PAŞİNYANIN İSTEFASI TƏLƏBİ SƏNGİMİR –Müharibədən silahla dönənlər onu hakimiyyətə tuşlaya bilər – TƏHLİL

Aşot Qazazyan

“Nezavisimaya qazeta”

Erməni müxalifətinin çoxdan bəri danışdığı “isti payız” oktyabrın 8-də başlamalı idi. Məhz həmin gün 3 siyasi qüvvə Azadlıq Meydanında mitinqin keçiriləcəyini elan etmişdi. Qagik Sarukyanın “Çiçəklənən Ermənistan”, “Daşnaksütyun” və Artur Vanetsyanın “Ana vətən”i növbədənkənar parlament seçkisi tələbi qoyurdu. Ancaq buna nail olmaq üçün əvvəlcə baş nazir Nikol Paşinyan vəzifəsindən azad edilməli idi. Beləliklə, gündəlikdə bir məsələ vardı: müxalifətin fikrincə, bütün sahələrdə – sosial məsələlərdən iqtisadiyyata, Qarabağ probleminin həlli problemindən tutmuş xarici siyasətə qədər uğursuz olan Paşinyan hökumətinin istefasına nail olmaq.

Ancaq sentyabrın 27-də Dağlıq Qarabağda müharibə başlayıb. Həmin mitinq baş tutmayıb. Ölkədəki daxili siyasi vəziyyət Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentləri ilə hərbi əməliyyatların dayandırılması barədə ortaq bəyanat imzaladıqdan sonra daha da pisləşib. Tərəflər müharibəni dayandırmaq barədə razılığa gəliblər. Yalnız Qarabağ üçün təhlükəsizlik kəməri təşkil edən bölgələr deyil, eyni zamanda, Şuşa şəhəri də daxil olmaqla, Qarabağ torpaqlarının bir hissəsi Azərbaycanın nəzarətinə keçib.

Ermənistanda çoxları bu müqaviləni təslim kimi qəbul edib. İrəvanda iğtişaşlar başlayıb. İnsanlar hökumət binasına basqın edib, talanlar olub, sonra parlament binası önündə Milli Məclisin sədri Ararat Mirzoyan döyülüb. Qəzəbli kütlə Paşinyanı “xain” adlandıraraq dərhal istefasını tələb edib. Hökumətin istefasını tələb edən üç partiyaya daha 14-ü qoşulub.

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, Milli Elmlər Akademiyasının akademiki Gevorq Poqosyan bildirib: “Gözləntilərinin əksinə olaraq, Azərbaycanla ay yarımlıq müharibə erməni tərəfinin tam məğlubiyyəti ilə sona çatıb. Cəmiyyət məğlubiyyətə hazır deyildi. Əksinə, döyüş mövqelərimizi daha da gücləndirməsi və hətta Dağlıq Qarabağın təhlükəsizlik sərhədlərini genişləndirməli olan zəfərli bir müharibəyə köklənmişdi”.

Alimin fikrincə, qalib əhval-ruhiyyə rəsmi medianın gündəlik cəbhə xəbərləri ilə geniş dəstəklənib, hakimiyyətin gündəlik ritorikasına çevrilən həyasız yalanlar, sonradan məlum olduğu kimi, cəmiyyəti sakitləşdirmək üçün uydurulub.

“Müharibədə qohumlarını və dostlarını itirən insanlar da daxil olmaqla, əhalinin bir hissəsi şoka düşüb. Digəri nə baş verdiyini anlamayıb. Belə bir nəticəni gözləyənlər və buna görə də, etirazlara və hökumətin dəyişdirilməsinə dair tələblərə hazır olanlar da var idi. İqtidara inanmağa davam edən və onun dəyişdirilə bilməyəcəyinə inanan cəmiyyətin xeyli hissəsi də var: onlar üçün bu, ikiqat fəlakət olub. Cəmiyyət müharibədən sonrakı ilk günlərdə təxminən bu vəziyyətdə idi”.

Hökümətin fəaliyyətini qiymətləndirən Poqosyan iki-üç gün ərzində onun kütlənin qəzəbindən gizləndiyini söyləyib. Sonra diqqətlə, “uzaqdan” işləyərək məğlubiyyətçi davranışı üçün mənasız izahatlar verməyə başlayıb: “Həmişə olduğu kimi, əvvəlki hakimiyyətlər hər şeydə günahkar idilər, müasir müharibəyə yaxşı hazırlaşmayıblar və əslində, bütün sülh danışıqlarını Ermənistan qoşunları tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayonun təslim edilməsi məsələsi ilə uzlaşdırdılar. İmzalanmış müqavilənin şərtlərinə görə, bütün bu ərazilər, Şuşa ilə dərhal geri qaytarılmalı idi”.

