Bakıda şəhidlərə “son mənzil” , ailələrinə mənzil niyə verilmir?

BŞİH və ƏƏSMN -dən, MN-dən şəhid və ailələrinə sayğısızlıq

Gündəmdən düşməyən və hamını rahatsız edən problem Bakı sakinləri olan Qarabağ Vətən savaşı şəhidlərinin son mənzillərinin Bakıdan xeyli qıraqda, 20 kilometrlik arada yerləşən Lökbatanda yol qırağında seçilməsidir. Şəhid ailələrinə mənzillərin də ucqar Abşeron kəndlərində verilməsi ən yüksək dəyərə malik şəhidlərə sayğısızlıqdan özgə bir şey deyil . Bəyəm Bakıda bağlantılı dövlət qurumları Vətən savaşında canından keçən, Qarabağ torpaqlarını qanları ilə suvarıb yaşadan şəhidlərə Bakıda “son mənzil” , ailələrinə mənzil ayırmaq olmaz? Bəs l-ll “Şəhidlər xiyabanı” kimə saxlanılır? Şəhərin mərkəzindən köçürülən hərbi hissələrin yeri niyə şəhid ailələrinə ayrılmır? Onsuz da şəhidlərə heç nə gərək deyil, onların yeri şair demiş, Ulu Peyğəmbərimizin ağuşundadır (“ EY ŞƏHİD OĞLU ŞƏHİD, İSTƏMƏ MƏNDƏN MƏQBƏR; SƏNƏ AĞUŞUNU AÇMIŞ DA DURUR PEYĞƏMBƏR “), “şəhid evləri” ŞƏHİD ANA -ATALARI, BACI-QARDAŞLARI, AİLƏLƏRİNƏ GƏRƏKİR! RAHAT GÖRÜŞÜB DƏRDLƏŞMƏKDƏN YANA !
Bakıda torpaq alverinin başında Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) və Bakı rayonlarının icra hakimiyyətlərinin dayanması heç kimə gizlin deyil. Sadəcə BŞİH-in həm də meriyanın -bələdiyyənin səlahiyyətlərindən yararlanması baş torpaq alverçisinin elə başkəndin icra başçısının olduğunu deməyə əsas verir. Hacıbala Abutalıbovdan estafeti alan Eldar Əzizov , hələ ki, alverə son qoymaqda maraqlı görünmür. Bu fikrə düşməyimiz şəhidlərə , onların ailələrinə şəhər içində torpaq sahəsi ayrılmaması ilə bağlıdır. Əksinə , qazi və şəhid ailələrinə şəhər mərkəzində tikilən yeganə evi də BŞİH-in, RİH-in məmurları zəbt edib, özlərinə villalar , kommersiya obyektləri tikiblər. Nə BŞİH-in yeni rəhbərliyi, nə də sifarişçi ƏƏSMN bu yekəlikdə işğala son qoymağı fikirləşmir. Ən azı, Prezidentə məlumat vermirlər ki, yerli işğalçılar da “dəmir yumruğ”un gücünü görsünlər. Elə 2-ci Qarabağ savaşının ZƏFƏR ŞƏHİDLƏRİNƏ 2-ci “ŞƏHİDLƏR XİYABANI”NDA yer ayrılmamasından da, çox güman, dövlətin 1-ci şəxsləri məlumatlandırılmayıb . Yoxsa, TORPAQ UĞRUNDA ŞƏHİD OLANLARA QƏBİR TORPAĞI AYIRMAQ NƏ ÇƏTİN OLSUN Kİ? !
Müdafiə Nazirliyinin də dünənin döyüşçüsünə bugünkü ilgisi anlaşılan deyil. Şəhərin mərkəzindəki hərbi hissələri hər yeni rəhbərlik şəxsi mülkiyyətinə çevirirsə, şəhidə isə qəbir yeri də tapılmırsa , hansı ilgidən, sayğıdan danışmaq olar?
“ANA MƏN ŞƏHİD OLDUM” Kİ. .?

Məğrur Bədəlsoy

Facebook Comments