“Kiminsə məsuliyyətsizliyi ucbatından niyə əsgər ölməlidir?” – Deputat

“Qarabağla, müharibənin gedişatı ilə bağlı heç nə paylaşmayın. Hətta sosial şəbəkəni tam bağlamaq da olar. Amma, axı bu da bizə sərf etmir. Şəhidləri hamımız sevirik, önlərində baş əyirik və müharibədən sonra hamısının da məzarını və ailələrini ziyarət edəcəyik. Qəlbimizdə daima yaşayacaqlar. Sevincinizi, həyacanınızı və ürək çırpıntınızı başa düşürəm, amma siz də başa düşün ki, bu cür paylaşımlar ordumuza ziyan vurur, düşmənlərə məlumat verir. Düşmən mətbuatını və sosial mediasını izləyən biri kimi deyirəm ki, hər şəhid paylaşımınız onları sevindirir, döyüş bölgəsindən paylaşdığımız hər şəkil, video, yer adı, əsgərlərin olduğu yer, aldığımız və alacağımız yerlər bir kordinatdır və bunun nəticəsində qurbanlarımız da artıq var”.

Sozcu.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Hüquq-mühafizə orqanları ciddi şəkildə hərəkətə keçsin və söz dinləməyənləri qanunun zopası ilə başa salsın. Kiminsə məsuliyyətsizliyi ucbatından niyə əsgər ölməlidir? Əgər əsgər sizə şəkil, video və ya audio səs atıbsa, özünüzdə saxlayın, paylaşmayın. Biz buna görə yağı düşməni torpağımızdan qovan və canından keçən əsgərlərimizi qınaya bilmərik, onlar od-alov içindədir və nə dəcəllik etsələr də halal xoşları olsun deyirik (onları yüngülcə məzəmmət etməyə belə dilim dönmür). Biz onları qorumalıyıq.

Ən böyük narahatlıq yaradan məqamlardan biri də “sülh göyərçinləri”dir. Hazırda ən azından əsgərin yanında mənən olmayan, işğalçı erməni əsgərini görməzdən gəlib ancaq gözüyaşlı erməni ana və bacılarını düşünən, az qala hərbi cinayətkar və uşaq qatili Paşinyana haqq qazandıran, mənasız sülhə çağırış edən, işğalçı Ermənistana sevgi nəğmələri deyənlər bizdən deyildir.

Bir təhlükəli məqamı da görürəm. Elə “sülh göyərçinləri”i var ki, onların gözünü indiki hakimiyyətə olan mənfi münasibətləri tutub kor edib. Onlar üçün Paşinyanın zəfər çalması daha sevindirici olar. Bunlar azərbaycanlı adlandırıla bilməz. Bəziləri ictimai qınaq qarşısında üzrxahlıq edir, amma onların üzrxahlığı başlarına dəysin, imkan tapan kimi Azərbaycanın kürəyinə xəncər saplayarlar. Hamısını ifşa edib vətən xaini kimi cəza kəsmək vacibdir.

O qədər bildiyim, o qədər ürəyimi deşən faktlar var ki. Danışa bilmirik. Yaxşı yazmışdı kimsə, çoxu danışar e, amma kreslo (vəzifə məsuliyyəti anlamında) qoymur” – R.Nurullayev qeyd edib.

Facebook Comments