Əslində, Ermənistan və Azərbaycanın siyasi liderləri 25 ildir ki, həmin ərazilərə dair sonsuz danışıqlar aparıblar. Heç bir tərəf güzəştə getmək istəməyib, nəticədə, birincilər xain çıxıblar – xalqın gözündə: “Göründüyü kimi, 2018-ci ildə Ermənistanda qalib gələn “məxməri inqilab”ın liderləri bu ağır yükü öz üzərinə götürməyə razı olublar. Əvvəllər onları həvəslə dəstəkləyən Qərb qüvvələri ya dəstəyi kəsib, ya da mübarizənin qızğın çağında “gənc inqilabçılar” qarşıdakı hadisələrin bütün faciəsini dərindən anlamayıblar”.

Döyüşmədən və müqavimət göstərmədən 7 rayonu təslim etmək üçün açıq şəkildə yetərincə ağıl, ruh və cəsarət yox idi. Nəticədə, ağır döyüşlərdən sonra əsassız olaraq böyük insan, ərazi, hərbi-texniki və geosiyasi itkilərlə təslim olublar. “Bu, ruhlarına təkəbbür cinləri hakim olmuş gənc liderlərin məkrli sonudur”.

Poqosyanın fikrincə, nəzəri olaraq hələ birtərəfli güzəştlər etmək (indikindən az) və düşmənlə danışıqlar yolu ilə uzunmüddətli qarşılıqlı məqbul sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün fürsət var idi: “Bu, bütün dünya ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanacaqdı və müharibə edən ölkələrin hər iki lideri də Nobel Sülh Mükafatına ümid edə bilərdi”.

Ancaq bu baş vermədi. Hər iki ölkənin liderlərinin ağrılı şəxsi ambisiyaları üstünlük təşkil etdi. Hər iki tərəfdə minlərlə insan itkisi, on minlərlə yaralı və şikəst əsgər, yüzlərlə itkin düşmüş, məhbus və qaçqın… Azərbaycan əraziləri yandırılmış kəndlər, dağılmış yollar və rabitə ilə geri qaytardı. Ermənistan strateji təhlükəsizlik kəmərini itirdi. Dağlıq Qarabağ sakinlərinin taleyi tamamilə Rusiya sülhməramlı qüvvələrinin ixtiyarına keçdi.

İrəvanda hər gün hökumətin və baş nazir Paşinyanın istefası tələbi ilə mitinqlər və yürüşlər keçirilir. Hökumət əhalinin etimadını itirib, satqınlıqda və milli maraqlara xəyanətdə şübhəli bilinən biabırçı məğlubiyyətdə günahlandırılır. Ölkə prezidenti, elmi xadimləri və yaradıcı ziyalılar, müxalif siyasi partiyalar və erməni diasporasının böyük birlikləri də hökumətin istefası fikrini müdafiə edirlər.

Poqosyana görə, hökumətin “siyasi cəsəd”ə çevrildiyi bir çoxlarına aydındır və o, ölkəni idarə etməyə davam edə bilmir. Paşinyan israrlıdır, istefa verməyəcək və parlament müxalifətinin ona impiçment tətbiq etməsi üçün kifayət qədər səsi yoxdur. Proses dayanıb və küçə davaları ilə nəticələnib.

Müxalifət qətiyyətli, sərt mövqedədir, keçən Şənbə günü minlərlə adamın təşkil etdiyi bir mitinqdə gələcək fəaliyyət proqramını açıqlayıb və 17 müxalifət partiyasından baş nazir vəzifəsinə vahid namizəd irəli sürülüb: müstəqil Ermənistanın ilk baş naziri Vazgen Manukyan…

Müxalifətin ideyasına görə, o, bir il müddətində keçid hökuməti qurmalı və ölkəni növbədənkənar parlament seçkilərinə hazırlamalı olacaq. Gevorq Poqosyan bildirib: “Ermənistana yeni insanları, ölkəni dərin böhrandan çıxara bilən təcrübəli mütəxəssisləri gətirəcək yenidən yüklənməyə ehtiyac var”.

Ermənistandakı siyasi vəziyyətin müharibəni uduzan bir ölkədə gözlənilən vəziyyətə qətiliklə oxşamaması ilə beynəlxalq məsələlər üzrə mütəxəssis Manvel Qumaşyan da razılaşır: “Məsələ burasındadır ki, məğlubiyyətdən sonra ölkə rəhbərliyi nəinki istefa verməli, həm də məsuliyyət daşımalı, cəbhədəki uğursuzluqlara görə cavabdeh olmalı idi”.

Çoxları xalqın Paşinyana qarşı ayağa qalxacağını və 2018-ci ilin yazında Serj Sarkisya kimi devirəcəyini gözləyirdi. Lakin tezliklə məlum oldu ki, erməni cəmiyyəti bütövlükdə fərqli davranır.

Qumaşyan bildirib: “Heç kim hələ ciddi rəy sorğusu keçirməsə də, yüksək ehtimalla, bu gün xalqın əksəriyyətinin baş nazirin istefası və erkən parlament seçkilərinin tərəfdarı olduğunu iddia etmək olar”.

