“Ərdoğanın apardığı siyasət Türkiyəni Vaşinqtondakı ənənəvi dostlarından məhrum edib” – Politoloq

“Tramp hakimiyyəti 2 ay boyunca Azərbaycanın təcavüzünü sakitcə izlədi…”

ABŞ-ın yeni dövlət katibi Blinken adından yayılan bu sözləri o yox, Amerika Erməni Milli Komitəsinin direktoru Aram Hamparyan deyib. (Bir nəfər səhv yazıb, hamı ondan götürüb təkrarlayır.)

Blinkenin söylədiklərində isə xoşagəlməz əsas məqam Azərbaycana ayrılan yardımlara yenidən nəzər salacaqları barədə dedikləridir. Bu, qarşılıqlı dialoqla çözülə biləcək bir məsələdir. Əslində ABŞ yardımlarının bizim üçün maddi yox, siyasi tərəfi önəmlidir. Zatən yardımın həcmi elə də böyük olmur.

Əgər yardımları Qarabağ məsələsi kontekstində, guya Azərbaycanın hansısa hüquqa zidd addımları səbəbi ilə dayandıracaqlarsa, onda postsovet məkanında aktivləşməyə hazırlaşdıqları indiki məqamda öz siyasətlərinə zərbə vurmuş olacaqlar. Çünki Rusiyanın təsirini məhdudlaşdırmaq və onu sıxışdırmaq istəyirlərsə, Azərbaycanla dostluğa və əməkdaşlığa da ehtiyacları var.

Yox, yardımın dayandırılmasını bizdəki insan haqları problemləri ilə əlaqələndirəcəklərsə, onda bu addımın müəyyən əsası olacaq, amma nə qədər səmimi olduqları da şübhə doğuracaq. Sual yaranacaq ki, niyə bu məsələ məhz indi, müharibədən sonra yada düşdü? Çünki Azərbaycanda ötən illərdə dəfələrlə seçki saxtakarlıqları, kobud insan haqları pozuntuları baş verdiyi halda, ABŞ-ın reaksiyası narahatlıqdan o yana getməyib.
Onu da qeyd edək ki, xarici yardımlar hər hansı səbəb göstərilmədən də azaldıla və ya artırıla bilər. Ötən illərdə dəfələrlə olub.

Ümumilikdə Bayden və onun komandası naməlum, sirli fiqurlardan ibarət deyil. 8 illik Obama hökumətində hamısı vəzifə tutub. Ən ermənipərəst adlandıra biləcəyimiz şəxs Kerri idi, 4 il dövlət katibi oldu, nə etdiyi məlumdur.

Lakin hazırkı dönəmin fərqli tərəfi odur ki, ABŞ-Türkiyə münasibətləri xeyli pisləşib və həm demokratlar, həm də respublikaçılar daxilində prezident Ərdoğana ciddi antipatiya və qıcıq yaranıb. Öz növbəsində Ərdoğanın son illərdə apardığı siyasət Türkiyəni Vaşinqtondakı ənənəvi dostlarından (yəhudi lobbiləri başda olmaqla) məhrum edib. Ona görə də, Konqresdə Türkiyə əleyhinə nə təklif olunsa, rahatlıqla keçir.

İndi Ərdoğan hökuməti ciddi şəkildə öz xarici siyasətinin reviziyası ilə məşğuldur. Qərbə qarşı aqressiv ritorika dayanıb, Avropa Birliyi, o cümlədən Fransa və Yunanıstanla masaya oturulub, əl altından İsrail və Misirlə əlaqələrin təmiri üçün cəhdlər edilir. İstər-istəməz sual yaranır ki, qardaş, əvvəlki xarici siyasətiniz düz idisə, niyə davam etmirsiz və az qala bütün istiqamətlər üzrə dəyişdirməyə çalışırsız? Yox, səhv idisə, sizin bu səhvinizin Türkiyəyə maliyəti (iqtisadi, siyasi, geosiyasi) nə oldu və itkilərin yerini necə, hansı müddətə dolduracaqsız?..

Şahin Cəfərli, politoloq

Facebook Comments