Bəlkə də İran heç vaxt olmadığı qədər... - Tramp

Bəlkə də İran heç vaxt olmadığı qədər azadlığa can atır. Kömək etməyə hazırıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, daha öncə Donald Tramp dəfələrlə çıxışında İranda etiraz aksiyalarının iştirakçılarının öldürüləcəyi təqdirdə İrana zərbə endirəcəkləri xəbərdarlığını edib.

Rusiyanın neft və dron anbarlarına güclü zərbə endirildi

Ötən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Volqoqrad vilayətindəki neft anbarına, eləcə də işğal altında olan ərazilərdəki bir neçə hədəfə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Rusiya ordusunun hücum imkanlarını azaltmaq tədbirləri çərçivəsində yanvarın 9-dan 10-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Volqoqrad vilayətinin “Jutovskaya” neft anbarına zərbə endirib. Baş Qərargah Rusiya ordusunun bölmələrini yanacaqla təmin edən hədəfin vurulduğunu və zərərin miqyasının müəyyən olunduğunu qeyd edib. Həmçinin vurğulanıb ki, Zaporojye bölgəsində Rusiya ordusunun 19-cu motoatıcı diviziyasının bölməsinə məxsus dron anbarına və Donetsk vilayətinin Pokrovsk rayonunun yaxınlığındakı dronları idarəetmə məntəqəsinə zərbələr endirilib.

Arif Hacılı: Güney Azərbaycan həlledici mərhələyə daxil olur

İranda etirazlar Güney Azərbaycan şəhərlərinə yayılıb: dinc mübarizə üçün real imkanlar yaranır Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı yazır: İranda davam edən etiraz dalğası artıq Güney Azərbaycan şəhərlərinə də çatıb. Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Həmədan və digər Azərbaycan şəhərlərində sosial və siyasi şüarlarla etiraz aksiyaları keçirilir. Mövcud məlumatlara görə, hələlik bu şəhərlərdə yanğınlar, dağıntılar və insan tələfatı qeydə alınmayıb. Bu isə onu deməyə əsas verir ki, hazırkı mərhələdə dinc mübarizə üsulları ilə hədəflərə çatmaq və real nəticələr əldə etmək imkanları daha real görünür. Məhəmməd Əmin Rəsulzadənin “Yalnız insan haqlarını tanıyan və onları müdafiə edən millətlər qalib gələcəkdir” fikri bu gün İranda baş verən proseslər fonunda xüsusi aktuallıq kəsb edir. “İnsanlara hürriyyət, millətlərə istiqlal” prinsipi mövcud şəraitdə ən doğru konseptual yanaşma kimi ön plana çıxır. Hazırkı mərhələdə əsas vəzifə vahid milli iradənin formalaşdırılması üçün ortaq istinad nöqtələrinin müəyyənləşdirilməsidir. Vaxtilə irəli sürülmüş “Azadlıq, Ədalət, Milli hökumət” şüarı və bu əsasda milli hüquq və azadlıqların təminini nəzərdə tutan ümummilli manifest — indiki terminologiya ilə desək, yol xəritəsi — ümummilli hərəkat üçün real baza ola bilər. Eyni zamanda, Abbas Lisani və digər milli fəalların azadlığa buraxılması, mühacirətdə olan siyasi liderlərin ölkəyə qayıtmasına şərait yaradılması kimi ilkin tələblər ümummilli hərəkatın başlanması üçün əsas istinad nöqtələri hesab edilə bilər. İran çoxmillətli ölkə olsa da, azərbaycanlılar bu ölkənin ən böyük və dominant etnik qrupudur. Güney Azərbaycanın hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımız, xüsusilə Tehran və Kərəc şəhərlərində məskunlaşmış 6 milyondan artıq azərbaycanlı ölkənin ictimai-siyasi taleyində həlledici rola malikdir. Bu baxımdan, İranın gələcəyi Azərbaycan türklərinin milli iradəsi, eləcə də Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin regional maraqları nəzərə alınmadan müəyyən edilə bilməz. Bu reallıq ümummilli ideya kimi ictimai şüurda möhkəmlənməli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

