ABŞ PUTİNİ YENİ NƏSİL GƏNCLİKLƏ SARSIDIR… –Çin isə Bayden dönəmi üçün özünüqoruma rejiminə keçir – TƏHLİL

Ərgün Dilər

“Takvim”, Türkiyə,

Ötən həftə sizə Putinin hədəf olduğunu və Navalnı hadisəsinin hələ bitmədiyini çatdırdım. Haqlı çıxdım. İndi məsələni bir az da açaq. Türkiyə və Çinə uzanaq.

Navalnı 2020-ci ilin avqust ayında çəkiliş aparmaq üçün Sibirə getdi. Zəhərləndi. Almaniyaya aparıldı. Müalicə olundu. Yaxşılaşdı. FTX agenti Konstantin Kudryavtsev Navalnının alt paltarına “Noviçok” sinir-iflic qazının bulaşdırıldığını etiraf etdi.

17 yanvarda Navalnı Rusiyaya geri qayıtdı və saxlanıldı. Kremlin dünənədək “Bloger” deyərək kiçiltdiyi Navalnı, minlərlə insanı küçələrə çıxarmağı bacardı. Havanın – 50 dərəcə olduğu Yakutskda belə, nümayişçilər küçələrə çıxmışdı.

Navalnı “içəri” gedərkən, tərəfdarları Putinin 1 milyard dollarlıq sarayının görüntülərini “YouTube”-dan yayınladı. Ümumiyyətlə, videoları 1 milyarddan çox insan tərəfindən izlənən Navalnı, bu həmləsiylə Kremli qarışdırdı.

ABŞ dəstəkli bu əməliyyat Rusiya daxilindən də böyük yardım alırdı. Ötən gün (bazar günü – tərc.) də meydanlar dolub daşdı. Gənclər Putinə qarşı idi. Öz ölkəsinin mediasında yer tapa bilməyən Navalnı “YouTube” vasitəsilə gəlirdi. Kreml “saray videosu”nu açıqlaya bilmir, atdığı hər bir addım Navalnını önə çıxarırdı. Rus milyarder Rottenberq sarayın ona aid olduğunu söyləsə də, onun “Putinin cüdo dostu” olduğunu bilən minlərlə insan küçələri qarışdırırdı.

Rusiyada bunlar olarkən, ABŞ-dan daha bir həmlə gəldi. Navalnı, Nobel mükafatı üçün öndə gələn namizədlər sırasında göstərildi.

ABŞ Putini yeni nəsil gəncliklə sarsıdarkən, oyunu görən Çin Cənubi Asiyada bir həmlə etdi. Dünənədək ingilis torpağı olan Myanmar öz marşrutunu cıza bilmə şansını yaxalamışdı. Ancaq nə hikmətdirsə, ingilislər gedir, hərbçilər gəlirdi. Yenə elə oldu. Myanmar lideri Aunq San Su Çji saxlanıldı. Parlamentin 25%-ni əlində tutan hərbçilər bununla kifayətlənmədi. Daxili İşlər, Müdafiə və Sərhəd İşləri nazirlikləriylə birlikdə, bütün ölkəni nəzarət altına aldılar. Çevrilişlə bağlı hər ölkə reaksiya verdi. Çin isə buna “çevriliş” deyə bilmədi.

Yəqin, hərbçi ailələri də səs verib ki, Su Çji səslərin 80%-ini ala bilib. Hərbçilərin dəstəklədiyi müxalifət “Səslər oğurlandı” deyərək, Trampın iziylə getdi. Konqresə basqın edilməsinə rəğmən, ABŞ-da baş tutmayan “Tramp planı” burada işlədi. Myanmar ordusunun Baş qərargah rəisi Min Aunq Hlainqin ötən günlərdə Çində olması da Çin üzərindəki şübhələri getdikcə artırır.

Yaxşı, bəs bu çevriliş nə üçün edildi?

ABŞ-ın təzyiqilə Putinin küncə sıxışdırıldığını görən Çin boş dura bilməzdi. Cənubi Çin dənizinə sahili olan ölkələrdəki ABŞ çətiri əməlli-başlı böyüyüncə və donanma ilə Çinə rahatlıq verilməyincə, Pekin bir həmlə etməyə məcbur oldu. Myanmar üzərindən Benqal körfəzinə enmək istədi. Bunu təminat altına aldı.

Çevrilişin bir önəmli tərəfi də var idi. İqtisadiyyatın böyük qismini öz əlində tutan ordu bir yandan Çinə qarşı olanları ölkədən çıxaracaq, digər yandan da ABŞ tərəfində yer alan sərmayənin ölkəyə girməsinə izin verməyəcəkdi. Çünki ikinci bir Vyetnamın yaşanması istənilmirdi.

Baydenin gəlişiylə ruzigarlar sərt əsməyə başladı. Bunu görən Türkiyə də ABŞ-a mötədil bir şəxsi səfir təyin edib, münasibətləri “isitmə” mesajı verdi. Xarici siyasətdə ABŞ-AB orbitinə yaxın mesajlar göndərdi. Daxildə isə ABŞ-AB tərəfdarı olan müxalifəti zəiflətmək üçün incə həmlələr etdi. Türk dövlət ağlı rəqiblərinə münasibətlə bağlı ikili model seçdi. Bunu edə bilən yeganə ölkə Türkiyədir. Gördüyüm budur.

Tərcümə Strateq.az-ındır

Facebook Comments