Qarabağ, can Qarabağ, ana yurdum!

Bu gün Azərbaycanın doğma və əzəli torpağı olan Qarabağda Vətən müharibəsi davam edir. Bu çətin, ağrılı və bir o qədər də fəxrli günlərdə mən də bir Azərbaycan vətəndaşı olaraq, kiçik bir yazı yazıb fikirlərimi xalqımın gözəl insanları ilə bölüşmək istəyirəm. 28 ildən artıqdır ki, dövlətimizin bir hissəsi düşmən tapdağı altındadır. Bu 30 ilə yaxın müddətdə Azərbaycan xalqının vətən həsrəti hələ də yanıb tutuşmaqdadır. İndi gedən döyüşlərin də səbəbi, o düşməni doğma torpaqdan qovub çıxarmaq, içimizdə yanan həsrəti söndürmək və Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Təbii ki, biz 1988-1994-cü illərdə gedən Qarabağ müharibəsində şəhid olan, əsir götürülən və vəhşicəsinə qətlə yetirilən uşaqları, qadınları və qocaları unutmamalıyıq. Bu bir növ onların da qisasının alınmasıdır.

Sentyabrın 27-dən başlayan torpaqlarımızın azadlığı uğrunda müharibə artıq 10 gündür ki davam edir. Sentyabrın 27-si səhər səhər saatlarından Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan, iri çaplı silahlardan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və əlverişli ərazilər azad edilib. Nəticədə düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, yüzlərlə canlı qüvvəsi məhv edilib.Bu gün biz bir yumruq olub qaniçən düşmənə göz açdırmamalıyıq. Hal-hazırda biz tələbələrin əlindən gələn Vətənə və onun igid əsgərlərinə mənəvi dəstək vermək və bu dəstəyi heç bir zaman əsirgəməməkdir.

Qardaşı Vətən keşiyində olan bir bacı olaraq mən də onun və bütün əsgərlərimizin xidmətdən qələbə sevinci ilə sağ-salamat gəlməsini arzu edirəm. Düşmən qarşısına qorxmadan çıxan, mərd və cəsur addımları ilə irəli gedən Azərbaycan əsgəri indi bizim fəxrimiz hesab olunmalıdır. Vətən qarşısında olan borclarını layiqincə yetirən bu igidlər bizim bugünkü sevincimizin və qələbəmizin əsas səbəbidir.

Cəbrayıl torpağında və Qarabağın bir çox kəndlərində asılan üçrəngli bayraq Laçında, Xankəndidə, Şuşada və digər rayonlarda dalğalanacaq. Mən Azərbaycanın igid oğullarının bu arzularımızı yaşadacağına inanıram və güvənirəm.

VƏTƏN SAĞ OLSUN!

Fətullayeva Fatimə,
BDU-nun Filologiya fakültəsinin tələbəsi

Facebook Comments