“Qoy, düşmən fikirləşsin, dərd çəksin, qayğılansın ki, bizimlə bu qədər törətdikləri cinayətlərdən sonra necə yaşayacaqlar” – İlham İsmayıl

Bu günlərdə rus dilli mətbuatda hörmətli millət vəkili Rasim Musabəyov Dağlıq Qarabağ azərbaycanlılarının doğma yurdlarına köçürülməsini ən sonda həyata keçirməyin faydası haqqında mövqe bildirib. Deputat ermənilərin sakitləşməsini və uyğunlaşmasını gözləməyin faydasını qeyd edib. Əlavə olaraq mədəni muxtariyyat və ya yerli idarəetmə statusunun verilməsinin mümkünlüyünü də bildirib. Mədəni muxtariyyata iradımız olmasa da, yerli idarəetmə barədə danışmaq “dəlinin yadına daş salmaq”dır. Mövcud situasiyanı dəyərləndirsək bu mövqenin yanlış olduğunu qeyd etmək lazımdır. Əlavə edək ki, dövlət başçısının status haqqında mövqeyi də bunu tələb edir.

Əksinə, ermənilərin də geri döndüyü bir zamanda paralel olaraq Dağlıq Qarabağ azərbaycanlıların da doğma yurdlarına qayıtması siyasi perspektiv baxımından çox vacibdir. Onların qayıtmasının mexanizmi və qaydaları Rusiya sülhməramlıları ilə indidən danışılmalıdır. Bu qayıdış status məsələsini də erkən müzakirəyə çıxarmağa imkan verir. Əgər Rusiya prezidentinin müsahibəsinə diqqət etdinizsə, məhz status məsələsinin müzakirəsinin birgəyaşayışın yaratdığı şərtlərdən sonra mümkün olacağı vurğulanır. Sabah biz Şuşanı və Dağlıq Qarabağ ətrafı rayonları yenidən qurub inkişaf etdirəndə ermənilərin bizə həsəd aparacağı məntiqi də siyasi baxımdan çox yanlışdır. Bakı İrəvandan çox inkişaf edib, məgər ermənilər bu faktoru nəzərə aldımı bu illərdə? Əgər bu məntiq əsas götürülürsə, o zaman nədən Xocalının özünün və kəndlərinin, Ağdərənin 14 kəndinin, Şuşanın 35 kəndinin, Xankəndinin başı üstündəki Kərkicahanın, Kosalının və azərbaycanlıların əvvəllər yaşadığı başqa yerlərin yüksək şəkildə abadlaşdırılmasından başlamayaq? Axı, Qarabağ erməniləri ilk olaraq o yerləri görəcək, nəinki Ağdamı, Qubadlını və başqa şəhərləri. Üstəlik, Dağlıq Qarabağa məcburi köçkünlərin ilk olaraq yerləşdirilməsinin əsasında daha çox siyasi məqsəd dayanır.

Məcburi köçkünlərin bu yerlərə qayıtmasından əvvəl bərpa işlərini görən, həyati vacib obyektlərin işə salınmasını təşkil edən mühəndis –fəhlə heyətinin gəlməsi, paralel olaraq zəruri dövlət strukturlarının ilkin mərhələdə o qəsəbə və kəndlərdə fəaliyyətə başlaması, bu insanların təhlükəsizliyinin təmin edilməsi perspektivimizi təməlli etmiş olar.

Rusiya prezidenti “DQR-in” statusunun indiyədək Ermənistan tərəfdən tanınmamasını bir neçə dəfə vurğulaması İrəvana işarə ola bilməzmi? Separatçı rejim bir şəhər, bir neçə kənd-qəsəbə istisna olmaqla Dağlıq Qarabağın böyük bir hissəsinə nəzarət edir və Ermənistan rəhbərliyi ilə cinayətkar DQR rejimi hələ də müstəqillikdən dəm vururlar. Nəzərə alın ki, ermənilər elə bu nəzarət etdikləri ərazinin müstəqilliyini istəyirdilər. Amma biz qalibik, erməni məğlub olduğunu yaxşı bilir. Biz elə bu günlərdə-hələ erməninin təlaş və qeyri müəyyən vəziyyətdə olduğunu nəzərə alıb hər bir azad edilmiş və 1988-ci ilədək yaşadığımız yerlərə nə qədər köçkün qayıdacağını və nə vaxt qayıdacağını elan etməliyik.

Bu işdə millət vəkili Tural Gəncəliyev çox fəal olmalıdır. Onun icma rəhbəri kimi indiki statusu tam imkan verir ki, qayıdış prosesinin təşəbbüsçüsü olsun, sülhməramlılarla danışıqlara başlanılsın. Dekabrın 1-dən sonra yalnız qayıdışla deyil, sərhədlə, monitorinq mərkəzinin funksiyaları ilə bağlı ciddi işlərə start verilməlidir.

Ümumiyyətlə, biz özümüzü qalib kimi aparmalıyıq. Qoy, bizimlə yaşamaq onlar üçün suallar yaratsın, bizim üçün yox. Ağdərədən Xankəndinə gəlməyin psixoloji gərginliyini onlar fikirləşsin. Yoxsa, hərdən “biz Ağdamdan Şuşaya necə gedəcəyik, Xankəndidən necə keçəcəyik və ya Tərtərdən Kəlbəcərə necə keçə biləcəyik” kimi sualları özümüzə verməklə qalib olduğumuzu şübhə altına qoymuş oluruq. Biz qalib və qürurluyuq, öz torpağımızda yaşayırıq, yaşayacağıq. Qoy, düşmən fikirləşsin, dərd çəksin, qayğılansın ki, bizimlə bu qədər törətdikləri cinayətlərdən sonra necə yaşayacaqlar.(moderator.az)

Facebook Comments