İranın baş prokuroru etirazçıları ölümlə hədələdi

İranın Baş prokuroru Məhəmməd Mövəhhedi Azad ölkədə artıq iki həftədir davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarını ölüm cəzası ilə hədələyib. Sozcu.az Bakupost.az-a istinadən xəbər verir ki, baş prokuror etirazçıları “Allahın düşməni” adlandırıb. "Bütün etirazçılar "Allahın düşmənləri" ("mühareb") kimi günahlandırılır. Bu cinayətə görə ölüm cəzası olacaq. Bu, əmlaka ziyan vuran və təhlükəsizliyi pozan üsyançılara, terrorçulara, eləcə də onlara kömək edənlərə tətbiq ediləcək", - o bildirib. Həmçinin əlavə edib ki, prokurorlar məhkəmə proseslərini tez hazırlamalı, mərhəmət və şəfqət göstərməməlidirlər. Tehran prokuroru Əli Salehi də bir gün əvvəl etirazçıların "mühareb" ittihamı ilə üzləşə biləcəyini bildirmişdi.

Leyen aksiyalardan yazdı: İrandan tələb edirik!

Tehran küçələrində və dünyanın müxtəlif şəhərlərində iranlı qadın və kişilərin azadlıq tələb edən səsləri eşidilir. Danışmaq, toplaşmaq, səyahət etmək və hər şeydən əvvəl azad yaşamaq azadlığı. Avropa onların yanındadır. Bu qanuni nümayişlərin qəddarcasına yatırılmasını birmənalı şəkildə pisləyirik. Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sədri Ursula fon der Leyen İrandakı etirazlar və iğtişaşlarla bağlı bəyanatında bildirib. “Məsul şəxslər tarixin səhv tərəfində olanlar kimi xatırlanacaqlar. Biz həbsdə olan bütün etirazçıların dərhal azad edilməsinə çağırırıq. Biz internetə tam çıxışın bərpa olunmasına çağırırıq. Və fundamental hüquqlara hörmət tələb edirik", - deyə o sosial media hesabında yazıb.

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərtac-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib. Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb. Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3,8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Güney Azərbaycan milli-siyasi təşkilatlarının dəstək bəyanatı

Güney Azərbaycan milli-siyasi təşkilatlarının dəstək bəyanatı yayıblar. Güney Azərbaycan milli-siyasi təşkilatları hər zaman Güney Azərbaycanda Azərbaycan Türklərinin öz milli şüar və istəkləri əsasında apardıqları milli mübarizəni yüksək qiymətləndirərək dəstəkləyiblər və bu mübarizənin müstəqil, düşünülmüş və millətimizin milli maraqlarına hesablanmış şəkildə aparılmasının tərəfdarı olublar. Biz hesab edirik ki, Güney Azərbaycanın şəhərlərində başladılacaq hər bir kütləvi etirazın və qiyamın əsas məqsədi Vətənimiz Azərbaycanı fars faşizminin fars mərkəzli rejimlərinin sistematik zülmündən qurtarmaq olmalıdır. Çünki, Azərbaycan Milli Hərəkatı dövlətçilik ideyasına söykənən, milli və siyasi iradəyə əsaslanan bir hərəkatıdır. O, öz mübarizəsini bir rejimin başqa bir diktator rejimə dəyişdirilməsinə hesablanan siyasi oyunlardan kənar, bağımsız olaraq aparır. Güney Azərbaycan Milli Hərəkatı özünün müəyyənləşdirdiyi milli–demokratik prinsiplər üzərində hərəkət etməli, qarşılıqlı hörmət əsasında qeyri-fars millətləri ilə həmrəy olmalı, faşizm üzərində qurulan farsçılığa son qoymaq üçün azadlıq mübarizəsini öz milli şüarlarına əsaslanaraq aparmalıdır. Azərbaycan mərkəzli milli-siyasi qurumlar olaraq, biz də millətimizin mübarizəsinin yanındayıq və onu dəstəkləyirik.  Hər bir Azərbaycan Türkü bilməlidir ki, Vətənimiz Azərbaycanın qurtuluşu milli-siyasi iradəmizin təmin olunması deməkdir. Bu isə millətimizi təmsil edən çağdaş-demokratik milli dövlətçiliyin qurulmasından keçir. İnanırıq ki, millətimizin milli iradəsini təmsil edən Güney Azərbaycan Milli Hərəkatı müstəqil mübarizəsi ilə özünü beynəlxalq səviyyədə təsdiqləyəcək və azadlıq uğrunda qələbəsini məhz öz gücü ilə gerçəkləşdirəcəkdir. Yaşasın Azərbaycan! Yaşasın millətimiz! Gümey Azərbaycan Milli Dövlətçilik Şurası (MDŞ) Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) Güney Azərbaycan Öyrənci Birliyi

