“Onun toyunu görmək arzum idi, qız da tapmışdım…”- Şəhid gizirimizin anası…

Vətən müharibəmizin qəhrəman şəhidlərindən biri də Xüsusi Təyinatlı gizirimiz Mirağa Hafiz oğlu Qasımovdur. Şəhidimizin ailəsi ilə görüşmək üçün ata evinə yollandıq. Cəlilabad rayonunda aprel döyüşlərində şəhid olan Röyal Nəsirovun adını daşıyan bu küçədə Mirağanın atasgil yaşayır. Elə küçənin girişində sakinlər Mirağanın böyük şəkilini vurublar və adına bulaq tikiblər.

Beləliklə, Moderator.az şəhidimizlə bağlı yazını təqdim edirik:

Bizi şəhidimizin atası Hafiz bəy və anası Minayə xanım qarşıladı. Elə söhbətimizə şəhidimizin atasıyla başladıq. Şəhid atası deyir ki, hərbçi olmaq Mirağanın uşaqlıq arzusu olub:

“Mirağa uşaqlıqdan idmanla məşğul olurdu. Biz rayonun Moranlı kəndindənik, daha sonra isə rayona köçdük. Mirağa 2013-cü ildə hərbi xidmətə yollandı. Ağdamın Əhmədalı kəndində əsgəri xidmətini başa vurdu. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən orduya qayıdıb işləmək istədiyini dedi. Mən də etiraz etmədim. O, sənədlərini Sərhəd Qoşunlarının Xüsusi Təyinatlı Bölüyünə verdi və qəbul olundu. 2015-ci ildən gizir kimi xidmətə başladı”.

“Maaş kartını mənə verib maşına mindi…”

“İki oğlum və bir qızım var. Mirağa evin böyük oğludur, ondan bir yaş kiçik qardaşı Məhəmməd və doqquzuncu sinifdə oxuyan bacısı Alidə var. Mirağa işlədiyi vaxtda evə həmişə köməklik edib. Daha sonra planlaşdırırdı ki, özünə ipotekaya ev götürsün. Sentyabrın 17-də doğum günüm idi, o, rayona gəlmişdi və elə yolda maşında Mirağayla görüşdük. Maaş kartını mənə verib maşına mindi. Amma arxaya dönüb bir də mənə baxdı. (Ağlayır) Sən demə Mirağa müharibə olacağını bilirmiş”.

“Elə danışırdı ki, sanki müharibədə yox, başqa yerdədir…”

“Mirağa Türkiyədə və bildiyim qədəriylə başqa ölkələrdə Xüsusi Təyinatlıların kursunu keçmişdi. İdmançı idi, rayona məzuniyyətə gələndə burda da idmana gedirdi. Döyüşlər başlayanda bizə heç nə demirdi. Elə danışırdı ki, sanki müharibədə yox, başqa yerdədir. Gah deyirdi Zaqataladayam, gah deyirdi Qazaxdayam. Bir sözlə, ondan baş açmırdıq. Amma bizə sonra məlum oldu ki, o, döyüşdədir. Mirağa döyüş zamanı bir dəfə yaralansa da, hospitala getməkdən imtina edib və döyüşlərə davam edib”.

“Bizə oktyabrın 23-də Mirağanın yaralanması xəbəri gəldi…”

“Mirağa bizimlə danışdanda dedi ki, “ata, narahat olma, Zəngilanı işğaldan azad etdik. Artıq burda da möhkəmlənmişik”. Mən də artıq ondan arxayın idim. Bizə oktyabrın 23-də Mirağanın yaralanması xəbəri gəldi. Dərhal Bakıya yollandım. Xəstəxanada dedilər ki, Mirağa başından güllə yarası alıb və bir də ağ ciyərinə qəlpə dəyib. Öyrəndik ki, Mirağa oktyabrın 20-də Mirağagil erməni diversiya qrupunun təxribatının qarşısını alarkən, yaralı döyüş yoldaşını ərazidən çıxaranda vurulub. Həkimlər Mirağanı iki dəfə əməliyyat etdilər. Başındakı güllə yarasından təhlükəsi yox idi, amma ağciyərinə dəyən qəlpələr qanaxmaya səbəb oldu. Bununla da Mirağa 17 gün komada qaldıqdan sonra şəhid oldu”.

Şəhidimizin anası Minayə xanım söhbətimizə qoşulur və Mirağanın çox zəhmətkeş uşaq olduğunu deyir:

“Mirağa uşaqlıqdan gördüyüm işlərdə mənə köməklik edib. Çox zəhmətkeş uşaq idi. İyirmi beş yaşı var idi və istəyirdim ki, ailə qursun. Mirağanın toyunu görmək ən böyük arzum idi. Ona qız da tapmışdım, deyirdi ki, “ana, darıxma gəlib sənin arzunu yerinə yetirəcəm”. Elə oldu ki, bir dəfə mənlə danışanda dedi ki, “ana, gəl sən Məhəmmədi evləndir”. Onun bu sözündən incidim. Dedim ki, böyük sənsən, sən evlən. Amma sonradan başa düşdüm ki, o, müharibəyə görə belə deyib. Bacısını çox istəyirdi, elə bil onun ikinci atasıydı. Bacısı onu o qədər qucaqlayıb öpürdü ki, özüm də məəttəl qalırdım. Bacısına dedi ki, “dərslər başlayır, sənə məktəb paltarı alacam”. Amma heyf qismət olmadı”. (Ağlayır)

Şəhid gizirimiz bu qəhrəmanlığına görə Ali Baş Komandan tərəfindən “Qarabağ ordeni”, “Zəngilanın azad olunmasına görə” və “İgidliyə görə medalı” ilə təltif edilib.

Bununla yanaşı, vətən müharibəsində Mirağanın əmisi oğlu Xaliq Qasımov da qızının doğum günündə şəhid olub.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Facebook Comments