Ermənistan təzminatı necə ödəyəcək? – “Pulu olmasa, torpağından verəcək”

Ermənistanın ötən 30 ildə Azərbaycan əhalisinə, şəhər və rayonlarımıza, yaşayış binalarına, tarixi abidələrə, tarixi-mədəni resurslarımıza vurduğu ziyan beynəlxalq məhkəmələr qarşısında təzminat məsələsi kimi qaldırılacaq. Son günlər bu fikir mətbuatda tez-tez dilə gətirilir və aidiyyəti qurumlar bu istiqamətdə hesablama, faktların toplanması, sənədləşdirmə işlərini aparırlar. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev də son olaraq noyabrın 16-da işğaldan azad olunan Cəbrayıla səfəri zamanı təzminat məsələsini dilə gətirib: “Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir salamat bina yoxdur. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, məktəblər, binalar, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər”.

İlham Əliyev işğaldan azad olunmuş bölgələrə beynəlxalq qurumların, ekspertlərin dəvət ediləcəyini, dəyən ziyan hesablandıqdan sonra Ermənistana qarşı təzminat məhkəməsi açılacağını bəyan edib: “Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”.

Qeyd edək ki, millət vəkilləri, iqtisadçı ekspertlər də bu məsələdə Ermənistana hər hansı güzəşt etməyin əleyhinədirlər və beynəlxalq hüquqi müstəvidə təzminat məsələsinin qaldırılmasını təklif edirlər.

İqtisadçı alim, deputat Vüqar Bayramov təzminat məsələsinə münasibət bildirərkən vurğulayıb ki, Ermənistanın Kəlbəcərdə törətdiklər barbarlıq və vandalizm olmaqla yanaşı, bu rayonumuza vurulan ziyana görə də beynəlxalq məhkəmə vasitəsilə təzminat istəniləcək: “27 il işğal altında olan rayonumuzda qeyri-qanuni məskunlaşan ermənilərin ərazini tərk edən zaman hətta hamam avadanlıqlarını özləri ilə aparması onların acizliyinin və necə acınacaqlı vəziyyətdə yaşadıqlarının da göstəricisidr. Doğrayaraq Ermənistana daşıdıqları meşələrdə əksəriyyəti 100 illik qədim ağaclardır. Bu Ermənistanın 27 il işğal altında saxladıqları bütün digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də necə ekoloji soyqırım etdiyini göstərir. Yandırdıqları evlərin çoxu işğaldan əvvəl bizim inşa etdiyimiz tikililərdir. Bütün bunlara rəğmən Azərbaycan tezliklə bərpa və quruculuq mərhələsinə qədəm qoyacaq”.

Deputatın sözlərinə görə, Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə beynəlxalq məhkəmə yolu ilə kompensasiyanın ödənilməsinin dünya təcrübəsində oxşar nümunələri var: “30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib. Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da belə bu milyard dollarlarla ölçülür.

Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınib. Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən kompensasiyanın ödənilməsini tələb etmək hüququna malikdir. Daha məqsədəuyğun olardı ki, dəymiş ziyanın qiymətləndirilməsinə BMT ekspertləri də cəlb olunsun. Bu, beynəlxalq məhkəmə prosesində mövqeyimizi daha da gücləndirər”.

V.Bayramov hesab edir ki, bu məsələdə ermənilərdən işğalçılıq siyasətindən birbaşa zərər görən vətəndaşların beynəlxalq məhkəmələrə fərdi müraciətləri də böyük rol oynaya bilər: “Beynəlxalq praktika göstərir ki, son dövrlər belə kompensasiyanın ödənilməsi ilə bağlı verilən məhkəmə qərarlarının çoxu fərdi müraciətlər əsasında reallaşıb. Bu o deməkdir ki, 30 illik işğal nəticəsində əmlakı, təsərrüfatı Ermənistan silahlı qüvvələri tərəfindən məhv edilən ölkə vətəndaşlarımızın da Avropa Məhkəməsinə müraciət etmək hüququ var.

Qeyd edək ki, kompensasiyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Bu baxımdan, Ermənistanın kasıb olması onu işğal nəticəsində vurduğu ziyana görə kompensasiya ödəmək məsuliyyətindən azad etmir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, tez-tez səsləndirilən 50 milyard dollar əslində ermənilərin vurduğu ziyan qarşısında çox az bir məbləğdir: “Bu təzminatı iki yerə bölmək lazımdır. Birincisi, 30 il müddətində ermənilərin istismar etdiyi, torpaqlarımız, sahələrimiz, yeraltı sərvətlərimiz, qızıl, civə kimi qiymətli metallar ayrıca hesablanmalı və təzminat üçün irəli sürülməlidir. Bununla əlaqədar müəyyən qiymətləndirmələr aparılıb, ekspertlər işləyiblər. İkincisi, 27 sentyabrdan bəri baş verən hadisələrdə vurulan ziyanın beynəlxalq məhkəmələrdə qaldırılmasıdır. Gəncəyə, Bərdəyə, Tərtərə vurulan ziyanın, evlərin, binaların dağıdılması, insanların əmlakının məhv edilməsi və sair məsələlər Ermənistan qarşısında qaldırılmalıdır. O cümlədən bu gün ermənilər Kəlbəcərdə vəhşiliklər törədirlər. Ümumiyyətlə, onlar millət yox, tayfadırlar və bu səviyyədə vəhşiliklərini göstərirlərsə, təzminatı da ödəməlidirlər. Baş Prokurorluğun xüsusi istintaq komissiyası işləyir, lazım olan materiallar hazırlanır. Cənab Prezident də Cəbrayıla səfəri zamanı qeyd etdi ki, təzminat məsələsi qaldırılacaq, Ermənistan dəyən ziyanı ödəyəcək. Qiymətləndirici qismində isə beynəlxalq ekspertlər iştirak edəcəklər. Bunlar çox ciddi məsələlərdir, heç bir güzəştə getmək olmaz. Hazırda hökumət səviyyəsində, Respublika Prokurorluğu səviyyəsində, digər institutlar səviyyəsində bu istiqamətdə iş aparılır. Məndə bu haqda məlumatlar var. Daha sonra bu faktlar ümumiləşdirilib beynəlxalq cinayət və insan haqları məhkəmələrində mübahisə obyektinə çevrilməlidir və biz Ermənistandan bu vəsaitləri tələb etməliyik”.