Tramp Zelenski ilə 800 milyardlıq saziş imzalayacaq

Prezidentlər Volodimir Zelenski və Donald Tramp dünya liderlərinin Davos görüşündə Ukraynanın rifahı və müharibədən sonrakı yenidənqurma ilə bağlı 800 milyard dollarlıq müqavilə imzalamağı planlaşdırırlar. Sozcu.az xəbər verir ki. bu barədə "The Telegraph" qəzetinin məlumatında bildirilib. Nəşrin mənbələrinə görə, Ukrayna prezidenti həm iqtisadi rifah planını, həm də müharibədən sonrakı təhlükəsizlik zəmanətləri ilə bağlı müqaviləni yekunlaşdırmaq üçün gələn həftə Ağ Evə getməyə ümid edirdi."Lakin, "könüllülər koalisiyası"ndan olan avropalı tərəfdarları onu səyahət etməkdən çəkindirdilər və Trampla görüş üçün daha uyğun alternativ kimi Dünya İqtisadi Forumunu təklif etdilər. Rəsmilər bildiriblər ki, plan görüşdən Rusiya ilə müharibəyə son qoymaq təklifinin əsas hissəsi olan iqtisadi müqaviləni yekunlaşdırmaq üçün istifadə etməkdir", - məqalədə deyilir. Məlumata görə, prezidentlər Donald Tramp və Vladimir Zelenski sözügedən sazişi 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda imzalaya bilərlər. "Rifah planı" Ukraynanın bərpası və iqtisadi dirçəlişi üçün 10 il ərzində təxminən 800 milyard dollar cəlb etməyi hədəfləyir. Buraya kreditlər, qrantlar və özəl şirkətlərdən investisiyalar daxildir.

Ana və oğlu dəm qazından zəhərləndi, biri öldü

Tərtərdə ana və oğlu dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, Tərtər rayon sakinləri 1973-cü il təvəllüdlü Müşfiq Əsəd oğlu Əzimov və anası - 1955-ci il təvəllüdlü Sahibə Salman qızı Əzimova yaşadıqları Famil Qulami küçəsi döngə 1, ev 7 ünvanında sobadan sızan dəm qazından zəhərlənib. Hadisə nəticəsində Müşfiq Əzimov ölüb, Sahibə Əzimova isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Rusiyadan evinə qayıtdı, faciəvi şəkildə öldü

Goranboyun Dəliməmmədli şəhəri, M.Əsədov küçəsi ev 10 ünvanında yaşayan 1970-ci il təvəllüdlü Namiq Nemət oğlu İsmayılzadə hamam otağında dəm qazından zəhərlənərək ölüb. Sozcu.az xəbər verir ki, faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, mərhum həmin gün Rusiyadan Azərbaycana qayıdıb. Evinə çatdıqdan bir müddət sonra hamam otağına girib və dəm qazından boğularaq ölüb.

