Xırdalan “AAAF Park” bina sakinlərini soyuqdan dondurur

Xırdalan “AAAF Park”dan mənzil alan 17 saylı küçə sakinləri dörd ildir ki, qışı qazsız başa vururlar. Bu gün bizə müraciət edib problemlərinin işıqlandırılmasını xahiş edən sakinlər bildirir ki, bu binada yaşayış 2016-cı ildən başlayıb. Amma müqavilə əsasında bütün ödənişləri edən sakinlər bu günə kimi hələ də qazla təmin edilməyiblər. 17 saylı binanın sakinlərindən biri olan Məmmədova Günay deyir ki, 2016-cı ildə mənzil alınarkən tərəflər arasında bağlanmış müqavilədə işıq, qaz, su təchizatı məsələləri ilə bağlı təminat haqda qeydlər var. İl olub 2021, hələ də binaya qaz verilməyib. Bütün sayğacların ödənişi tam şəkildə ödənilib. “2016-cı ildə mənzil alarkən müqavilə şərtlərinə uyğun olaraq, ümumi sayğaclar üçün 798 AZN ödəniş etmişik. Lakin 4 ildir qaz üzünə həsrətik. Ödəniş edən digər qonşularla da birlikdə dəfələrlə şirkətin ofisinə müraciət etmişik, lakin bizə yalnız borcu olan digər sakinlərin də borclarını ödəməsi qarşılığında qaz veriləcəyini bildiriblər. 9 aylıq körpəm var. Evlər rütubət içindədi. 2 kiçik otaqlı evdə 3 yağ sobası yandırırıq. Ay sonunda 250 manat işıq pulu gəlir (bu məbləğ ölkəmizdə minimum aylıq əmək haqqına bərabərdir). Üstəlik işıqlar sönəndə o sobalar da bir işə yaramır. Saatlar ərzində isinən ev işıq sönəndə 5-10 dəqiqəyə soyuyur”. Sakinlər bildirir ki, işıq və qaz problemləri ilə bağlı dəfələrlə əlaqədar orqanlara müraciət etsələr də, indiyə kimi problem hələ də həllini tapmayıb. Heç bir nəticə yoxdur. Şikayət məktubları Prezident Administrasiyasına, “AzəriQaz”a, Abşeron rayon İcra Hakimiyyətinə, “ SOCAR”a, Heydər Əliyev fonduna, AAAF Park-ın prezidenti Tofiq Heydərova, Azərbaycan Milli Məclisinin keçmiş sədri Oqtay Əsədova, Azərbaycan Milli Məclisinin deputatı Vüqar Bayramova göndərilib. Yalnız “Azəriqaz” və “SOCAR” cavab məktublarında bildirib ki, bu problem MTK ilə aranızda bağlanan müqaviləyə əsasən həll edilməlidir. Problem ondadır ki, sakinlərin hüquqlarını pozan da AAAF Park-dır, kimdən kimə şikayət edəcəklər. Əslində, binaya qaz xətləri 2018-ci ildən çəkilib, amma bugünədək evlərə qaz verilməyib. 2020-ci il üzrə qaz sektorunda həm hasilatı, həm də ixracı artan, dünya ölkələrinə qaz ixrac edən, erməni kilsələrini ödənişsiz qazla təmin edən Azərbaycan ölkəsinin öz vətəndaşları qazsız qalıb.

Müraciəti sakinlər adından aşağıdakı şəxslər imzalayıb.

1. Məmmədova Günay Sahib qızı
2. Amid Abduyev
3. Əhmədov Nicat
4. Rəhim İsayev
5. Sevda Cəlilova
6. Kişiyev Azər İlyas oğlu
7. Məmmədli Nahid Əzizağa oğlu
8. Şıxaliyev İlqar Ələkbər oğlu
9. Talıbov Emil Mirmehdi oğlu
10. Əlizadə Səma Həsən qızı
11. Azər Məmmədov
12. Səlimov Samir Ramiz oğlu
13. Bəşirov Mirnamik
14. Mursaguliyev Müşviq İslam oğlu
15. Ağayev Rüstəm
16. Muradova Nəzakət Abdulla qızı
17. Vəliyev Rauf

azadlıq

Facebook Comments