Qarabağa dəstək aksiyasına görə saxlanılanlar barədə Ərdəbil məhkəməsinin yeni qərarı

Onlar Qarabağın azad edilməsi əməliyyatlarına dəstək verdikləri üçün saxlanılmışdılar.

Ərdəbil Cinayət Məhkəməsinin 106-cı şöbəsi Güney Azərbaycanın on milli-mədəni fəalına qarşı irəli sürülən üç ittihamdan ikisi barədə həbs qəti imkan tədbirinin ləğv olunması barədə qərar verib.

Haqlarında qərar verilən milli-mədəni fəallar aşağıdakılardan ibarətdir:
Mərziyə Cavanşir, Mehrdad Əlayi, Əli Məali Təqi Dizəc, Məhəmməd Rza Əbdiyan, Ramin Danəndə, Ramin Xorşidi Zəngbar, Şəms Əliməhəmmədi Vərgəsəran, Əhməd Məhəmmədpur, Puya Həsənxani, Daryuş Niyazi Şiran.

Azərbaycanlı fəallara göndərilən aktda onların ittihamı “milli təhlükəsizliyə qarşı toplaşmada iştirak və əlbir olmaq, səs-küy salaraq ictimai asayişi pozmaq və vəzifə başında olan polisin əmrinə tabe olmamaq” kimi göstərilib.

Dekabrın 19-da qəbul edilən qərar son günlər fəalların əlinə çatıb.

Bu fəallar, oktyabr ayının 10-da, Qarabağın azad edilməsi əməliyyatlarına dəstək məqsədilə dinc aksiya keçirməyə çağırış etdikləri üçün, İranın intizami və təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalaraq həbs edilmişdilər.

Hələlik “Ciral” parkı müttəhimləri və başqa saxlanılanlar haqqında məhkəmə rəyi verilməyibdir. Fəallar 500 milyon tümənlik zəmanət girov qarşılığılnda müvəqqəti azadlığa buraxılıblar.

Facebook Comments