Ağdaşda ağır qəza: ölən var

Ağdaşda ölümlə nəticələnən avtoqəza baş verib. Sozcu.az xəbər verir ki, Ağdaş rayon sakini 1968-ci il təvəllüdlü Ramis Əsgər oğlu Hacıyev idarə etdiyi VAZ-2101 minik markalı avtomobillə Yuxarı Ləki kəndi ərazisində yolu keçən piyada - 1966-cı il təvəllüdlü Əvəz Hümmət oğlu Şərifovu vurub. Sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1417-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 217 810 hərbçi, 11 530 ədəd tank, 23 882 ədəd zirehli döyüş maşını, 35 908 ədəd artilleriya sistemi, 1 597 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 269 hava hücumundan müdafiə sistemi, 434 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 73 510 ədəd avtomobil texnikası, 103 414 ədəd PUA, 4 155 qanadlı raket, 28 gəmi/kater, 2 sualtı qayıq, 4 039 xüsusi avadanlıq itirib.

İranda etirazçılar prokuroru diri-diri yandırdı

İranın İsfahan şəhərində dünən gecə keçirilən nümayişlər zamanı prokuror öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.  Qeyd olunub ki, Esfarayenin Dövlət Prokuroru Əli Əkbər Hüseynzadə iğtişaşçılar tərəfindən yandırılan binada yanaraq ölüb.  Şimali Xorasan Prokurorluğunun açıqlamasına görə, etirazçılar yanğınsöndürənlərin müdaxiləsinə mane olub, buna görə də prokuror və onu müşayiət edən polis əməkdaşları yanğında həlak olublar. Prokurorluq məsələ ilə bağlı araşdırmaların davam etdiyini və şübhəlilərin tutulması üçün səylərin başlandığını bildirib.

Ukraynanın inkişafını Putinin gözü götürmədi

Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsi tamamilə yalan üzərində qurulub. Sozcu.az xəbər verir ki, bu barədə “The Hill” yazıb: “Rusiyanın qələbəsinə inamını formalaşdıran açıqlamaları yalandır. Rusiya-Ukrayna müharibəsində Putinin irəli sürdüyü bütün iddialar – etnik ruslara təhlükə, Ukraynanın nasistlər tərəfindən idarə olunması və NATO-nun Rusiyaya təhdidi – yalandır. Putinin müharibəni qazanacağına dair inancı da yalan üzərində qurulub, çünki Kremlin kəşfiyyatı və hərbi qurumları ona yanlış məlumatlar ötürür. Ukrayna sürətlə inkişaf edirdi. Bu, korrupsiya dövlətini idarə edən Putinin xoşuna gəlmirdi. Onun məqsədi Ukraynanı məhv etmək və planlarındakı Rusiya imperiyasının tərkibinə qatmaqdır”.

Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə yanvarın 10-da güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı xəbərdarlıq verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Qobustan, Şəki, Xızı, Kəlbəcər, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Şəmkir, Samux, Şirvan, Füzuli, Zəngilan, Laçın, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Göygöldə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Kürd təşkilatları aktivləşdi: Azərbaycana qarşı torpaq iddiası

Kürd təşkilatlarının İranda baş verən etiraz aksiyaları fonunda tətil aksiyasına çağırışlarında yenidən Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Kürdüstan Demokrat Partiyasının yaydığı bəyanatda əks olunub. Partiya çağırış bəyanatında "Makudan Loristana qədər, bir millət, bir ölkə" ifadəsini işlədərək, Qərbi Azərbaycan və Loristan əyalətlərini Kürdüstan torpaqları kimi qələmə verib.

