“Onlar mənim nağıllar dünyamın qəhrəmanlarıdır” – İki oğlunu şəhid verən qəhrəman ana…

2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan gizir Nurlan Əsgərlinin qardaşı İntiqam Əsgərli Vətən müharibəsində şəhid olub. Masallının Kalinovka kəndində yaşayan Əsgərli ailəsinin iki oğlunun vətən uğrunda şəhid olması həm qürurvericidir, həm də kədərli.

Moderator.az-ın əməkdaşı Əsgərli ailəsi ilə görüşmək üçün Masallının Kalinovka kəndinə yollanıb. Beləliklə, həmin yazını təqdim edirik:

Kalinovka kəndində hara baxsan, Nurlan və İntiqam qardaşlarının qoşa şəkilləri vurulub. Elə ailənin yaşadığı küçə də 2016-cı ildə Nurlanın adına verilib. Biz Nurlan Əsgərli küçəsində yerləşən şəhid ailəsinin evinə çatırıq. Bizi şəhid qardaşların atası Bayram kişi və anası Ziba xanım qarşılayır. Həyətdə İntiqamın “jiquli” markalı avtomobili dayanıb. Ziba xanım deyir ki, İntiqam bu maşınla işə gedib-gəlirdi. Elə Vətən müharibəsinə gedəndə də anasına hər şeyi tapşıraraq evdən çıxıb:

24 ildən sonra həmin məzara oğlum qoyuldu…”

“Oğlum, 1993-cü ildə qapımıza bir tabut gətirib dedilər ki, bu sənin qayının nəşidi, Qarabağda şəhid olub. Qayınım Polad Əsgərov Qarabağda döyüşdə idi, həm də onunla bir sinifdə oxumuşduq. Tabutu açıb baxanda dişlərindən bildim ki, bu qayınım deyil. Amma dedilər ki, yox, bu Poladdır. Biz də meyiti dəfn edib ona yas mərasimi verdik. Yas mərasimindən sonra qayınım Poladı Bakıda hospitalda yaralı tapdıq. 24 gün sonra isə meyitin sahibi tapıldı. Qubadan olan valideynlər gəlib qəbiri açıb oğullarının meyitini apardılar. Daha sonra biz o ailəylə dost olduq. 24 ildən sonra həmin məzara isə 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan kiçik oğlum Nurlan Əsgərli qoyuldu. Bu da Allahın işidir. Hətta Nurlanın tabutu gətiriləndə Zərdab rayonundan olan şəhidmiz Nurlan Abdullayevlə səhv salınmışdı və onları da yolda dəyişmişdilər”.

“Nurlan şəhid olmamışdan öncə bir dostuyla evə gəldi və dedi ki…”

“İntiqam 11 il idi Xüsusi Təyinatlı bölükdə müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi. Nurlan isə cəmisi səkkiz ay idi işləyirdi ki, aprel döyüşləri başladı və Nurlan da şəhid oldu. Onda İntiqam da döyüşdə idi, hətta Nurlanı döyüş meydanından özü çıxarmışdı. Daha sonra qışqıraraq düşmənin üzərinə getmişdi, amma bu zaman döyüş yoldaşları onu tutaraq geri qaytarmışdılar. Nurlan şəhid olmamışdan öncə bir dostuyla evə gəldi və dedi ki, “ana, mən olmayanda qoxumu bu dostumdan alarsan”. Elə oldu ki, iki il sonra həmin oğlanın bacısını oğlum İntiqama aldım”.

Şəkildəki mənim çantalarıma kömək edən həmin cavan oğlan idi…”

“Nurlandan sonra Məşəd ziyarətinə getdim. Biz şəhid analarını isə bu ziyarətə ilahiyyatçı Hacı Şahin göndərmişdi. Məşəddən qayıdanda yolda çantalarım ağır idi, dedim ki, bunları necə götürəcəm. Bir cavan oğlan mənə kömək etdi. Avtobusa minəndə onunla sağollaşıb, üzündən öpdüm. Dedim ki, oğlum, nə arzun varsa, həyata keçsin. Evə gələndən bir neçə gün sonra qızım mənə şəkil atıb dedi ki, “ana, sizinlə ziyarətə gedən bu adam dünyasını dəyişib”. Şəkilə baxanda dəhşətə gəldim. Şəkildəki mənim çantalarıma kömək edən həmin cavan oğlan idi”. (Ağlayır)

“Bir neçə ay sonra İntiqamın oğlu dünyaya gələcək…”

“İki oğlum və iki qızım var. Oğlanlarım vətən uğrunda şəhid oldu. Özüm də hərb sənətini sevdiyim üçün övladlarımın orduda işləməsinə heç vaxt etiraz etməmişəm. Nurlanla İntiqamın arasında beş yaş fərq var və onlar beş il fərqlə şəhid oldular. İntiqamın iki yaşında bir qızı var, adını da Nurlana görə Nur qoymuşuq. Bir neçə ay sonra İntiqamın oğlu dünyaya gələcək və onun da adını İntiqam qoyacam. İnşallah salamat doğular nəvəm”.

