Rusların Əfqanıstanı işğal etməsindən 40 il ötdü

40 ildən bir az əvvəl, 25 dekabr 1979-cu ildə Əfqanıstan müharibəsi başladı. 40-cı ümumqoşun ordusunun hissələri Əfqanıstan sərhədini keçdi. Sovet İttifaqı cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək bəhanəsilə Əfqanıstana qoşun yeritdi.

Lakin tezliklə SSRİ-də dağıdıcı qüvvələr, “yenidənqurucular və demokratrlar” hakimiyyətə gəldi, bu da Əfqanıstan müharibəsinin kədərli nəticələrinə səbəb oldu. Əfqanıstan, SSRİ-nin daxili və xarici rəqiblərinin Sovet dövlətinin parçalanması prosesini sürətləndirməsinə imkan verən bir tələyə çevrildi.

Sadəcə müharibə

Hərbi-strateji baxımdan bu lazımlı bir müharibə idi. SSRİ cənub sərhədlərini qorumaq üçün Əfqanıstanda sözəbaxan bir rejimi dəstəkləməli idi. Sovetlər bunu etməsəydi, amerikalılar bunu edəcəkdi. 2000-ci illərdə ABŞ və NATO-nun Əfqanıstanı strateji plasdarm kimi ələ keçirdiyi vaxtlarda olduğu kimi… Əfqanıstan Hindistana, İrana, Orta Asiyaya, SSRİ/Rusiyaya və Çinə təsir göstərməyə imkan verir.

Beləliklə, Sovet İttifaqı cənub sərhədlərinin təhlükəsizliyini Əfqanıstana daxil olmaqla təmin etdi.

Əslində SSRİ Əfqanıstana qanuni şəkildə – ölkənin siyasi rəhbərliyinin xahişi ilə daxil oldu. Üstəlik, bütün tarixi boyu Əfqanıstan heç vaxt SSRİ qoşunlarının müdafiəsi altında olana qədər sərbəst yaşamamışdı.

Bunun üçün sadəcə o illəridə çəkilən əfqanların şəkillərinə baxmaq kifayətdir. Sovet İttifaqı ölkəyə çox böyük sərmayə qoydu, yollar, körpülər, məktəblər, xəstəxanalar, yaşayış evləri inşa edildi, kənd təsərrüfatı və sənaye inkişaf etdirildi, narkotik ticarəti ilə məşğul olan quldurlar ilə mübarizə apardı, normal həyat qurmağa cəhd etdi. Əfqanıstanda mədəni inqilab, modernləşmə baş verdi, ölkə dünyəvi oldu, arxaik təsirlərdən uzaqlaşdı.

Sonralar adi əfqanlar Qərb əsgərləri ilə müqayisədə sovet şurəvilərinin daha yaradıcı olduqlarını, xalqın yeni, daha yaxşı bir həyat qurmasına kömək etdiklərini qeyd etdilər. Amerikalılar gəldikdən sonra isə dağıntılar artdı. Qərb yalnız qazancla maraqlandı. Əgər ruslar əfqanları xalq hesab edirdilərsə, amerikalılar yerliləri tam hüquqlu insan belə hesab etmirdilər.

Qərb xüsusi xidmət orqanları narkotik maddələrin istehsalı və tranzitinə nəzarəti ələ aldı, istehsalını dəfələrlə artırdı, Əfqanıstan isə nəhəng qlobal heroin fabrikinə çevrildi. Xalqın böyük hissəsi yoxsullaşdı, bacardıqları kimi yaşadılar, quldur və narkotik satıcıları ölkəni idarə etdilər. Arxaik düşüncə qalib gəldi, keçmişə, feodal və qəbilə qaydalarına geri dönüş oldu. İndi Əfqanıstan qeyri-sabitlik dalğalarının planet boyu yayıldığı xaosun “inferno zonasına” çevrilib.