Rusiyadan təyyarəmizi vurduran şəxslə bağlı şok qərar

Rusiya 2024-cü ilin dekabrın 25-də Qroznı səmasında AZAL təyyarəsinin vurulmasını əmr edən general-mayor Aleksandr Tolopiloya qarşı bütün ittihamları ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb. “2025-ci ilin sentyabrın 2-də Rusiya Aerokosmik Qüvvələrinin Baş Komandanının rəhbərliyi altında AZAL təyyarəsi ilə bağlı iş üzrə rəsmi xüsusi iclas keçirilib. İclasda 11-ci Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun birinci müavini, general-mayor Aleksandr Tolopilo da iştirak edib. İclasda gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün “Xalça” siqnalını elan edərkən qarşılıqlı əlaqəni yaxşılaşdırmaq qərarı ilə kifayətləniblər”, - məlumatda deyilib. Qeyd olunub ki, AZAL təyyarəsinin vurulması əmrini verən məhz Tolopilo olub: “Lakin faciədən bir neçə ay sonra o, iclasda iştirak edib, hesabat verib və heç bir ictimai nəticə olmadan xidmətini davam etdirib. Generalla bağlı bütün rəsmi araşdırmalar həmin vaxta qədər başa çatıb”.

ABŞ-dan İrandakı etirazçılara: Dünya sizi eşidir!

İranda internetin kəsilməsi belə etirazçıların səsini kəsə bilməyəcək. Sozcu.az xəbər verir ki, bu haqda Dövlət Departamentinin sosial media hesabındakı paylaşımında yazılıb. "İslam Respublikası rejimi İran xalqının səsini susdurmaq üçün interneti tamamilə kəsdi, ancaq iradə şəbəkə bağlantısı kimi susdurula bilməz. İran xalqı, dünya hələ də sizi eşidir və görür", - Departamentdən bildirilib.

Ən çox şikayət olunan internet provayderlər açıqlandı

Azərbaycanda ötən ilin dördüncü rübü üzrə internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib. 22 şirkət üzrə hazırlanan hesabata əsasən, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) "Flexnet" MMC (14,99), "Sline" MMC (14,12), "Eurosel" MMC (8,61), "Maxinet" MMC (4,32), "Metronet" MMC (3,95) olub. Hesabatda sözügedən beş şirkətin şikayət indeksinin pisləşdiyi qeyd edilib. Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Metronet" MMC (16 gün), "Flexnet" MMC (15 gün), Naxçıvan RİNN İYTTM (Naxinternet) (13 gün), "Megalink" MMC (13 gün), "Azfibernet" MMC (13 gün) qərarlaşıb. Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.

Pis istirahət etməyiblər, üzləri gülür - Qurbanov

"Qarabağ"ın bəzi futbolçuları xəstələndikləri üçün fasilədən sonra komandaya gec qoşulublar. Sozcu.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib. "Futbolçular pis istirahət etməyiblər. Xəstələndikləri üçün komandaya qoşulmayanlar var idi. Komandaya yaxşı qayıdıblar, üzləri gülür. Həvəslə məşq ediblər", - mütəxəssis vurğulayıb. O, klubda maliyyə ilə bağlı sıxıntının olmadığını söyləyib: "Hazırda güclü komandalarla yoxlama oyunlarında üz-üzə gəlməyə hazır deyilik. Oynayacağımız kollektivlər də ciddidir". Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.

Hazırda İranda baş verənlər misilsizdir - Tramp

İranda izdiham böyükdür. Ölənlər olub, amma bu daha çox tapdalanma nəticəsində baş verib. İnsanlar bir istiqamətə doğru qaçır. Bilirlər ki, bu, kütləvi qaçışdır, yəni izdihamdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı danışarkən deyib. “İnsanlar adətən mal-qarada olan kütləvi qaçışdan danışırlar. İndi isə insanlar qaçır və bu izdihamda çox sayda adam həlak olur. O rejimi devirmək istəyi inanılmaz dərəcədə güclüdür. Heç kim indiyə qədər belə bir şey görməyib, hazırda baş verənlər misilsizdir. Bu insanlar tamamilə silahsızdır. Onlar öz ölkələrini sevirlər. Mən İranı xəbərdar etmişəm. Əgər bu insanlara qarşı pis bir şey etsələr, biz onlara çox sərt cavab verəcəyik”, - o əlavə edib.

