Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi Nazim Rza İsrafiloğlunu yubileyi münasibəti ilə təbrik edib

Yubiley təbriki
Nazim Rza İsrafiloğlu – 80

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi olaraq sənədli filmlər kinorejissoru, Azərbaycan Kinomatoqrafçılar İttifaqınının üzvü, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı, araşdırmaçı-yazar Nazim Rza İsrafiloğlunu yubileyi münasibəti ilə təbrik edirik.

Bu il yubileyi olan, dəyərli Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə “Difai” partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar.

Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959-1964-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S.Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur. 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (hazırda Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir. Diplom işi “İnsan Xəzəri xilas edir” televiziya filmi artıq Beynəlxalq və Ümumittifaq kinofestivallarında mükafat və xüsusi diplomlar almışdır. Televiziya sahəsində ilk işinə dublyaj şöbəsində başlamış, eyni zamanda musiqi, kinoproqram, sənaye redaksiyaları ilə də əməkdaşlıq etmişdir. 1969-cu ildə təşkil olunmuş “Ekran” yaradıcılıq birliyində kinorejissor vəzifəsinə dəvət olunmuş və yaradıcılıq fəaliyyəti o vaxtdan bu birliklə sıx bağlı olmuşdur.

2000-ci ilin sonuna qədər 45-dən artıq sənədli film çəkmiş, 1978-1993-cü illərdə iqtisadi problemlərə həsr edilmiş 200-ə yaxın televiziya proqramının müəllifi, rejissoru və aparıcısı olmuşdur. Azərbaycan tarixi, xüsusilə də Bakı nefti və dünya neft tarixinin tədqiq edilib öyrənilməsi sahəsində geniş elmi araşdırmalar aparmışdır. Azərbaycan mətbuatında müntəzəm olaraq publisistik yazılarla çıxış edir. 1992-1997-ci illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsində “Rejissorluq və aktyorluq sənəti” fənni üzrə kurs rəhbəri vəzifəsində çalışmışdır. Eyni zamanda Azərbaycan televiziyasında müəllif filmlərinin yaradıcısıdır. 7 müstəqil filmi özündə birləşdirən və 12 seriyadan ibarət olan Azərbaycan elmi-publisistik kinoserialının müəllifi və quruluşçu rejissorudur.

1974-cü ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının və 1991-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Ailəlidir, bir övladı və bir nəvəsi var.

Facebook Comments