“Abutalıb Səmədov deyir ki, ermənilərin bizə etdiklərini unutmalıyıq, o, Rusiyanın maraqlarına xidmət edir”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun fikirləri qalmaqala səbəb olub.

A.Səmədov bildirib ki, Azərbaycan xalqı ağıllı olmalıdır, emosianallıq siyasətdə çox böyük günahdır: “Sən filan vaxtı məni qırıbsan, keçdi onlar… Unutmalıyıq, heç yada da salmamalıyıq ki, belə bir şey olub. Biz ermənini düşmən kimi qəbul edib, özümüzə də düşmən eləsək, ermənini bəxtəvər edib, onun üçün işləmiş olarıq. Özümüzü elə göstərməliyik ki, guya unutmuşuq. Çünki maraqlarımız bunu tələb edir. Azərbaycanın maraqları tələb edir ki, biz rusun düşmən olduğunu bilə-bilə də hərdən dost olduğunu deməliyik. Hərdən görəndə ki, o, bizə düşmənçilik edir, deməyək ki, sən düşmənsən. Ona düz eləmirsən deyə cavab verək”.

Partiya sədrinin bu fikirləri birmənalı qarşılanmayıb. Qeyd olunub ki, A.Səmədovun xalqın milli maraqlarına cavab vermir.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Pravda.az-a açıqlamasında deyib ki, Abutalıb Səmədov mövqeyi qəbulolunmazdır: “Almanlarla yəhudilər arasında baş verənlər unudulmur. Almaniya müharibə cinayətlərinə görə müəyyən məsələləri üzərinə götürüb. Hətta Almaniyada xilaskar rus ordusunun heykəli var. Yəhudilər də mütəmadi olaraq “Holokost” soyqırımını yad edirlər. Hətta Avropada qanun qəbul olunub. Qanuna əsasən, hətta “Holokost” soyqırımına şübhə etməyə görə 3 il müddətinə həbs nəzərdə tutulur. Türkiyənin bir partiya sədri Fransada demişdi ki, belə bir soyqırım olmayıb, ona cinayət işi açıldı. Bu cür cinayətlər qanuniləşdirilməlidir və əbədiləşdirilməlidir ki, yadımızdan çıxmasın. President hüququ var… Avropada yəhudi soyqırımı unudulubmu? Almanların ruslara, fransalılara qarşı müharibəsi unudulubmu? Xeyr! Buna görə Almaniyanın öhdəlikləri var və yerinə yetirir. Hər hansı xalq tarixdə baş verən cinayətləri unudacaqsa, növbəti dövrdə yenə də həmin cinayətlərə məruz qalacaq. Xocalı soyqırımını, 20 yanvar faciəsini unutmaq mümkün deyil. Baş verənlərin unudulması ermənilərin maraqlarına xidmət edər. Sabah bizə deyəcəklər ki, bəs siz dost idiniz axı, niyə narazısınız? Biri var düşmən deyək, hərəkətlərini də o cür qiymətləndirək, dünya da bilsin ki, Rusiya və Ermənistan bizə qarşı düşmənçilik ediblər. Desək ki, Rusiya bizim dostumuzdur, başımıza da bir iş gələn deyəcəklər ki, rus sizin dostunuzdur. Rusiyaya dost demək Avropaya, Amerikaya düşmən deməkdir. Biz bununla Rusiyanın rəqiblərinə cəbhə açırıq. Amerikada, Avropada Rusiyaya qarşı çox böyük cəbhə var, təzyiq və sanksiyalar tətbiq edirlər. Biz özümüzü Rusiyaya yaxınlaşdırmaqla həmin sanksiyaların hədəfinə çevrilirik. Rusiyada bunun əvəzində Azərbaycanın əleyhinə olaraq Ermənistanı dəstəkləyir. Abutalıb Səmədov kimi siyasi səbatsız adamların bu cür çıxışı yolverilməzdir. Bir müddət öncə, Abutalıb Səmədov “Space” televiziyasında çıxışı zamanı dedi ki, açıq şəkildə dedi ki, bütün Azərbaycan ərazisi Rusiyaya məxsusdur, Rusiyanın icazəsi olmadan bir qarış da torpağın taleyi həll edilə bilməz. O, danışdıqdan sonra özünü müdafiə etməyə çalışır, daha da batır. Daha sonra deyir ki, Xocalı soyqırımını da, 20 yanvar faciəsini də unutmalıyıq. Guya bununla Rusiyanı öz tərəfimizə çəkmiş oluruq. Rusiya bir helikopterin vurulmasına görə Azərbaycana qarşı cinayət işi qaldırıb. Azərbaycan isə nə 1918-ci il mart qırğınına, nə 1937-ci ildə baş verənlərə, nə Xocalı soyqırımına, nə də 20 yanvar faciəsinə görə Rusiyaya qarşı cinayət işi qaldırmayıb, beynəlxalq məhkəməyə verməyib. Sən unutsan da, düşmən unutmayacaq axı. Baxın, Rusiyaya məxsus helikopter vurulub, Azərbaycan üzr istəyib, Rusiya isə cinayət işi qaldırıb. Təlim-məşq uçuşları zamanı polkovnik-leytenant Rəşad Atakişiyevin idarə etdiyi Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi vuruldu. Hətta ört-bastır etmək istədilər. Hamı bilir ki, o təyyarəni Rusiya vurmuşdu. Abutalıb Səmədov səhv etsə, deyərəm, savadsızdır. Amma bu adam düşünülmüş şəkildə ona verilən proqram əsasında Rusiyanın maraqlarını müdafiə edir, vəssalam.

S.Cəlaloğlunun sözlərinə görə, ermənilərlə azərbaycanlıların birgəyaşayışı o zaman mümkün olar ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəksin, vurduğu ziyana görə kompensasiya ödəsin: “Bu mərhələdən sonra Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, İran, Türkiyə altılıq platformasında əməkdaşlıq edə bilərlər. Müharibə bitməyib, Ermənistan hələ də Qarabağda təxribatla məşğuldur, gah qanunsuz səfərlər edirlər, gah da qondarma qurumun nümayəndələri ilə sənədlər imzalayırlar, Rusiyanın orada olmasından istifadə edərək istehkamları bərkidirlər. Açıq şəkildə deyirlər ki, yenidən müharibə edəcəyik. Bizə qarşı müharibə fikrində olan ölkə ilə necə dost ola bilərik, yanaşı yaşaya bilərik. Bunların hamısı Rusiyanın oyunudur, onlar bizə problemlər yaratmaq istəyirlər. Abutalıb Səmədovun kimi adamların vəzifəsi odur ki, Rusiyanın Azərbaycandakı oyunlarından xalqın diqqətini yayındırsın. Rusiya öz siyasətini həm də Azərbaycanda olan adamlarının vasitəsilə həyata keçirir”.

Facebook Comments