Əslində Rusiya daxili problemləri həll edərsə və dünyada öz mövqeyini bərpa etsə, yenə də əfqan probleminə qayıtmaq məcburiyyətində qalacaq. Bu, dünyanın bir “narkotik fabriki” mövzusudur. Beləliklə, Federal Narkotiklərə Nəzarət Xidmətinin məlumatına görə, hər il Rusiyada Sovet İttifaqının Əfqanıstanda doqquz illik müharibə zamanı həlak olan əsgərlərindən iki dəfə çox insan Əfqanıstanda istehsal olunan heroindən ölür. Əfqanıstan əhalisinin böyük bir hissəsi artıq normal yaradıcı, məhsuldar fəaliyyətlə məşğul ola bilmir, əslində məhsuldar fəaliyyət deyə bir şey də qalmayıb. Bütün həyat narkotiklərlə bağlıdır. Bu, radikal “qara” dindar qrupların cənub strateji istiqamətindən hücum həyata keçirən “xilafət” məsələsinə bənzəyir. SSRİ dağılandan sonra yalnız deqradasiyaya uğrayan bütün Türküstan görünən gələcək perspektivdə davamlı xaos zonasına çevrilə bilər. Minlərlə “xilafət” döyüşçüsünün də daxil olduğu milyonlarla qaçqından ibarət köç dalğaları Rusiyanı əhatə edəcək. Cənub sərhədi demək olar ki, açıqdır, böyükdür və təbii sərhədləri də yoxdur. Buradan qanunsuz miqrantların, radikalların, silahların, narkotiklərin, müxtəlif qaçaqmalçılıq və ekstremist materialların və s. axını hər an baş verə bilər. Bundan əlavə, ABŞ və Çinin bölgədə mövcudluğu da Rusiyanı narahat edir.

Pis mübarizə apardınız

Yenidənqurma və yenidənqurmadan sonrakı illərdə Əfqanıstandakı sovet qoşunlarının üzərinə çirkab atdılar. Liberallar və qərbyönümlülər Sovet ordusunun necə səmərəsiz və köhnə olduğunu göstərməyə çalışdılar. Bu müharibənin faydasız olduğunu, əfqanların ruslara nifrət etdiyini və rusların orada hərbi cinayətlər törətdiyini iddia etdilər. Əslində Sovet ordusu Əfqanıstanda bacardığı qədər savaşdı. Tam qələbəyə yönəlmişdi. Demək olar ki, ölkənin əsas ərazisi 40-cı Ordu və Əfqanıstan Demokratik Respublikası (ƏDR) hökumətinin qüvvələrinin nəzarəti altında idi. Bu ərazilərdə bəzən problemlər və ya kiçik döyüşlər baş verirdi. Yerli ordu, Daxili İşlər Nazirliyi və xüsusi xidmət orqanları da SSRİ nəzarətində idi. Bundan əlavə, müharibənin ikinci yarısında Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı qüvvələrinə güvənməyə başladılar, onlar nizamsız düşmən birləşmələri ilə müharibədə məqbul olan metodlarla karvanları, sahə komandirlərini və s. aradan götürməyə başladılar. Əlbəttə, səhvlər olurdu. Xüsusilə, qoşun yerləşdirilməsi barədə kifayət qədər düşünmədilər. Böyük dəstələri məhv etmək üçün ümumqoşun birləşmələrini belə qısa müddətdə Əfqanıstana yeritmək zəruri deyildi. Əsasən hərbi məsləhətçilərin, hərbi mütəxəssislərin, xüsusi təyinatlıların, BKİ və KQB-nin köməyi ilə hərəkət edilməli idi. Hava Qüvvələrindən istifadə edərək nöqtə əməliyyatları aparmaq zəruri idi. Qərb kimi hərəkət etmək, yəni yerli əhalidən öz qüvvələrinizi formalaşdırmaq, silahlandırmaq, təlim keçmək, məsləhətçilər vermək, hava zərbələri ilə atəş dəstəyi göstərmək daha doğru idi. Bu yolla dost Nəcibullahın rejimini qorumaq da mümkün idi. SSRİ-nin nəzarətində olan əfqan silahlı qüvvələri yaratmaq, onları silah, avadanlıq, döyüş sursatı, yanacaqla təmin etmək Əfqanıstanı əldə saxlamaq üçün kifayət idi.