Onun fikrincə, müxalifətin və Ermənistan cəmiyyətinin bu məsələdəki yanaşmalarındakı fərq budur: Ermənistan Milli Məclisinə yeni seçkilər nə vaxt keçirilməli və Paşinyandan sonra müvəqqəti baş nazir kim olmalıdır?

İlk baxışda müxalifətin müvəqqəti baş nazir olaraq təklif etdiyi Vazgen Manukyanın namizədliyi bir uzlaşmaya çevrilə bilər: “Buna baxmayaraq, müstəqil Ermənistanın yaranmasının mənşəyində dayanan bir şəxs olaraq cəmiyyətdə müəyyən bir hörmətə sahib olsa da, Vazgen Manukyanın siyasi çəkisi o qədər də böyük deyil, üstəlik, onu müvəqqəti baş nazir vəzifəsinə namizəd göstərən köhnə rejimin tərəfdarlarıdır. Böyük ehtimalla, Vazgen Manukyan müxalifətin fəaliyyətini yüksəldə bilməyəcək və xalq onun arxasınca getməyəcək”.

Erməni cəmiyyətinin hazırkı aşağı siyasi fəallıq, apatiya müəyyən rol oynayır. Anti-Paşinyan çıxışlarının passivliyində başqa bir amil də var. Fakt budur ki, müharibədən sonra Qarabağdan qayıdan bir çox döyüşçü xeyli sayda silaha sahibdir. Onların əksəriyyəti artıq silahlarını təhvil vermiş olsa da, polis və xüsusi xidmət orqanları silahları fəal şəkildə müsadirə edir, çünki ölkədəki vəziyyət daha da gərginləşərsə, bundan istifadə ilə bağlı real bir təhlükə var.

“Müharibə əsirləri və mülki şəxslər, cəsədləri təhvil verilməyənlər var, bu da öz növbəsində qohumlarının, yaxınlarının, dostlarının onsuz da çətin psixoloji vəziyyətini ağırlaşdırır. Ölkədəki vəziyyəti kəskin şəkildə gərginləşdirmək üçün daha nəyə ehtiyac var?” – deyə Qumaşyan soruşur.

Paşinyanın kənarlaşdırılması və müxalifətin hakimiyyətə gəlməsi üçün köhnə kart işləmir, yəni Rusiyanın ən yüksək rəhbərliyinin dəstəyi. Strateji müttəfiqlərimizin postsovet məkanındakı “rəngli və məxməri inqilablar”ın liderlərinə qarşı düşmənçiliyinin özəl rəğbət və antipatiyaları, “imperiya mənafelərini” üstələməsi, şübhəsiz ki, sadəlövhlükdür. Bunu son KTMT sammitində Rusiya prezidenti Vladimir Putinin Paşinyanı dəstəkləməsi bunu təsdiqləyir.

Bəs Paşinyan və komandasını, həqiqətən, kim əvəz edə bilər və Dağlıq Qarabağla bağlı danışıqların sonrakı taleyi necə olacaq?

Birinci sualı cavablandıran ekspert EMK-nın (Erməni Milli Konqresinin) lideri, ilk prezident Levon Ter-Petrosyanın hakimiyyətə gəlmək üçün ən real şansa sahib olduğunu irəli sürüb. Bu gün EMK-nın Paşinyanı tənqid etməsi, eyni zamanda, müxalifətin populyar olmayan qanadı ilə əlaqələnmək istəməməsi deyilənlərin lehinədir. Bu gün hamı xatırlayır ki, uzaq 1997-ci ildə Ter-Petrosyan Azərbaycanın müstəqilliyini tanıması müqabilində Dağlıq Qarabağ ətrafında 7 qondarma bufer bölgənin geri qaytarılmasının tərəfdarı idi. Ermənistanın ilk Qarabağ müharibəsindəki qələbəsindən sonra bu, tamamilə mümkün idi. Lakin elitanın hərbi qanadı Ter-Petrosyanın təklifini rədd edərək onu istefaya məcbur etdi.

Güman etmək olar ki, EMK-nın fəaliyyəti qışın sonu – gələn ilin yazının əvvəlində, erkən seçkilərin perspektivləri aydın olduğu və mövcud müxalifətin sıradan çıxaraq dağılacağı zaman artmağa başlayacaq. Qumaşyan deyib: “Paşinyan komandasına gəlincə, düşünürəm ki, bu, EMK-nın qarşıdakı parlament seçkilərində əsas rəqibi olacaq. Paşinyan səlahiyyət müddətinin sonunadək, yəni 6 ay hakimiyyətdə qalmağı və təklif etdiyi yol xəritəsində olanların ən azından bir hissəsini yerinə yetirməyi bacararsa, müqavimət daha çox olacaq”.

Hələlik isə müxalifət yeni etirazlar vəd edir. Şüar dəyişmir – Paşinyanın istefası.

Tərcümə: Strateq.az

Facebook Comments