BAO Xocalı Soyqrımının növbəti ildönümünü Xocalıda yad etmək üçün müraciət etdi

Bütöv Azərbaycan Ocaqları (BAO) Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət qəbul edib.

Müraciətin mətni aşağıdakı kimidir.

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarına
Surəti: Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Z.Həsənova

Hörmətli cənab Prezident!

Bu il 26 fevralda Xocalı faciəsinin 29-cu ildönümü tamam olur. Xocalı faciəsi xalqımız və ümumiyyətlə bəşəriyyət tarixində mədəni insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. 1992-ci il fevralın 25-n 26-na keçən gecə təpədən dırnağadək silahlanmış erməni terrorçuları Xocalı şəhərinə qəflətən basqın etmiş, təxminən 613 nəfər dinc insanı (onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla) vəhşicəsinə qətlə yetirmişdilər. Xocalıda 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq isə valideynlərindən birini itirmişdi. 487 nəfər dinc sakin yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdü.

İndiyədək azğın və məkrli erməni faşizmi qarşısında məğlub vəziyyətdə olan Azərbaycan xalqı hər il bu faciəni kütləvi yas və hüzn içərisində qeyd etmişdir. Şükürlər olsun ki, Milli Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad olunmuş, 2020-ci il ən yeni tariximizə şanlı Qələbə ili kimi yazılmışdır. Bu möhtəşəm qələbənin əldə edilməsində bir çox vacib amillərlə yanaşı, daha bariz şəkildə özünü göstərən dövlət-xalq birliyinin müstəsna rolu ayrıca qeyd olunmalıdır. Azğın düşmənlərimizə göz dağı olan bu birliyin qorunub saxlanması, fikrimizcə, indiki dövrdə ən vacib vəzifələrimizdən biridir.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, bu il Xocalı faciəsinin növbəti ildönümü ölkəmizdə həmişəkindən daha fərqli və özünəməxsus şəkildə qeyd edilməlidir. Azərbaycanın birliyini və bütövlüyünü qarşısına başlıca məqsəd qoyan BAO üzvləri Xocalı faciəsinin bu ilki ildönümünü, erməni faşizminin günahsız qurbanlarının xatirəsini 26 fevralda məhz Xocalı şəhərində, qalib ordumuzun əsgər və zabitləri ilə birlikdə yerindəcə yad etmək istəyirik. Bu işdə bizə lazımı kömək göstərməyinizi, əlaqədar orqanlara müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik.

Bütöv Azərbaycan Ocaqları.

Bakı, 15 fevral 2021-ci il.

Facebook Comments