“Keçmiş DQMV-nin xeyli hissəsində suverenliyimizin pozulması hələ də davam edir…”

“Bu proses mümkün qədər tezləşməlidir. Çünki Azərbaycanın suverenliyinin bərpası bunları qeydsiz-şərtsiz, apriori nəzərdə tutur…”

10 Noyabr üçtərəfli razilaşmasına əsasən Qarabağ bölgəsinə Rusiya sülhməramlı qüvvələrinin gəlişini Azərbaycanda bəzi qüvvələr çox ehtiyatla qarşılayırlar. Hətta rus hərbçilərinin Azərbaycan Respublikasının ərazisindəki faktiki varlığını müstəqilliyimizin gələcəyi üçün təhlükə hesab edənlər də var…

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən sabiq Baş nazir, AXP sədri Pənah Hüseyn belə deyib:

“Bəli. Cəmiyyətdə bu mövzuda müəyyən narahatlıq var, narazılıq və etiraz da var. Başa düşmək gərəkdir. Çünki sülhməramlı adı altında Qarabağa daxil olumuş qüvvələrin özünü doğrudan da sülh yaratmaq missiyalı bir ordu, yoxsa yeni işğalçı qüvvə kimi aparacağı əsasən Rusiyadan asılıdır. Və insanları hazırda əsas narahat edən məsələlərdən biri də odur ki, Xankəndində və bəzi digər şəhərlərimizdə qondarma separatçı erməni rejiminin “bayraq” deyilən əski parçası asılmaqda davam edir və Rusiya sülhməramlıları da həmin “bayraq”lar altda separatçılarla görüşlər keçirir. Bəhs edilən məntəqələrdə Azərbaycan qanunları işləmir. Bizim keçmiş Dağlıq Qarabağ ərazisindən qaçqın düşmüş azərbaycanlı vətəndaşlarımızdan heç biri məlum razılaşmaya uyğun olaraq bu günədək öz doğma yurduna qaytarılmayıb. Əvəzində hər gün minlərlə erməni Ermənistandan Qarabağa qaytarılır. Özü də həmin ermənilərin qayıdışı onların doğrudan da sovet dövründən bəri orada yaşayıb-yaşamamasının Azərbaycanın müvafiq qurumlarının da iştirakıyla araşadırılması aparılmadan həyata keçirilir. Fransadan qondarma “Artsax”ın tanınmasına səs vermiş deputatlar gəlib-gedir Xankəndinə və s. və i.a. Və təbii ki, cəmiyyətdə tezliklə bütün bunların qarşısının alınacağına dair bir gözlənti var…

O da məlumdur ki, Rusiya sülhməramlıları əsasən ermənilərin çağırışıyla gəliblər və faktiki olaraq ruslar növbəti dəfə erməniləri xilas edib. Azərbaycan tərəfini narahat edən digər bir ciddi məsələ də Türkiyə ordusu nümayəndələrinin atəşkəsə nəzarət mərkəzinə daxil edilməsi, yəni onların ölkəmizə gəlişi prosesinin xeyli ləngiməsidir…

Amma əgər rusların bu missiyası stabil sülhün bərqərar olunmasına kömək edəcəksə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin keçmiş Dağlıq Qarabağ ərazisində də tam bərpasına xidmət edəcəksə, nə yaxşı… O halda xalqın da münasibətində dəyişikliklər baş verər…

O da var ki, Rusiya sülhməramlıları torpaqlarımızda Azərbaycanın dövlət başçısı tərəfindən imzalanmış bir sənəd əsasında yerləşiblər. O cümlədən dünyanın bir sıra beynəlxalq təşkilatları, bizimlə müttəfiq olan bir çox ölkələr, eləcə də qardaş Türkiyə tərəfi də məlum 10 Noyabr bəyanatını prinspcə bəyənməsi haqda rəsmi mövqeyini ifadə edib. Bütün bunlar, əlbəttə, Azərbaycan cəmiyyəti tərəfindən nəzərə alınır…

“Azərbaycan Respublikasının Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və s. şəhər və məntəqələrində milli idarəçiliyimizin, yurisdiksiyamızın bərpası da xalqı çox narahat edən cidd məsələ kimi gündəlikdə durur. Bu barədə nə düşünürsüz?” sualına cavabında isə partiya sədri bunları söyləyib:

“Təbii ki, bu proses mümkün qədər tezləşməlidir. Əslində indiyədək olmalı idi. Çünki Azərbaycanın suverenliyinin bərpası bunları qeydsiz-şərtsiz, apriori nəzərdə tutur. Elə bizi narahat edən məsələlərdən biri də məhz budur. Bu gün təxminən bir ay keçib məlum üçtərəfli razılaşmanın imzalanmasından… Prinsipcə Azərbaycanın rəsmi dairələrindən də gələn məlumat odur ki, proses gedəcək. Və suverenliyin bərpası istiqamətində müvafiq addımlar atılacaq… Amma hələlik fakt odur ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin xeyli hissəsində Azərbaycanın suverenliyinin pozulması hələ də davam edir.

Bəzi siyasi şərhçilər deyir ki, proses gedir, sadəcə, səbirli olmaq gərəkdir. Əlbəttə, səbir – Allahın adlarından biridir… Amma xatırladım ki, 1980-cı illərdə Qarabağda münaqişə prosesi yenicə başlayanda da Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi də, həqiqətən hesab edirəm ki, səmimi şəkildə xalqı səbirli olmağa, dözməyə çağırırdı… Amma təəssüf ki, o zaman proseslərin necə sonuclandığını gördük və yaşadıq. Yəni həmin tarix bizə bir dərs olmalıdır…”

Facebook Comments