Salam, əsgər…

Afaq Məsud

Bu məktubu sənə dərin, sanki sualtı səssizliyə dalmış sübhün qaranlığından
yazıram. Bil ki, doğma torpaqlarımız uğrunda savaşa yollandığın gündən burada
hər sübhümüz belə açılır… – mərmi səsləri, raket zərbələri, partlayışlar dolu qanlı-
qadalı, lal sükutla…

Sən savaşa qalxan gündən buralarda hər şey dəyişib – gecələr, gündüzlər,
düşüncələr, duyğular, bir-birimizə münasibətlər… Gecələr ətraf sanki dinc yuxu
sükutuna qərq olsa da, əslində heç bir dinclik, yuxu yoxdur. Hər ev, hər kəs sənin
ardınca irəlilədiyin sürüşkən cığırlarla, addım-addım qalxdığın sıldırımlı
qayalıqlarla yeriməkdə, sənə tuşlanan güllələri, mərmi qəlpələrini havadaca
sinələri və ovuclarıyla tutmaqdadır…

İndi haradasan, əsgər?.. Ardınca addım-addım kölgə tək sürünən bizləri
eşidirsənmi?.. Qarlı-şaxtalı fevral gecəsi isti yatağından qaldırılıb amansız
işgəncələrlə qətlə yetirilən soydaşlarının, erməni divanından canını qurtarmaq üçün
yalın ayaqlarla qarlı meşələrə qaçan alagözlü, gözəlüzlü xocalılıların qalib
bayraqlartək bizimlə çiyin-çiyinə sənin ardınca addımladığını duyursanmı?..
Bilirəm, şəhidlərimizin, günahsız, məsum qurbanlarımızın ağrısından bərkiyib
polada dönmüş vücudun bədənində açılan güllə yaralarını hiss etmir… Yaralı,
yorğun bədənin torpağa düşsə də, qəlbində məşəltək daşıdığın müqəddəs üçrəngli
bayraq enmir! O bayrağı son nəfəsinəcən, aldığın torpaqlarımızın son qarışınacan
dik tutacağını bilirəm, ey mənim igid əsgərim!

“Torpaq, uğrunda ölən varsa, vətəndir” – deyirlər. Amma axı Vətən tək bir
torpaq, təbiət, meşələr, dağlar deyil?! Vətən hər şeydən əvvəl onun uğrunda
öləndən başlanır! Vətən sənsən, əsgər! Vətəni Vətən edən İgid!
Var ol, əsgər! Yaşa, igid Vətən!

Facebook Comments