Deputatın sözlərinə görə, Ermənistanın maddi olaraq imkanı çatmasa, bəzi tarixi torpaqlarımızı qaytarmaqla təzminatı ödəyə bilər: “Mətbuatda da bəzi təkliflər var. Əgər Ermənistanın bu təzminatı ödəməyə imkanı olmasa, Azərbaycana qaytarmalı olduğu xeyli torpaqlar və o torpaqlar şəklində təzminatın ödənilməsinə nail olmaq olar. Burada variantlar çoxdur və zamanı gəlincə onların müzakirəsi aparılacaq. Birmənalı olaraq Ermənistana heç nəyi güzəştə getmək olmaz, onlar bir daha Kəlbəcərdə öz vəhşiliklərini dünyaya sübut etdilər, dünya ictimaiyyəti də onların necə bir tayfa olduğunu gördü. Təzminat məsələsinin sülh bəyanatında öz əksini tapmamasının məsələyə heç bir aidiyyəti yoxdur. Sülh sazişi hələ imzalanmayıb, bu məsələ orada da öz əksini tapacaq. Ancaq noyabrın 16-da cənab Prezident bir daha qeyd etdi ki, heç bir statusdan söhbət gedə bilməz, bu məsələ birdəfəlik bağlanıb. Xankəndində də, Xocavənddə də, Xocalıda da Azərbaycan bayrağı dalğalanacaq. Müəyyən zaman lazımdır və orada da Azərbaycan idarəetmə sistemi həyata keçiriləcək”.

İqtisadçı alim, sabiq nazir Fikrət Yusifov da bildirdi ki, dünyada bununla bağlı bəlli praktika var və beynəlxalq hüquqi müstəvidə bu məsələ həllini tapmalıdır: “Beynəlxalq hüququn bəlli qaydaları var. Aidiyyəti beynəlxalq qurumları cəlb edərək, onların qiymətləndirməsi və rəyi ilə dəymiş ziyanı sənədləşdirib beynəlxalq hüquqi müstəviyə çıxarmalıyıq. Hüquqi imkanlar çərçivəsində mümkün olan hər şeyi etməliyik ki, bu təzminatın ödənilməsinə nail olaq. Ermənistanı torpaqlarımızdan rədd olub getməyə necə məcbur etdiksə, təzminatı ödəməyə də məcbur etməliyik. Bunun üçün hüquqi imkanlar var, sadəcə, ciddi işləmək lazımdır. Dağıdılmış kəndlərimiz, xaraba qoyulmuş, daşı-daş üstə qalmamış yaşayış məntəqələrimiz ki var, onları çəkib dünya ictimaiyyətinə çatdırmaq üçün iş görməliyik. Bir qədər para xərcləməklə beynəlxalq medianı, təşkilatları dəvət edək, gəlib sənədli filmlər çəksinlər, xarici dillərə tərcümə etsinlər. Bütün dünyaya erməni vəhşiliyini göstərməliyik ki, bir psixoloji zəmin yaransın və sabah məhkəmə müstəvisinə çıxanda o işə baxan, qərar qəbul edən insanlar da məlumatlı olsunlar. Həm dünya reallığı görsün, həm də hüquqi müstəvidə işimiz asanlaşsın”.

F.Yusifov vurğuladı ki, əgər Ermənistanın bu milyardları ödəməyə imkanı olmayacaqsa, bununla bağlı da bəlli praktika var: “Hansı dövlət digər dövlətə borcunu ödəyə bilmirsə, zəhmət çəkir torpağından bir hissə verməklə borcu əvəzləşdirir. Rusiyanın da, başqa dövlətlərin də tarixində belə hallar olub. Çar Rusiyası Alyaskanı ABŞ-a borcuna görə vermişdi. Bu təcrübə dünyada var, Ermənistan da zəhmət çəkər, müvafiq qaydada torpaqları qiymətləndirər və borcun əvəzində torpaq verər. Ondan sonra bilərlər ki, 30 il ərzində bir dövlətin torpağını işğalda saxlamaq, onu viran qoymaq nə deməkdir.

50 milyarddan söhbət gedirsə, bu çox az bir məbləğdir. Real olaraq dəymiş ziyanın onda biri qədərdir. Ancaq bütün hallarda biz qiymətləndirməni beynəlxalq təşkilatların əli ilə etməliyik ki, sonra rəqəmlərin şişirdildiyini iddia etməsinlər, qərəz kimi qiymətləndirməsinlər. Bu təşkilatlar var və onları prosesə cəlb etmək lazımdır”.

Facebook Comments