“Fazil Məmmədov ölkədən dörd milyard pul oğurlayıb xaricdə yerləşdirib, bəs sonu nə oldu?”

Tanınmış şair Saday Şəkərli ölkədə sabiq nazirlərin həbsiylə bağlı məsələlərə münasibət bildirib.

O, Moderator.az-a açıqlamasında həbs olunmalı olan adamlardan birinin də onun həbsini sifariş verən sabiq vergilər naziri Fazil Məmmədov olduğunu bildirib:

“Bizə orta məktəbdə müəllim öyrətmişdi ki, toplananların yerini dəyişəndə cəm dəyişməz. Əslində vəzifədə oturanların çoxu potensial cinayətkardır. Adamına, doğulduğu yerə görə yox, vəzifələrə savadlı, xalqın qulluqçuları təyin olunmalıdır. Bizdə isə tam əksinədir. Əli vəzifəyə çatan xalqın başını kəsib, qanını içməyə həmadədir. Yoxa lənət deyərlər, iriçaplı məmurlardan həqiqətən xalq cana doyub. Hansını işdən çıxarırlarsa, cəmiyyət onun həbsini tələb edir, hansı ölür gorbagor olsun, lənətə gəlsinin biri bir qəpiyə dəyir. Nə qədər dələduz, quldur, oğru, korrupsioner var, hamısını gedərgəlməzə yollamaq lazımdır. Bir sözlə, cəmiyyət təhlükəli viruslardan təmizlənməlidir.

Sabiq vergilər naziri Fazil Məmmədovun ölkədən dörd milyard pul oğurlayıb xaricdə yerləşdirməsi barədə dəfələrlə ölkə mətbuatında yazılar yazılıb. Bəs sonu nə oldu? Niyə onu da damlamadılar”.

Facebook Comments