzi mobil operatorlar internet paketlərinin qiymətlərinə artım tətbiq edib. Məsələn, 11 manatlıq paketlərin 13 manata yüksəldiyi bildirilir. Eyni zamanda, sabit internet tariflərinin də bahalaşacağı ilə bağlı iddialar yayılıb. Qiymət artımının səbəbi nədir? Sozcu.az bildirir ki, globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşov bu məsələnin bir neçə amil ilə əlaqələndirib: “Əvvəla, internetə olan tələbat əvvəlki illərlə müqayisədə xeyli artıb. İnsanlar artıq daha çox video izləyir, onlayn oyunlar oynayır, bulud xidmətlərindən istifadə edir. Bu isə operatorların şəbəkəsinə daha çox yük deməkdir. Şəbəkənin bu yükü problemsiz daşıması üçün isə daim yenilənmə və genişlənmə lazımdır. Digər tərəfdən, texniki xərclər də artıb. Operatorların istifadə etdiyi avadanlıqlar əsasən xaricdən gətirilir və valyuta dəyişiklikləri, logistika xərcləri bu sahəyə birbaşa təsir edir. Üstəlik, enerji xərcləri də əvvəlki kimi deyil və bu da ümumi maya dəyərini artırır. Eyni zamanda nəzərə almaq lazımdır ki, yeni texnologiyalara keçid dövründəyik”. E.Nuruşovun fikrincə, 4G və xüsusilə 5G kimi texnologiyalar istifadəçiyə daha sürətli və keyfiyyətli internet versə də, onların qurulması və saxlanması kifayət qədər böyük investisiya tələb edir: “Sabit internetlə bağlı bahalaşma xəbərlərinə də rast gəlinir. Burada da oxşar vəziyyətdir. Fiber-optik infrastrukturun genişləndirilməsi, daha stabil və sürətli xidmət təqdim etmək üçün görülən işlər operatorlar üçün əlavə xərclər yaradır. Qiymət artımı sırf operatorların qərarı kimi görünə bilər, amma arxasında daha geniş iqtisadi və texnoloji səbəblər dayanır”.

Tramp İranla bağlı qərar verdi - Pakistan təşəkkür etdi

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa İranla atəşkəs müddətinin uzadılmasına razılıq verdiyinə görə təşəkkürünü bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib. “Öz adımdan və feldmarşal Asim Munirin adından Prezident Trampa diplomatik səylərin davam etdirilməsi üçün atəşkəs müddətinin uzadılması xahişimizi nəzakətlə qəbul etdiyinə görə səmimi təşəkkürümü bildirirəm”, - Şahbaz Şərif vurğulayıb. O, tərəflərin atəşkəsə hörmət edəcəklərinə və hərtərəfli sülh razılaşmasına nail olacaqlarına ümid etdiyini açıqlayıb. Qeyd edək ki, danışıqların ikinci mərhələsinin bu gün İslamabadda keçirilməsi planlaşdırıldığı bildirilirdi, lakin İran tərəfinin mövqeyinə görə görüş qeyri-müəyyən müddətə təxirə salınıb. Xatırladaq ki, İranla ABŞ arasında atəşkəs razılaşması 8 apreldə iki həftəlik əldə edilmişdi. Bu gün atəşkəsin müddəti bitirdi. Tramp isə dünən açıqlama yayaraq, Pakistanın xahişi ilə atəşkəsin uzadıldığını elan etdi.

Temperatur yüksəlir, sabah 25 dərəcə isti gözlənilir

Sabah Azərbaycanda hava necə olacaq? Aprelin 23-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək. Azərbaycanın rayonlarında hava necə olacaq? Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 13-18° isti olacaq.

Barat Yusubov vəzifəsindən azad edildiyini təsdiqlədi

Yeni Klinikanın direktoru Barat Yusubov vəzifəsindən azad edildiyini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Barat Yusubovun özü deyib. O, işdən çıxarılma səbəbi ilə bağlı detalları açıqlamayıb: "Məlumat doğrudur, artıq Yeni Klinikanın direktoru deyiləm".