Bir ölkədə ki məktəb direktoru qəssablıq edir…

Günəşimiz olan Azərbaycan təhsilini və ya təhsilsizliyini danmaq çətindir. Hələ virusun ölkəmizə yeni-yeni ayaq açdığı dövrdə ölkədə distant təhsil sistemi tətbiq olundu. O distant təhsil ki, bundan iki il əvvəl mən universitetlər arasında sorğu keçirəndə bir çoxu tətbiqi üçün lazımi avadanlıqların olmadığını deyirdi. Yəqin buna görədir ki, biz mart ayında təhsildə iməkləmədən qaçmağı öyrəndik.

Hələ həmin vaxtda təhsil ekspertləri mövcud vəziyyətdən ağrısız şəkildə xilas olmaq üçün yollar axtarıb təkliflər irəli sürərkən nazirlik hərənin ağzına bir sillə vurub “hər avazdan bir səs çıxır, ən düzünü özümüz bilirik”,- dedi. Nə vaxt zəng vurduqsa, “Lazımi tədbirlər görülür”,-deyərək bizə nağıl danışdılar.

İndi isə biz o “düzü” və görülən tədbirlərin aqibətini yaşayırıq. 5 ay sonra 4 semestrlik Magistratura təhsilinin 3 semestrını distant “təhsil”lə başa vuran gənclər diplom alacaqlar. O diplomların da yarısı cehiz kimi çemodanlarda saxlanılacaq, yarısı da tanış-tunuş hesabına işə girənlər tərəfindən hər mövzuda “mənim iki diplomum var” deyərək reklam üçün vasitəyə çevriləcək.

Diplomların paylanacağı günü səbrsizliklə gözləyirəm, yəqin çoxu “iki illik əziyyətimin bəhrəsi”, -deyibən paylaşar. Əslində, 2 il bu təhsil sisteminə dözmək, doğrudan da, əziyyətdir, hətta zülmdür. Amma gəl gör ki, əldən başqa iş gəlmir. O tələbələrin hansısa çıxıb deyə bilərdimi ki, mən diplom yox, təhsil istəyirəm? Heç bunu demək istəyəcəklərinə də inanmıram, çünki çoxunun ümidinin artıq ili çıxıb. Düşünürəm ki, onları qınamağa haqqım çatmır. Axı işə götürən qurum rəhbərləri üçün də sənin əlindəki kağız başındakından qiymətlidir. Hələ Cavidin vaxtından biz bir şeyin varlığına inanmaq üçün sübut gəzirdik. Axı Gülbahar atasının bəyzadə olduğunu bidirmək üçün dəbdəbəli geyinməliydi. İndi də savadlı olduğunu nümayiş etdirmək üçün o kağız şərtdir.

Düzü, Avropada təhsil alan nazirimizi görəndə bu dövranın dəyişəciyini düşündüm. Amma üstdən bir az keçən kimi yenə “Dəyişib dövrü-zaman, hamı gümandan danışır, Molla rüşvətxanadan, kafir imandan danışır” reallığı üzümə durdu. Mən kənd məktəbində təhsil almışam, məktəbdə al-verlə məşğul olan müəllim də görmüşəm, ingilis dili dərsində “Good morning, children”dan sonra “başına düşsün ildırım” cavabını eşidəndə dişinin 32-ni göstərən müəllim də.

Hələ çəkilən əziyyətin bəhrəsi olaraq müəllim qarşısında süpürgə ilə gitara çalanlardan söhbət açmıram. Bilirsən, “Balıq başdan iylənər”məsəli yox yerdən yaranmayıb, əzizim. Bir ölkədə ki məktəb direktoru qəssab olsun, burda təhsildən söhbət açmağın nə yeri var? Zənnimcə, 2 həftə əvvəl başına bayraq bağlayıb rəqs edən tələbəni çarmıxa çəkmək istəyənlər indi başında bayraqla 100 kilo cəmdəyini oynadan müəllimi patriot adlandırıb ona haqq qazandırar. Beyniniz o qədər kif iyi verir ki, var-dövlət belə sizin dadınıza çatmır, o qədər Allahsızsız ki, sizə deməyə lüğətimdə söz də tapmıram.

Əslində, bu hadisəyə təəccüblənməli deyiləm. Çünki məktəb direktorlarının bir çoxunun bazarda kartof satmağı təhsilin necə idarə olunmasından daha yaxşı bildiyi çoxumuza məlumdur. Bu ölkədə təhsil o qədər ölüb ki, kimi direktor şagirdə bullinq edir, kimi təmir üçün ayrılan vəsaiti cibinə atır, kimi də qəssab olmaq arzusu ilə alışıb yanır. Bizə də ölmüş təhsilimizə fatihə oxumaq qalır.

Sayad Həsənli

Facebook Comments