“Elə oldu ki, ordumuz qələbə çaldı, sevindik…”

İntiqam sentyabrın 25-də evə gəlmişdi. Gecə səhərə kimi mənimlə dərdləşdi. Dedi ki, “ana, mən döyüşə gedirəm. Bunu nə atam, nə də yoldaşım bilməsin. Ancaq bizlərə dua et. İnşallah hər şey yaxşı olacaq”. Hətta İntiqam telefonlarını da mənə verib sübh tezdən yola düşdü. Daha sonra döyüşlər başladı və imkan olduqca, İntiqam telefonla bizimlə əlaqə saxlayırdı. 44 günlük müharibə bizə 44 il kimi gəldi, hər gün narahat idik. Elə oldu ki, ordumuz qələbə çaldı, sevindik. Daha sonra İntiqamdan xəbər ala bilmədik. Artıq nigarançılıq başladı. Hər gün ümid edirdim ki, İntiqam zəng vuracaq, amma zəng vurmadı”.

“Maşını saxlatdırıb yoldaşıma dedim ki, get gör orda nə edirlər…”

Yatıb yuxuda gördüm ki, İntiqam Şuşada gilas dərib və mənə də verir. Gilas təsəvvür edin ki, alma boyda idi. Gilas isə yuxuda gözyaşıdır. Artıq İntiqama nəsə olduğunu hiss etdim. Daha sonra bir dəfə də yatıb yuxuda gördüm ki, sıldırım qayanın qırağında zirvədə İntiqamla mən namaz qılırıq. Daha sonra gördüm ki, artıq boğazımdan su da keçmir. Yoldaşıma dedim ki, gedən hərbi hissəyə ondan bir xəbər öyrənək. Hərbi hissəyə getdik və orda bizə dedilər ki, xəbər verəcəyik. Amma orda hərbçilər məni çaşdırdı, Nurlandan danışdılar və gözləri doldu. Sən demə İntiqam də şəhid olubmuş, amma mənə deməyiblər. Noyabrın 16-ı idi, ordan qayıdıb evə gələndə gördüm ki, qəbiristanlıqda oğlum Nurlanın məzarının yanında adamlar toplaşıb, qəbir qazırlar Maşını saxlatdırıb yoldaşıma dedim ki, get gör orda nə edirlər.Yoldaşım maşından düşüb getdi və qayıdıb gələndə dedi ki, “evimiz yıxılıb”. Onda İntiqamın şəhid olduğunu bildik”.

“Amma o, yenə razılaşmayıb və döyüşə qatılıb…”

“Çox çətin vəziyyətdə idim, gəlinim hamilə olduğu üçün onu da qorumalıydım, yoxsa uşaq da tələf olardı. Elə bir gün sonra İntiqamın tabutunu gətirdilər və onu da Nurlanın yanında dəfn etdik. Döyüş yoldaşları deyir ki, İntiqama deyilib ki, Şuşa döyüşlərinə girmə, onsuz da bir qardaşın şəhid olub və sən təksən. Amma o, yenə razılaşmayıb və döyüşə qatılıb. Biz oğulsuz qaldıq. Qızlarım üçün də çox çətindi. Böyük qızım ailəlidi, amma kiçik qızım tələbədir. Onlar da qardaşlarına görə çox fikir edirlər. Amma oğlanlarım mənim nağıllar aləmimin qəhrəmanlarıdır”.

“Mən övladlarımı kasıbçılıqla böyütmüşəm…”

“Şəhidimizin atası Bayram kişi söhbətimizə qoşulur deyir ki, övladlarını fəhləçiliklə böyüdüb: “Özüm gedib yük boşaldıb, daş daşıyıb övladlarımı böyütmüşəm. 10 manat qazananda sevinərdim. 6 nəfər idik ailədə. Mən övladlarımı kasıbçılıqla böyütmüşəm. Heç vaxt qoymamışam onlar gecələr küçələrdə gəzsinlər. Zəhmət haqqım nə olurdusa, onu alırdım. Artıq bir manat almırdım. Deyirdim ki, zəhmət haqqım bu qədər edir. Övladlarım çox halal uşaq idi”.
Ailənin evində bir otaq Nurlan və İntiqamın fotolarıyla, diplomlarıyla bəzədilib. Otağa daxil olub onların da fotolarını çəkirik. Bu otaqda şəhid qardaşların şəxsi əşyaları və paltarları da saxlanılır. Şəhid qardaşların anası Ziba xanım deyir ki, həyətdə övladları üçün şəhidlər muzeyi tikəcək və bütün əşyalar orda yerləşdiriləcək. Çünki ailənin ziyarətində gəlib-gedənlər çoxdur.
Sonda şəhidimizin ailəsinə başsağlığı verib ordan ayrılırıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Facebook Comments