“Hər keçən gün Rusiyanın “sülhməramlı missiya”sı ilə bağlı narahatlığın əbəs olmadığı ortaya çıxır”

Üç tərəfli 10 noyabr anlaşması ilə Rusiya ordusunun “sülhməramlı missiya” ilə Qarabağa yerləşməsi Azərbaycan cəmiyyətində suallar və narahatlıq yaratdı. Təssüf ki, hər keçən gün bunun əbəs olmadığı ortaya çıxır. Daha ilk günlərdən Rusiyadan gələn açqlamalar, “sülhməramlıların” arsenalına anlaşmada nəzərdə tutulmayan tanklar, PUA-lar, Mİ-8 və Mİ-24 helikopterləri, aviasiya kimi hərbi texnikanın cəlb edilməsi Rusiyanın heç də xoş məramından xəbər vermir. Lavrovun Qarabağdakı tarixi-mədəni abidələrin qorunması bağlı açıqlamaları, Rusiya “sülhməramlılarının” komandanının separatçı rejimin terrorçu başçısı ilə görüşü, prezident Putinin Qarabağla bağlı Humanitar Yardım Mərkəzinin yaradılması barədə fərmanı Azərbaycanın Qarabağdakı suveren hüquqlarına hörmətsizlikdən daha ciddi məna daşıyır. Bu fərmanın sülhməramlı missiyanın “münaqişə tərəflərini ayırmaq və insidentləri qeyd etmək ” kimi fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Fərmana görə mərkəzin əsas funksiyası hərbi əməliyyatlar zamanı qaçqın düşən şəxslərin Qarabağa qayıtması, infrastrukturun bərpa edilməsi və beynəlxalq humanitar təşkilatlarla Azərbaycan və Ermənistanın əməkdaşlığına yardım etməkdir. Sülhməramlı adı ilə Qarabağda yerləşən Rusiyanın addımları daha çox işğalçı tərəfin davranışını xatırladır. Çünki işğal altındakı ərazilərdə infrastrukturun bərpası və orada yaşayacaq əhalinin təhlükəsizliyinə təminatı Azərbaycan dövlətinin səlahiyyətinə aid olan məsələdir. Qaçqınların geri qayıtması prosesi yenə Azərbaycan qanunvericiliyinə uyğun şəkildə BMT Qaçqınlar üzrə Ali Komissarlığının iştirakı ilə həyata keçirilməlidir. Savaşdakı zəfər ab havasını kənara qoyub, siyasi-diplomatik sahədə təşəbbüsü ələ almalıyıq. Əks halda birazdan məğlubiyət şokundan ayılan düşmən Fransa, Rusiya və s. kimi havadarlarının yardımı ilə masada bizə problem yaratmağa başlayacaq. Ona XİN və digər dövlət qurumları ölkəmizə qarşı atılan addımlara və açıqlamalara operativ reaksiyalar verməli, Savaşdakı əks-hücum taktikasından hücum taktikasına keçməlidir.

Oqtay Qasımov, Politoloq

Facebook Comments