“Düşmənin 2 tankını, 2 “Qrad”ını və 50-dən çox şəxsi heyətini məhv etmişəm…”

İkinci Qarabağ Savaşında döyüşərək yaralanan hərbçilərimizdən biri də Baş-leytenant Abdullayev Pərvin Dövlət oğludur.

Sozcu.az P.Abdullayevlə müsahibəni təqdim edir:

– Pərvin, ilk öncə özünü təqdim edərdin…

Baş-leytenant Abdullayev Pərvin Dövlət oğlu. 1989-cu ildə anadan olmuşam. Subayam.

– Bəs ordu sıralarında nə vaxtdan xidmət edirsən?

– 2016-cı ildən ordu sıralarında zabit kimi xidmət edirəm. Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzindən ordu sıralarına yollanmışam. Bizim briqada artilleriya briqadasıdır.

– Bəs 27 sentyabrda hansı istiqamətlərdə döyüşlərə başladınız?

– Biz Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətində döyüşlərdə iştirak etmişik. Oktyabrın 18-də Füzulinin Seyidəhmədli kəndində düşmənin minaatan qəlpəsindən mən də daxil olmaqla dörd hərbçimiz yaralandı, bir zabitimiz isə şəhid oldu. Gözümə qəlpə dəydi, başımda üç qəlpə var və ayaq barmaqlarımı isə mildən yığıblar. Qəlpə olan gözüm görmə qabiliyyətini itirib və həkimlərin dediyinə görə gələcəkdə gözümün görmə qabiliyyəti düzələcək.

– Döyüşlərdə yaddaqalan hansısa maraqlı bir əməliyyatınızı xatırlayırsınızmı?

– Onu deyim ki, mən özüm düşmənin 2 tankını və 2 “Qrad” artilleriya qurğusunu, diskolasiya məntəqəsini və 50-dən çox şəxsi heyətini məhv etmişəm. Ən uğurlu və yaddaqalan əməliyyatım bu olub.

– Bəs torpaqlarımızın bu illər ərzində işğalda qalması bir hərbçi kimi sizdə hansı fikirləri yaradırdı?

– Bu illər ərzində düşməndən ancaq qisas almaq haqda düşünürdüm. Fikirləşirdim ki, general Polad Həşimovun və Birinci Qarabağ Savaşında şəhid olan qardaşlarımızın qisasını yerdə qoymayaq. Mənim atam da hərbçi olub və uşaq olanda yay tətillərində yanına gedəndə o, mənə bu haqda danışırdı.

 

 

Facebook Comments