Bakıda küçədə qadın meyiti tapıldı

Bakıda 82 yaşlı qadın küçədə qəfil ölüb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə fevralın 22-sində Hövsan qəsəbəsi H.Quliyev küçəsi ev 20-nin qarşısında baş verib. Qəsəbə sakini 1944-cü il təvəllüdlü Qalina Aleksandrovna Solovyeva küçədə qəfil vəfat edib. Onun meyiti küçə sakinləri tərəfindən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırmalar aparılır.

Ağdərənin 4 kəndinə 63 ailə yola salındı

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində fevralın 23-də Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar, Çıldıran kəndlərinə növbəti köç yola salınıb. Sozcu.az xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Ağdərənin Aşağı Oratağ kəndinə 29 ailə - 141 nəfər, Heyvalı kəndinə 17 ailə - 84 nəfər, Çapar kəndinə 7 ailə - 22 nəfər, Çıldıran kəndinə isə 10 ailə - 46 nəfər köçürülür.

Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub. Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb. İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur. (Report)

Goranboyda peyvənd vurulan azyaşlı ölüb

Goranboyda azyaşlı ölüb. Fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N.Mirzəyevə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb. Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır./APA

Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Eyni zamanda, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.

Azərbaycanla sərhəddə faciə: əmiuşaqları yanaraq öldü

Ötən gün Azərbaycanla həmsərhəd Kaxetiya vilayətində faciə baş verib.  Sozcu.az xəbər verir ki, baş verən avtomobil yanğınında 3 yeniyetmə həlak olub. İlkin məlumatlara görə, Melaani kəndi yaxınlığında avtomobil aşıb və alovlanıb. Sükan arxasında olan 14 yaşlı oğlan və daha bir yeniyetmə maşından son anda çıxa bilib. Qalan üçü nəfər isə həlak olub. Ölənlərin əmiuşaqları olduğu bildirilir. 

Vətəndaşlar özəl xəstəxanalarda da onkoloji yardım alacaqlar

Onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələri ilə bərabər həm də “Lisenziyalar və icazələr haqqında” qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək. Sozcu.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Onkoloji yardım haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək. Onkoloji xəstələrin özəl tibb müəssisələrində müayinəsi və müalicəsi “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq həyata keçiriləcək.

Bakıda güclü külək əsir – Faktiki hava

Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olub. Düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1 mm-dir. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənir. Neft Daşları, Çilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır. Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1460-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 259 780hərbçi, 11 694 ədəd tank, 24 069 ədəd zirehli döyüş maşını, 37 470 ədəd artilleriya sistemi, 1 652 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 303 hava hücumundan müdafiə sistemi, 435 ədəd hərbi təyyarə, 348 ədəd helikopter, 79 500 ədəd avtomobil texnikası, 142 113 ədəd PUA, 4 314 qanadlı raket, 29 gəmi/kater, 2 sualtı qayıq, 4 073 xüsusi avadanlıq itirib.

Şamaxıda zəlzələ oldu

Yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub.

Çin yeni nəsil nüvə silahı hazırlayır - CNN

ABŞ xüsusi xidmət orqanları Çinin yeni nəsil nüvə silahı hazırladığını və nüvə arsenalının yenilənməsi çərçivəsində artıq ən azı bir sınaq keçirdiyini hesab edir. Sozcu.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadla məlumat yayıb. Mənbələrin iddiasına görə, nüvə arsenalına yatırılan investisiyalar sayəsində Çin dominant nüvə dövlətlərinin heç birində olmayan texniki imkanlara malik ola bilər. Nəşr bildirir ki, Çinin 2020-ci ilin iyun ayında ölkənin şimal-qərbində yerləşən Lop-Nur poliqonunda sınaq keçirdiyi və bununla da 1996-cı ildə tətbiq olunmuş moratoriumu pozduğu güman edilir. ABŞ xüsusi xidmət orqanları hesab edirlər ki, bu sınaq Çinin yeni nəsil nüvə silahı yaratmaq istəyindən irəli gəlib. Ehtimallara görə, Çin heç vaxt istehsal etmədiyi gücü az olan taktiki nüvə silahı da hazırlaya bilər.

