Ümid Partiyasının Fransa Senatına etirazı

Fransa senatının bir neçə üzvü Azərbaycanın Yuxarı Qarabağ ərazisinin ermənilərə məxsus müstəqil dövlət qurumu kimi tanımaq təşəbbüsü ilə çıxış etməsi Azərbaycan cəmiyyətində ciddi narazılığa səbəb olub .

Beynəlxalq hüquqa və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa dövlətinin mandatına tamamı ilə zidd olan bu müzakirələr Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət qurmaq uğrunda fəaliyyət göstərən, Avrointeqrasiya xəttinə üstünlük verən Ümid Partiyasını xüsusilə narahat edir.

30 ildir ki, erməni silahlı birləşmələrinin işğalı altında qalan, tarixi və hüquqi baxımdan Azərbaycan ərazisi olan Qarabağ ərazisi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər əsasında azad edilib. Bu qətnamələrin qəbulunda BMT Təhlükəsizlik Şurasının üzvü kimi Fransa dövləti də iştirak edib.

30 ilə yaxın davam edən münaqişənin həllinə şərait yarandığı bir vaxtda Fransa senat üzvlərinin bu təşəbbüsü problemin sülh yolu ilə həllinə deyil, münaqişənin yenidən alovlanmasına xidmət edir.

Ümid Partiyası olaraq Qarabağ münaqişəsinin nizamlanmasına məsul olan Minsk qrupu həmsədrlərindən biri kimi Fransanın obyektiv mövqe tutmalı olduğunu qeyd edir, Azərbaycanın erməni əsilli vətəndaşlarının Azərbaycan torpaqlarında sülh içində yaşaması, bütövlükdə regionda sülhün bərpası və uzunmüddətli olması üçün Fransanı beynəlxalq hüquq normalarını pozmamağa və Ermənistanın mövqeyini müdafiə etməməyə çağırırıq.

Facebook Comments