Türkiyə parlamenti Türkiyə-Azərbaycan arasında tərcihli ticarət haqqında saziş layihəsini qəbul edib

Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyə-Azərbaycan arasında preferensial (tərcihli) ticarət haqqında saziş layihəsi qəbul edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, layihə öncə millət vəkilləri tərəfindən müzakirə olunub.

İyi Partiyanı təmsil edən millət vəkili Yavuz Ağıralioğlu türkdilli dövlətlərin ticarət əlaqələrinin gücləndirilməsinin vacibliyini bildirib. Millət vəkili deyib ki, 8 türk dövlətinin iqtisadi əlaqələrinin böyüklüyü dünyada istehsal edilən ümumi daxili məhsulun 87-də 1-nə bərabərdir: “Türk respublikaları ilə sazişlər qəbul edilir, amma tətbiqinə gəlincə bu proses ləngiyir. Almanların iqtisadiyyatı 5 dəfə inkişaf edirsə, bizdə bu 10 dəfə inkişaf etməlidir, ingilislərdə bu rəqəm 6 isə, bizdə 12 olmalıdır, necə deyərlər, onlar yeriyirsə, biz qaçmalıyıq”.

Deputat qəbul edilən belə sazişlərin düzgün idarə olunmasının vacibliyini bildirib.

Milliyyətçi Hərəkat Partiyasını (MHP) təmsil edən millət vəkili Yaşar Karadağ Türkiyə-Azərbaycan əlaqələrinin hərtərəfli inkişaf etdiyini və bir çox ölkələrə nümunə olduğunu deyib.

Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Mahir Polat bu il fevralın 25-də tərcihli ticarət haqqında saziş layihəsinə dair tərəflər arasında çərçivə protokolları, mayın 31-də isə Azərbaycan tərəfin bu protokolların qəbuluna dair razılıq sənədi imzalandığını xatırladaraq, Türkiyə tərəfin bu prosesdə gec qaldığını vurğulayıb: “Bu sazişə baxdıqda Azərbaycan bizə 15 adda, biz də Azərbaycana 15 adda məhsul mübadiləsi ediləcəyini görürük. Bu məhsullar arasında qarşılıqlı güzəştli tarifləri tətbiq edirik”.

Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.

Facebook Comments