Rusiya uğursuzluğa düçar oldu, istədiyini əldə edə bilmədi

Ukrayna ordusu “Avropanın ən böyük və ən güclü ordusu” və “təsəvvür edilən və edilməyən bütün miqyasları aşan müharibə” ilə üz-üzə qalaraq, dayanıqlığını nümayiş etdirib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Le Monde” qəzetinə müsahibəsində bildirib. 2025-ci ildən danışan Sırski qeyd edib ki, hərbi vəziyyət daha da pis ola bilərdi. Eyni zamanda o, cəbhələrdəki çətinlikləri inkar etməyib, lakin bildirib ki, Rusiyanın məqsədləri daha iddialı idi. Baş komandan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində cəsarətli Kursk əməliyyatını həyata keçirməsəydi, nəticələr Ukrayna üçün daha dağıdıcı ola bilərdi: “Rusiya 2025-ci ildə genişmiqyaslı hücum əməliyyatı keçirmək üçün öz qoşunlarını hazırlamışdı”. Sırski xatırladıb ki, Rusiya bütün Donbası, Zaporojye, Dnepropetrovsk və Xerson vilayətlərinin ərazilərini ələ keçirmək, həmçinin Xarkov və Sum vilayətlərində bufer zona yaratmaq istəyirdi, lakin uğursuzluğa düçar olub.

Fuad Nəcəfli istintaqa cəlb edildi

Baş Prokurorluqda "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərova cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib. Məlumatda qeyd olunur ki, Naxçıvanda adıçəkilən agentliyə 16 il ərzində rəhbərlik etmiş B. Əsgərov 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub. Ona qarşı irəli sürülən ittihamlar 2018-2023-cü illəri əhatə edir, bu müddətdə dövlətin xüsusilə külli miqdarda - 5 milyon manatdan çox vəsaitini ələ keçirdiyi vurğulanır. Qeyd edək ki, həmin dövrün 1 ili Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin vəzifədə olduğu dövrə düşür. Sozcu.az xəbər verir ki, “AzPolitika”-ya daxil olan məlumata görə, F.Nəcəfli bu iş üzrə istintaqa cəlb edilib. Mənbə iddia edir ki, bundan əlavə Nəcəfli başqa bir cinayət işi üzrə korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində də ifadə verib. Qeyd olunur ki, iş üzrə epizodlardan biri NMR Taxıl Fondundan 6.5 milyon manat dəyərində taxılın qanunsuz olaraq ARF şirkətinə verilməsi ilə bağlıdır. Bu əməliyyatdan əldə edilən vəsaitin keçmiş səlahiyyətli nümayəndə tərəfindən mənimsənildiyi iddia olunur. Mənbə F. Nəcəflinin vəzifədə olduğu dövrdə davranışı, dövlət rəsmiləri ilə işgüzar münasibəti haqqında da informasiya verib. Qeyd olunur ki, o, tutduğu posta tamamilə uyğunsuz kadr olub, yerli nazirlərə, komitə sədrlərinə, deputatlara qarşı məmur etikasından kənar münasibət sərgiləyib. Onlara qarşı tez-tez alçaldıcı, təhqiramiz hərəkətlərə yol verib. Əldə olunan çoxsaylı məlumatlar F.Nəcəfli kimi tamamilə yararsız kadrın belə yüksək posta təqdimatını verənlərin cəsarətinə həsəd yaradır. “O, qeyri-adekvat, tutduğu vəzifənin məsuliyyətini dərk etməyən, hədsiz tamahkar şəxs idi”, - mənbə vurğulayıb.

Ordumuzun əsgəri vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib. Sozcu.az xəbər verir ki, hadisə Yevlax rayonunun ərazisində yerləşən “N” saylı hərbi hissədə baş verib. Belə ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər, 2006-cı il təvəllüdlü Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb. Qeyd edək ki, mərhum əsgər iki ay sonra tərxis olunacaqdı (Unikal.org).

Külək güclənəcək - XƏBƏRDARLIQ

Fevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Trampdan Şara ilə bağlı maraqlı etiraf

ABŞ Prezidenti Donald Tramp suriyalı həmkarı Əhməd əş-Şara ilə bağlı danışıb. Sozcu.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib. Ağ Evin rəhbərinin sözlərinə görə, məhz onun dəstəyi nəticəsində Şara hazırkı vəzifəsini tutur. Tramp bildirib ki, Suriya prezidenti möhtəşəm işlər görür. Həmçinin onu “sərt insan, itaətsiz oğlan” kimi də xarakterizə edib: “Məhz bu xüsusiyyətlər ölkənin idarə olunmasında yaxşı nəticələr verir”. Tramp əlavə edib ki, o, yaxın zamanda Şara ilə telefon danışığı aparıb və dünyada ən təhlükəli terrorçuların saxlanıldığı həbsxanalardakı vəziyyəti müzakirə edib.

Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır

Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin toplantısı keçiriləcək. Sozcu.az “AzPolitika”ya istinadən xəbər verir ki, iclasda baxılacaq məsələlərdən biri də AMEA-nın keçmiş prezidenti, hazırda dövlətə xəyanət və s. ağır cinayətlərdə ittiham olunaraq ev dustağı edilmiş Ramiz Mehdiyevin qurumun həqiqi üzvlüyündən çıxarılması olacaq. Qeyd edək ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Ötən həftə Səbail Rayon Məhkəməsi onun barəsində seçilmiş qərarın daha 4 ay uzadılması barədə qərar verib. Ramiz Mehdiyev 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

Xamenei öldürülə bilər - Tramp planı nəzərdən keçirir

Tramp administrasiyası İrana uranı "simvolik" şəkildə zənginləşdirməyə icazə verən təklifi nəzərdən keçirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ-ın yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb. Məlumatda o da bildirlib ki, Tramp administrasiyası eyni zamanda, İranın ali lideri Ayətullah Seyid Əli Xameneinin zərərsizləşdirilməsi variantını da nəzərdən keçirir. Qeyd edək ki, birinci variant İranın nüvə potensialını məhdudlaşdırmaq və müharibənin qarşısını almaq üçün razılaşmaya yol aça bilər. ABŞ rəsmiləri bildiriblər ki, İranın qarşıdan gələn nüvə təklifi üçün çox yüksək məhdudiyyətlər var, çünki plan ABŞ administrasiyasında və regionda çoxsaylı skeptikləri inandırmalıdır.

Azərbaycanda FACİƏ: FHN əməkdaşı HƏLAK OLDU - YENİLƏNDİ

Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı avtoqəza nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşılarından biri yaralanıb, digəri ölüb. Sozcu.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq FHN-dən məlumat verilib. Bildirilib ki, xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib, Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Tağıyev Elşən İnsanağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Tağıyevin həyati təhlükəsi yoxdur. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** 10:10 Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb. Səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mercedes” markalı yük avtomobilini söndürən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını avtomobil vurub. Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirlib. Faktla bağlı araşdırma aparılır.

Faciəli şəkildə həyatını itirən FHN əməkdaşının FOTOSU

Xəbər verdiyimiz kimi, 21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifələrini yerinə yetirərkən hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu həyatını itirib. Sozcu.az xəbər verir ki, faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ukrayna “İsgəndər” raketləri istehsal edən zavodu vurdu

Rusiyada “İsgəndər” və “Oreşnik” kompleksləri üçün raketlər istehsal edən müəssisəyə zərbə endirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, gecə saatlarında həyata keçirilən hücum zamanı Udmurtiyanın Votkinsk şəhərində yerləşən “Votkinsk zavodu” hədəfə alınıb. Müəssisə “İsgəndər-M”, “Topol-M” və “Oreşnik” raketlərinin istehsalı ilə məşğuldur. Zərbənin PUA ilə deyil, “Flaminqo” raketləri ilə endirildiyi iddia olunur. Vurğulanıb ki, Votkinsk şəhəri ilə Ukrayna sərhədi arasındakı məsafə təxminən 1400 kilometrdir. *** Regional Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 11 nəfər yaralanıb. Üç nəfər xəstəxanaya yerləşdirilib, ikisinin vəziyyəti orta, birinin isə vəziyyəti isə ağırdır. Yerli sakinlər isə zavodun 22 və 36 nömrəli sexlərinin zədələndiyini bildirirlər.

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

ABŞ Prezidenti Donald Tramp bu günə qədər digər dövlətlə qarşı tariflər (gömrük rüsumları) tətbiq edərkən 1977-ci ilin Beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər qanununa (İEEPA - International Emergency Economic Powers Act) əsaslanırdı, Ali Məhkəmə 6-3 səs nisbətilə bütün bu tariflərin qanunsuz olduğu barədə qərar verdi və Trampa İEEPA-ya əsaslanmağı qadağan etdi. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib. “Tariflərin tətbiqi prezidentin yox, Konqresin səlahiyyətindədir. Ali Məhkəmənin qərarı Trampın manevr imkanlarını çox ciddi şəkildə məhdudlaşdırır”, - o vurğulayıb. Qeyd edək ki, Ali Məhkəmənin bu qərarından sonra Tramp 1974-cü ildə qəbul edilmiş ticarət qanununun 122-ci maddəsini rəhbər tutaraq bütün idxala 10%-lik rüsum tətbiq edib.

Türkiyədə əməliyyat: 346 nəfər saxlanıldı

Türkiyədə Jandarma Baş Komandanlığı tərəfindən 5 vilayətdə aparılan narkotik əməliyyatları çərçivəsində 346 nəfər şübhəli şəxs qismində saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, əməliyyatlar çərçivəsində 83 min 625 ədəd narkotik vasitə hesab edilən həblər və 11 kiloqram müxtəlif formada narkotik maddələr müsadirə edilib.

Qızıl qaçaqmalçısı BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Fevralın 20-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycan Respublikasının dövlət sərhəddində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Səmədzadə Tural Akif oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib. Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir. Səmədzadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.