NATO və ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarından göründüyü kimi, qərblilər Sovet Ordusundan daha fərqli mübarizə apardılar. Eyni zamanda, 2000-2010-cu illərdə yerli üsyançılara xarici qüvvələr tərəfindən ciddi dəstək verilmirdi. SSRİ əleyhinə olan mücahidləri Moskvaya qarşı strateji müttəfiq olan İngiltərə və ABŞ xüsusi xidmətləri, həmçinin onların müttəfiqləri olan islam və ərəb ölkələri dəstəkləyirdi. Amerikalılar Əfqanıstana daxil olan kimi bir neçə strateji baza yaratdılar, paytaxta, rabitə qovşaqlarına və narkotik ticarəti üzərində nəzarəti ələ keçirdilər. Əfqan xalqına, ətrafda baş verənlərə isə ciddi əhəmiyyət vermədilər.

Burada əsas sual Kremlin siyasi iradəsində idi. Sovet İttifaqı Əfqanıstana nəzarəti bəlkə də saxlaya bilərdi, mücahid dəstələrini bir az da sıxışdırardı, lakin bunun üçün mücahidlərin sponsorları ilə məsələni həll etmək vacib idi. ABŞ əsasən Səudiyyə Ərəbistanı və Pakistanın xüsusi xidmət orqanlarının köməyi ilə hərəkət edirdi. SSRİ də onlara güc yolu ilə təsir edə bilərdi. Məsələn, Pakistandakı sığınacaqlara, sahə düşərgələrinə və arsenallarına nöqtə hücumları həyata keçirmək çətin deyildi. Beynəlxalq radikalizmin təşkilatçılarının fiziki olaraq aradan qaldırılması da mümkün idi, lakin buna sovet rəhbərlərinin iradəsi çatmadı. Sovet İttifaqını artıq “yenidən qururdular”, yəni parçalayırdılar, təslim olmağa hazırlayırdılar. Buna görə Sovet Ordusuna müharibənin əsas sponsorlarını və ixrac mərkəzlərini məhv etməyə imkanı verilmədi.

Əslində ordu ölkə qarşısında öz vəzifələrini vicdanla və cəsarətlə yerinə yetirdi. Sovet qoşunlarını Əfqanıstandan çıxaran “yenidənqurma” qorxaqları, orada əvvəlcə quldur dəstələrinə, narkotik ticarətçilərinə, radikallara möhkəmlənməyə imkan verdilər, sonra isə böyük Sovet İttifaqını dağıtdılar. Onları hətta ölümündən sonra olsa da, hərbi tribunala çıxarmaq vacib idi.

Əfqan tələsi

SSRİ Əfqanıstan müharibəsi olmadan da dağılacaqdı. Sovet sivilizasiyasında dağıdıcı proseslər Xruşşov dövründə başladı. Yəni Əfqanıstan əsas amil deyildi, yalnız ön şərtlərdən, detonatorlardan biri idi. Lakin müharibə Sovet hakimiyyətinin həm daxili, həm də xarici düşmənləri tərəfindən bacarıqla istifadə edildi. Ölkə daxilində ehtimal olunan böyük itkilər, maliyyə və maddi xərclər üzərində isterika artmaqda idi. Nəticədə müharibənin uduzulması barədə ictimai rəy formalaşdı. Eyni fikir dünya birliyi tərəfindən də aparıcı rəyə çevrildi.

SSRİ-nin xarici düşmənləri də bu vəziyyətdən maksimum istifadə etdilər. Keçmiş MKİ direktoru və ABŞ Müdafiə katibi Robert Qeyts “Kölgədən çıxış” adlı xatirə kitabında Amerika kəşfiyyat orqanlarının Sovet Ordusunun Əfqanıstana girməsindən altı ay əvvəl mücahidlərə kömək etməyə başladığını etiraf edir. Əslində ABŞ Kremli Əfqanıstana girməyə təhrik edirdi. ABŞ Prezidentinin keçmiş Milli Təhlükəsizlik Müşaviri və görkəmli siyasətçi Zbiqnev Brzezinski də Qeytsin sözlərini təsdiqləyib:

“Bu məxfi əməliyyat parlaq bir ideyadır! Biz rusları Əfqan tələsinə saldıq”.

