Axtardığımız Araik “sülhməramlı” Rüstəmin qollarında…

Dünən əsirlərin gəlişini əks etdirən fotoşəkillərdə Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun olması təəccüblü məqam idi. Əsirlərin gəlişində rus generalın iştirakı nə dərəcədə lazımlı idi? Və yaxud “sülhməramlı” Rüstəm bizdən ötrü gəlmişdi Bakıya? Məncə yox, yenə də həmişəki rus niyyəti ilə gəlmişdi…

Öz missiyasını ermənilərin könlünü xoş etmək üçün hərtərəfli genişləndirən general qırmızı xətti çoxdan keçib. Özü ilə 44 erməni əsiri aparıb ermənilərə təvil verən Muradovun İrəvan aeroportunda etdikləri yumşaq dillə desək həyasızlıqdan başqa bir şey deyildi…

Təsəvvür edin səhər tezdən günə yaxşı əhval-ruhiyyə, gümrah başlamaq istəyən bir azərbaycanlı yeniliklərdən xəbər tutmaq üçün hazırkı reallığı nəzərə alanda həyatımızın ayrılmayan parçasına çevrilmiş sosial şəbəkəyə girir və Rüstəmlə Araikin uzunmüddətdir bir-birini görməyən can-ciyər dostlar kimi görüşünün videosuna baxır… Di gəl bütün günü bu təhqir videosunu unutmağa çalış. Bəli təhqir…

Bizim prokurorluğun axtarışa verdiyi, əli neçə-neçə insanımızın qanına batmış əclaf xunta başçısı Araik Arutyunyanı qucaqlayan “sülhməramlı” bizi təhqir edir. Bizi saymadığını nümayişkəranə şəkildə göstərir.

Hər cəhdlə Dağlıq Qarabağda vəziyyəti gərginləşməyə çalışan rusların bura gəlişi onsuz da birmənalı qarşılanmamışdı. Son günlər onların özlərini torpaq sahibi kimi aparmaları, Qarabağdakı separatçı rejimin müdafiəsinə qalxmaları cəmiyyətimizdə haqlı narazılığa səbəb olub. 1 aydır Qarabağa gələn sülhməramlılar artıq hədlərini aşmağa başlayıb. Əslində, onlar bizə gələcəkdə baş verə biləcək hadisələrin balaca bir hissəsini göstərməyə çalışırlar. Yəni bu hələ aysberqin görünən tərəfidir. Görünməyən tərəfini görməmək və onların niyyətlərinin reallaşdırılmasının qarşısını almaq üçün cəmiyyət olaraq birləşməli, bütün fikir ayrılıqlarını bir kənara qoyub “dəmir yumruğ”un gücünü bu dəfə soyuq müharibədə göstərməliyik.

Necəki son xəritə qalmaqalında bütün cəmiyyət bir hədəfə vurdu və “sülhməramlılar” geri oturduldu. Torpağın əsl sahibinin kim olduğunu onlara hər gün, hər saat, hər an xatırlatmalı, pusquda durmuş bədniyyətlilərə şans verməməliyik. Xunta başçısı ilə bu qədər səmimi davranan, onu tutub Azərbaycana təhvil vermək əvəzinə başını tumarlayan “sülhməramlı” Rüstəmə də yeri göstərilməli və nə üçün burda olduğu xatırladılmalıdır. Ümid edək ki, bu xəbərdarlığı görməyimiz elə də uzun çəkməyəcək. Çünki atalar demişkən, dəmiri isti-isti döyərlər…

Mətləb Qurbanov

Facebook Comments