Hərbçilərin mənzillə təmin edilməsinə 35 milyon manat ayrılır

2020-ci il Azərbaycan tarixində müstəsna il kimi qalacaq. Bu ildə Azərbaycan Ordusu Ermənistanın təcavüzünə son qoyub.

Sozcu.az xəbər verir ki, bu sözləri Milli Məclisdə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini deputatlara təqdim edən Maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, işğaldan azad edilən torpaqların yenidən qurulması qarşıdan duran ən ümdə məsələdir: “Bu məqsədlə gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulub”.

Samir Şərifov əlavə edib ki, Azərbaycan ordusuna əlavə vəsaitin ayrılması nəzərdə tutulur: “Ümumilikdə müdafiə xərclərinin cəmi 4,6 milyard manata yaxınlaşıb”.

2020-ci ildə pandemiyanın insanlara təsirinin ardan qaldırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirildiyini xatırladan maliyyə naziri qeyd edib ki, 2021-ci ildə Covid-19-la mübarizə tədbirlərinə 261 milyon manat ayrılacaq”.

O, həmçinin qarşıdan gələn ildə hərbi qulluqçuların mənzillə təmin edilməsinə 35 milyon manat ayrılacaq.

Nazir bildirib ki, 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcə layihələri “Büdcə sistemi haqqında” qanuna uyğun şəkildə hazırlanıb: “Prezidentin müəyyən etdiyi kimi, qeyri-neft sektorunun inkişafı əsas götürülüb. Növbəti ildə baş verəcək dəyişikliklər və bunun Azərbaycan iqtisadiyyatına təsirləri, ölkə iqtisadiyyatının makroiqtisadi reallıqları və iqtisadi inkişafın növbəti mərhələsinə keçidlə bağlı gözləntilər nəzərə alınıb. İlin sonuna iqtisadiyyatımızın 4%-dək kiçilməsi gözlənilir.

Hökumət tərəfindən iqtisadiyyatın canlandırılması üçün vacib tədbirlərin görülməsi nəzərdə tutulur. İqtisadi və sosial dəstək paketinin bir qismi reallaşıb, bir qisminin isə növbəti ildə də reallaşması planlaşdırılır. Hökumətin əsas amalı odur ki, iqtisadi fəallıq bərpa olunsun.

Nazir bildirib ki, gələn ilin büdcəsində mənfəət vergisi üzrə daxilolmaların artması gözlənilir. Digər daxilolmalar isə 700 milyon manat nəzərdə tutulur.

Nazir məlumat verib ki, 2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz çoxdur. 2021-ci ilin dövlət büdcəsində müdafiə və təhsil xərcləri 5,1 faiz artımla nəzərdə tutulur.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yaxşılaşdırılmasını daim diqqətdə saxlayır. Bu, gələn ilin büdcə layihəsində də öz əksini tapıb”.

Facebook Comments