“İndi həmsədrlərin boğazından yapışmalıyıq, ermənilərin cəzasızlığını onlar dərinləşdirib”

“Ermənistanla danışıqlarımız ancaq və ancaq xarabaya çevrilmiş rayonlarımıza vurulan zərərin 100 milyard dollarla ölçülən kompensasiyası olmalıdır”

Tanınmış konfliktoloq Elxan Mehdiyev gündəmin bir sıra aktual mövzusu ətrafında Moderator.az-ın suallarını cavablamdırıbn:

– Elxan bəy, sizcə ATƏT-in Minsk Qrupu Həmsədrlərinin indiki dönəmdə missiyası nədir?

– Onların mənasız bir qrup olduğu Azərbaycan xalqına məlumdur. Lakin indi daha çox Fransa və ABŞ bu formatın yenidən işə salınmasını və bu məsələdə onların yenidən söz sahibi olmasını istəyirlər. Bu formatı işə salıb hansı məsələni həll edəcəklər, mən onu başa düşmürəm. Artıq Lavrov da onlara məsləhət gördü ki, Minsk qrupu humanitar məqsədlərlə məşğul ola bilər.

Fransa və ABŞ-ın məqsədi bu formatı işə salıb Türkiyəni bu məsələdən uzaqlaşdırmaqdır və bu da mümkün deyil, çünki Türkiyə artıq sahədədir. Onlar isə kənarda qalmışlar və Rusiyanın da onlarla əvvəlki formatda olduğu kimi işləməyə həvəsi yoxdur.

Onların bu işə yenidən qoşulmasına yuxarıda dediyim amilə görə həm özləri və həm də erməni tərəfi çalışır. Erməni tərəfi döyüş meydanında uduzduğunu buradakı açıq aydın havadarları vasitəsilə diplomatik danışıqlar vasitəsilə geri almaq iştahasındadır. Ermənilər, ordumuzun keçmiş DQ vilayətində azad etdiyi kəndləri geri almaq və DQ üçün isə Mİnsk Qrupu Həmsədrləri vasitəsilə mümkün olacaq dərəcədə böyük status əldə etmək niyyətindədirlər.

Həmsədr ölkələrin nazirləri də son günlər verdikləri bəyənatda bizlərə yaxşı məlum olan keçmiş prinsiplər və elementləri xatırladırlar. Bu prinsiplər və elementlər həmən 2006-cı ildən bəri onların təkrarladığı 3 prinsip və 6 elementdir. Onların prinsip və elementləri erməni işğalı əsasında hazırlanmışdır və bu prinsip və elementlər uzun illər boyu ermənilərin imitasiya siyasətinə əsas qazandırmışdır.

Bu prinsiplərə və elementlərə isnad etdikləri zaman, həmsədrlər təkrar təkrar deyirdilər ki, bu prinsiplərin heç biri və bu elementlərin heç biri bir –birindən üstün deyil və heç bir element və ya prinsip o birisindən önə çəkilə bilməz. Bu da tam çözümsüzlük və imitasiya demək idi. İndi isə Azərbaycan əsgəri istədiyi elementi və prinsipi istədiyi kimi üstün tutaraq, önə çəkərək yerinə yetirmişdir. Onların prinsip və elementləri də cəhənnəmə getmişdir.

İndi isə bəyanat veriblər ki, bu atəşkəsdən istifadə edib Azərbaycan və Ermənistan Həmsədrlərin çətiri altında sülh sazişi danışıqları aparmalıdır. Özü də Həmsədrlərin çətiri altında…

Bizim isə indiki dönəmdə Ermənistanla danışıqlarımız ancaq və ancaq xarabaya çevrilmiş rayonlarımıza vurulan zərərin 100 milyard dollarla ölçülən kompensasiyası olmalıdır. Əgər Həmsədrlər bu danışıqları aparırsa biz belə danışıqlara gedəriz. Kompensasiya məsələsi Minsk Qrupu danışıqlarının əsas mövzusu olmalıdır. Biz indi onların boğazından yapışmalıyıq və ermənilərin cəzasızlığı bilvasitə onların sayəsində dərinləşmişdir. İndi bu cinayətlərin altından Ermənistan və ya ermənilərin çıxmasına imkan verməməliyik..

– Bəs o zaman bu Minsk Qrupu Həmsədrləri Bakıda nəyi müzakirə edəcək?

– Mən onlarla bağlı bütün məsələləri kənara qoyub bir məsələ üstündə durmaq istərdim.

Onların müzakirə etmək yok, cavab verməli olduqları çox sayda məsələlər var. Mən əminəm ki, indi Azərbaycan Prezidenti onlardan hesab soracaq. Onlar Həmsədr ölkələrin XİN-nin reallıqdan uzaq cəfəngiyyat bəyənatını əllərində rəhbər tutaraq gəlirlər. Amma burada elə onların öz bəyənatlarından tutub bizim suallara cavab vermələrini tələb etməliyik. ATƏT Minsk qrupu iki dəfə, 2005 və 2010 illərində,işğal edilmiş ərazilərdə fakt toplama missiyasında olub və iki dəfə hesabat verib. Hansı hesabatda yazılıb ki, işğal edlimiş ərazilərdəki yüzlərlə tarixi, mədəni və dini abidələr və məcidlər dağıdılıb? Yazıblarmı ki, Fizuli və ya Cəbrayıl rayonları yer üzündən silinib, Zəngilan, Qubadlı və ya Agdam məscidləri dağıdılıb içində donuz saxlanır?. Agdam haqqında bir kəlmə yazılıbmı? Yox. Onlar axşamlar Stepanakertdə tut arağı ilə kabab yeyib içərək erməni millətinin döyüşçü kimi doğulmasından ibarət nağıllara qulaq asırdılar ( bunları mənə Fransalı həmsədr Bernard Fasye danışırdı) sabahısı isə erməni onları istədiyi yerə “fakt toplamağa” aparırıdı.

İndi isə onlar Bakıya DQ və onun ətrafında dini və tarixi abidələrin qorunması missiyası ilə gəlirlər. Hələ beynəlxalq təşkilatları gətirib onların qeydiyyatını aparmaq əzmindədirlər. Yəqin ki, Prezident onlara bircə cavab verəcək. Hardadır Fizuli? Hardadır Cəbrayıl və ya Agdam? Göstərin mənə bu şəhərləri? Hardadır onların dini, tarixi və mədəni abidələri?

Bakıya gələn kimi onları həmən bu rayonların xarabalıqlarına göndərmək lazımdır. Yəqin onlar bu yerləri yaxşı tanıyırlar… Bəlkə də minaya düşsələr daha yaxşı olar. O zaman 28 il apardıqları “sülh prosesini” də daha da yaxşı anlayarlar…

Facebook Comments