Yaralılara qulluq edən könüllü tələbə: Qazilərimizə xidmət göstərməkdən zövq alıram – FOTO

Vətən müharibəsində yaralanan qazilərimizə qulluq etməkdən zövq alıram və bunu özümə mənəvi borc bilirəm.

Bunu Vətən müharibəsinin ilk günlərindən yaralılara xidmət edən, Bakı Dövlət Universitetinin Biologiya fakultəsinin 3-cü kurs tələbəsi Fəridə Rəhimli deyib.

O bildirib ki, müharibə başlanan gün cəbhəyə yollanmaq istəyib: “Cəbhəyə getmək üçün aidiyyəti qurumlara müraciət etsəm də, mənə icazə vermədilər. Amma hansı yolla olursa-olsun hərbçilərimizə kömək etmək istəyirdim. Bu məqsədlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yollandım. Orada da məni qəbul etmədilər. Hospital nəzarətçilərinə yalvardım ki, yaralılara xidmət etmək istəyirəm və bunun üçün heç kimdən heç nə istəmirəm. Bildirdim ki, onların qablarını da yumağa, yataq dəstərini də dəyişməyə razıyam. Nəzarətçilər təkidimi görüb məni hospitalın oftalmologiya bölməsinə göndərdilər. Orada həkimlərlə danışdım ki, yaralılara qulluq etməyə hazıram. Sağ olsunlar, istəyimi reallaşdırmağa şərait yaratdılar və mən yaralılarımıza qulluğa başladım. Oftalmologiya bölməsində olduğum üçün əsasən gözdən yaralılara xidmət edirdim. Onlara xidmət etməkdən qürur duyuram. Sevinirəm ki, Azərbaycanın igid oğullarına az da olsa qulluq etmişəm”.

F.Rəhimli deyir ki, ona bu addımı atmağa heç kim məsləhət görməyib: “Bakı Dövlət Universitetinin yeganə könüllü tələbəsiyəm və qərarı da özüm vermişəm. İlk gündən hospitaldayam və indi də xidmətimi davam etdirirəm. Mənim qulluq etdiyim yaralılar artıq sağalıb evlərinə buraxılıb, amma mən yenə də hospitala gedirəm və digər yaralılara xidmət göstərirəm. Hospitala o qədər bağlanmışam ki, hər gün gedirəm ora. Müharibə başlayan gündən səhər saat 07:00 radələrindən gecə yarısına qədər yaralılara qulluq edirdim, yorulmurdum. Əksinə, qulluq etdikcə daha çox qalmaq istəyirdim orada. Gecə saatlarında anam qarşıma çıxıb qarşılayırdı məni.

Müharibənin ilk günlərində yaralanan hərbçimiz var, hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilib. Dünən mərkəzdə gözlərindən əməliyyat olundu. Bu gün onun həkimi ilə danışdım. İnşallah sabah mərkəzə gedib yaralımıza qulluq edəcəyəm. Nə qədər imkanım var, yaralılarımıza qulluq etməyə hazıram və bu işdən zövq alıram”.Trend

Facebook Comments