Qərb yaranmış vəziyyətdən çox məharətlə istifadə etdi. “Dünya birliyi”nin bütün güclü informasiya və təbliğat agentlikləri dərhal müsəlman dünyası üçün ruslardan düşmən obrazı yaratdı.

Onlara qarşı müsəlman cəbhəsi formalaşdı. İngiltərə və ABŞ isə çoxdan İslam dünyasının SSRİ ilə münasibətlərini pozmağa çalışırdı. ABŞ və NATO ilə qarşıdurmanı da nəzərə alsaq, bu artıq ikinci bir cəbhə demək idi. Müharibədən əvvəl amerikalılar yerli səhra komandirləri və mücahidlər ilə əlaqə yaratmışdılar, buna görə də dərhal silah, döyüş sursatı, avadanlıqlar və rabitə vasitələrinin təchizatına başlandı. Hətta ABŞ əleydarı İran da SSRİ-yə qarşı silah götürdü. Pakistan ərazisində mücahidlərin plasdarmları, bazaları və arxa cəbhə təminat məntəqələrinin yerləşdiyi də iddia edilir. Ərəb monarxiyalarının, ilk növbədə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin böyük maliyyə imkanları SSRİ ilə müharibəyə yönəldildi.

Əfqanıstan müharibəsi zamanı Qərbin, Ərəb monarxiyalarının və Pakistanın xüsusi xidmət orqanları SSRİ qoşunlarına ciddi maneələr yaradırdılar. Burada radikallardan ibarət idarəetmə orqanlarının yaradılması da nəzərdə tutulurdu. Onlar yalnız “kafirlərə” deyil, digər təriqət və cərəyandan olan müsəlmanlara qarşı da amansız idilər. Vaşinqton 1985-ci ildə Səudiyyə Ərəbistanından böyük həcmdə neftin dünya bazarına çıxarılmasını da təmin etdi, bu isə “qara qızıl”ın qiymətinin aşağı düşməsinə səbəb oldu. 1986-cı ildə bu qiymət bir barel üçün 10 dollara və daha da aşağı oldu. Bu isə SSRİ iqtisadiyyatına güclü zərbə vurdu, nəticədə Qərb Kremli “neft iynəsinə” otuzdura bildi.

Beləliklə, Qərbdən və müsəlman Şərqindən ibarət anti-sovet ittifaqı quruldu. Çin belə SSRİ-yə qarşı çıxdı. SSRİ-nin Əfqanıstanda məğlub edilməsi üçün hər şey edildi. Amerikalılar ümid edirdilər ki, Əfqanıstan müharibəni Sovet Türküstanı (Orta Asiya) ərazisinə keçirmək üçün bir plasdarm olacaq. Lakin təkcə Əfqanıstan müharibəsi ABŞ və onun müttəfiqlərinin SSRİ üzərindəki qələbəsini təmin edə bilmədi.

SSRİ-nin köməyi ilə Əfqanıstan tez bir zamanda yaxşılığa doğru dəyişirdi, insanlar heç vaxt belə yaxşı yaşayış görməmişdi. Sovet ordusu və Əfqanıstan təhlükəsizlik qüvvələri, demək olar ki, ölkəni əksər hissəsini nəzarətdə saxlayırdı. Məhəmməd Nəcibullahın hakimiyyəti də möhkəm idi. Yəni müharibəni Ordu uduzmadı. Ölkəni və Ordunu Qorbaçovun başçılıq etdiyi sovet elitası təslim etdi.

Əslində, Moskva müharibəni sovet elitasının bir hissəsinin SSRİ-nin təsliminə açıq şəkildə hazırlaşdığı bir vaxtda, daxili çürümə şəraitində olarkən başladı. Yəni ordu, hüquq-mühafizə orqanları əllərindən gələni etdilər, vəzifələrini yerinə yetirdilər, mübarizə apardılar. Lakin Sovet mədəniyyətinin, Sovet hakimiyyətinin, SSRİ və Sovet Ordusunun təslim edilməsi haqqında qərar artıq qəbul edilmişdi. Nəticə də buradan yarandı.

Yazı Aleksandr Samsonovun məqaləsi əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev

Ordu.az

Facebook Comments