“Rusiya Qarabağın ermənilərdə qalmasında maraqlıdır”

“Azərbaycan və Rusiya Baş nazirləri Dağlıq Qarabağda bərpa məsələlərini müzakirə ediblər. Niyə? Qarabağdakı bərpa işlərinin Rusiyaya nə dəxli var?

Rusiya erməni ittifaqının prezidenti və YUNESKO-nun xoşməramlı səfiri Ara Abramyan Ermənistanı qondarma “Arçax”ın “müstəqilliyini” tanımağa çağırıb.

Ermənistan Demokratik partiyasının lideri Sarkisyan bildirir ki, Rusiya “Arçax”ın torpaqlarına görə açıq-aşkar məsuliyyəti üzərinə götürüb, orada bərpa işlərini həyata keçirir və Qarabağın ermənilərdə qalmasında maraqlıdır.

Nə Rusiya, nə Ermənistan, nə də qondarma qurumun rəhbərliyində olan heç kim Dağlıq Qarabağın Azərbaycana inteqrasiyasının mümkünlüyündən bircə kəlmə belə danışmır. Aydın görünür ki, Rusiya rəhbərliyi həyasızcasına Xankəndini və ətrafını Rusiyanın bir vilayəti kimi istifadə etməyə, bu əraziləri Azərbaycandan qoparmağa çalışır və bunu da çox kobud, Rusiya şovinizminə yaraşan şəkildə həyata keçirir.

Rusiya hakimiyyətinin nəzarətində olan bütün kütləvi informasiya vasitələri dağılmaqda olan imperiyanın şovinist mediası olduğunu nümayiş etdirir, birmənalı ermənilərin tərəfini tutur, hər addımda millətimizi və dövlətimizi təhqir edir.

ABŞ-ın keçmiş prezidenti Barak Obama özünün Rusiyaya səfəri barədə xatirələrində yazır ki, əvvəlcə prezident Medvedyevlə görüşdüm. Hiss etdim ki, bu boz adam prezident olsa da heç bir sahədə qərar vermək səlahiyyətində deyil. Sonra Putinlə görüşdüm. Onu daha dərindən öyrənmək üçün çalışdım ki, daha çox o danışsın və çox uzun bir çıxış etdi. Şikayətləndi, Rusiyaya qarşı ədalətsizlikdən, iri dövlətlərin Rusiya ilə əməkdaşlıq etməməsindən şikayətləndi, baxışlarını söylədi.

Anladım ki, bu adam mövcud sistemi dəyişmək təfəkküründən uzaq adamdır. Köhnə imperiya ambisiyalarına və dar düşüncəyə əsaslanan idarəetmədən başqa idarəetməni qəbul etmir. Tipik sovet xüsusi xidmət orqanlarının yetişdirdiyi, tərbiyələndirdiyi bu cür liderlərin baxışını dəyişdirmək sadəcə mümkünsüzdür. Onlardan pozitiv nəsə gözləməyə dəyməz.

Obama ilə tamamilə razıyam. Bunları illərlə formalaşdıran bir düşüncə və sistem var ki, demokratiyanı, insan haqlarını, dövlətlərin ərazi bütövlüyü prinsipini qəbul etmir. Yalnız işğalı, yalnız şovinizmi, yalnız zoru, yalnız imperiyanı idarə edənlərin maraqları əsas götürülür. Məhz bu səbəbdəndir ki, Putin hakimiyyətə gələndən sonra Rusiya daim işğalçılıq siyasəti həyata keçirtdi, separatizmi stimullaşdırdı və separatçıların əsas dayağı oldu. Gürcüstanda, Moldovada, Ukraynada, Azərbaycanda, Suriyada öz çirkin, işğalçı siyasətini həyata keçirmək üçün on minlərlə insanın qanının tökülməsinə bais oldu. Sələfi Yeltsin belə Putindən qat-qat demokratiyaya imkan tanıyan adam idi. Əgər Yeltsin hakimiyyəti Yavlinski, Nemtsov kimi siyasilərə ötürsəydi,Rusiya indiki kimi korrupsiya, iqtisadi böhran içində çabalamırdı, təklənib küncə sıxılmış vəziyyətdə deyildi, əksinə dünyanın ən inkişaf ölkələrindən biri idi.

Bax belə ölkə və onun rəhbərliyi ilə qonşu olmağın şanssızlığı budur. Kim fikirləşsə ki, Putin, yaxud mövcud Rusiya rəhbərliyi Qarabağda ədalətin bərpa olunmasına, silahlıların tərksilah olunmasına, Xankəndində Azərbaycanın suveren hüquqlarının bərpa olunmasına, hətta azərbaycanlılarla ermənilər arasında normal münasibətlər yaranmasına təşəbbüs göstərir, o adam çox böyük səhvə yol vermiş olur.

Bu reallığı bilmədən, dilə gətirmədən və bu reaallıqla mübarizə aparmadan problemi həll etmək olmaz. Biz Xankəndi də daxil olmaqla özümüzü ev sahibi kimi aparmalı, Rusiya ilə bərabər tərəfdaş kimi davranmalı, qərarlı olmalı, eyni zamanda, digər iri güclərlə münasibətimizi yüksək səviyyəyə çatdırmalıyıq.

Dövr, zaman, dəngələr dəyişir. Tarixin gedişatının əleyhinə gedən bütün imperiyaların sonu məğlubiyyətdir.

Sonda yenə biz qalib gələcəyik …”

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının (BAP) sədri

Facebook Comments