Ovannisyanın şok Bakı açıqlaması

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ermənilərə müraciətlə deyib ki, Azərbaycan hərbçilərinin Şuşa qalasının fonunda bayraq qaldırmaqları ilə bağlı video görsəniz, inanmayın. Çünki onlar bunu gizli edəcəklər.

Yadınıza gələr, Ovannisyan bir müddət əvvəl demişdi ki, Azərbaycan hərbçiləri Hadrutdan video yayırlar, yalandır, inanmayın. Ermənilər də onun sözünü dinləmişdilər. Nəticəni bilirsiniz.

Bu gün Ovannisyan daha bir şok açıqlama verib. Deyib, əgər görsəniz ki, azərbaycanlı sürücülər maşın sürür, inanmayın. Sürücü hara, maşın sürmək hara?

Daha sonra əlavə edib ki, azərbaycanlı bənnaların Bakıda bina inşa etdirməsi haqda video yayılsa, buna inanmaq olmaz.

Ovannisyan onu da əlavə edib ki, Ağcabədidə küçədə pişik görsəniz, şübhələnin, diqqətlə baxın, ola bilməz. İtin hürməsini görsəniz, eşitsəniz, “vobşe” inanmayın e.

Ovannisyanın fikrincə, Salyanda bu yaxınlarda göy üzündə quş görünəcək, amma buna da inanmaq qadağandır. Quşun göydə nə işi var?!

Mən Ovannisyanın bu tövsiyələrindən nəticə çıxardım. Məsələn, səhər gördüm ki, qonşu “BakıKarta” gedişi yükləyir, qətiyyən inanmadım.

Qonşum karta pul yükləyəndən sonra əlini atıb saçını düzəltdi. Mən dərhal ona inanmadım.

İndi vicdan əzabı çəkdiyim bir məsələ var: dünən soğan alanda onun soğan olmasına inanmışam. Bu səhvi özümə bağışlaya bilmirəm. Gecə gözümə yuxu getməyib. Elə indi də özümə yer tapa bilmirəm. Üstəlik, özümə yer tapa bilməməyimə də inanmıram.

Facebook Comments