Azərbaycandan 7600 ton yanacaq gəlir - Papoyan

2025-ci ildə dəmir yolu ilə Azərbaycan ərazisindən Ermənistana 6580 ton taxıl - 1000 tonu Qazaxıstandan, 5580 tonu Rusiyadan, eləcə də 1210 ton Azərbaycan benzini daşınıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Gevorq Papoyan deyib. “8 yanvar 2026-cı il tarixinə olan məlumata görə, Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8485 ton Rusiya taxılı idxal edilib, daha 4103 ton isə yoldadır. Həmçinin 7600 ton Azərbaycan neft məhsulları da yoldadır ki, bunun 6100 tonu benzin, 1500 tonu isə dizel yanacağıdır. Benzin və dizel yanacağının qiymətlərinin ötən ayın qiymətləri ilə müqayisədə litr üçün 80 drama (təxminən 36 qəpik) qədər azalacağı gözlənilir. Bu hadisələrə cavab olaraq, neft məhsulları ticarəti ilə məşğul olan digər şirkətlər də qiymətləri aşağı salmaq üçün çalışır”, - o bildirib.

Gürcüstan Ermənistan maşınları üçün yolu bağladı

Gürcüstan Ermənistanla sərhəddəki yollardan birini yük maşınları üçün bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Yol Departamenti məlumat yayıb. “Axaltsixe-Ninotsminda beynəlxalq yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağandır”, - məlumatda deyilib. Bu qərarın səbəbi kimi çətin meteoroloji şərait göstərilib.

Təhsil haqqında yeni qaydalar: "Kağız" ləğv olunur...

Azərbaycan Respublikasının Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydaları təsdiqləyib. Qəbul edilən qərar təhsil sistemində rəqəmsallaşmanı sürətləndirməyə, sənəd dövriyyəsini müasir elektron idarəetmə prinsipləri əsasında təşkil etməyə və vətəndaşlar üçün xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmağa yönəlib. Sozcu.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, yeni qərara əsasən, Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli Qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur. "Belə ki, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir. Yeni qaydaların əsas üstünlükləri: - Təhsil haqqında dövlət sənədləri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) üzərindən elektron formatda formalaşdırılacaq; - Təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə edilə biləcək; - Bütün təhsil pillələri üzrə sənədlərə ştrix-kod əlavə olunaraq onların həqiqiliyinin operativ və onlayn yoxlanılması təmin ediləcək; - Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər; - Təhsil sənədlərinin dublikatlarının verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında həyata keçiriləcək. Qaydalarda bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri, verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir. Bundan başqa, Nazirlər Kabinetinin 7 yanvar 2026-cı il tarixli 2 nömrəli Qərarı ilə "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"nı da təsdiq edilib. Təsdiq olunmuş yeni qaydalara əsasən, təhsilini müxtəlif səbəblərdən tamamlamayan şəxslərə verilən arayışlar "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) üzərindən "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, elektron sənəd formasında yaradılacaq və müraciətçilərin Elektron Hökumət İnformasiya Sistemində (EHİS) yerləşən elektron kabinetlərinə təqdim ediləcək. Qaydalara uyğun olaraq, arayışlarda əks olunan məlumatlar EHİS üzərindən təqdim və əldə edilə biləcək. Elektron sistem vasitəsilə təqdim olunan məlumatlar kağız daşıyıcıda təqdim edilmiş sənədlərlə eyni hüquqi qüvvəyə malik olacaq. Qeyd edək ki, qəbul edilən normativ dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir", - deyə məlumatda vurğulanıb.