“Indiki məqamda işğalçı dövlətlə heç bir danışığa ehtiyac yoxdur” – deputat

Sentyabrın 27-dən etibarən Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları davam edir. Hərbi əməliyaytların alovlanması ilə siyasi müstəvidə də aktivliyin əhəmiyyətli dərəcədə artması, dünya dövlətlərinin baş verənlərlə bağlı müxtəlif təklif və bəyanatlarla çıxış etdiyi müşahidə olunur.

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib, Azərbaycanın hərbi uğurlarının Ermənistana yaxın olan bəzi dövlətlərdə narahatlıq doğurduğunu vurğulayıb:

“Sentyabrəın 27-dən etibarən cəbhədə baş verənlərə görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür və bu, hər kəsə bəlli olan bir həqiqətdir. Çünki cənab prezident İlham Əliyev bu hadisədən təxminən 10 gün qabaq hər gün bir sıra dövlətlərə, eləcə də beynəlxalq təşkilatlara müraciət etmişdi və bütün dünyaya car çəkmişdi ki, Ermənistan müharibəyə hazırlaşır, bunun üçün ciddi hazırlıq görür. Kənardan müəyyən muzdlular gətirilir, Rusiyadan çoxsaylı hərbi yardımlar alırlar və s. Ölkə başçısı beynəlxalq təşkilatlara bunun qarşısını almağın vacibliyini bildirdi. Lakin bildiyiniz kimi, buna heç bir reaksiya verilmədi. Heç bir dövlət, eləcə də beynəlxalq təşkilat Ermənistanı müharibəədn çəkindirmək üçün hər hansı addım atmadı. Lakin Azərbaycanın əks-hücumları başlayandan sonra dünyanın bir sıra dövlətləri Azərbaycanın dövlət başçısına zəng edir, tərəfləri danışıqlar masasına dəvət edir. Bəs onlar bu vaxta qədər harada idi? Niyə bu yöndə bir addım atmırdılar?

BMT tərəfləri danışıqlara dəvət edir. Hansı ki, BMT-nin Qarabağ prolemi ilə bağlı 4 qətnaməsinin biri də yerinə yetirilməyib”.

Xalqın həyata keçirilən əks-hücum əməliyyatlarını böyük sevinc və coşğu ilə qarşıladığını qeyd edən millət vəkili, ölkə başçısının Ermənistanın riyakarlığını dünənki çıxışında da tam şəkildə ifşa etdiyinə diqqət çəkdi:

“Azərbaycanın dövlət başçısı işğaldakı torpaqlarımızın azad edilməsində, Ermənistanın təxribatlarının qarşısının alınmasında israrlıdır. Ortada dövlətimizin çox ciddi siyasi iradəsi var. Biz öz torpaqlarımızı son qarışına qədər işğaldan azad edəcəyik.

Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları xalqımız tərəfindən qürur və sevinclə qarşılanmaqdadır. Xalq dövlətini, ali baş komandanını, ordusunu tam şəkildə dəstəkləyir.

Dünən “Rossiya-1” kanalında ölkə başçısı çıxış etdi, ona ünvanlanan sualları cavablandırdı. Yenə də Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı, bildirdi ki, Azərbaycan sadəcə işğaldakı torpaqlarını azad etmək istəyir. Ölkə başçısı bildirdi ki, xalqımız və dövlətimiz ərazi bütölüyünü bərpa etməkdə israrlıdır və artıq bir sıra kəndlər, yüksəkliklər azad edilib.

Prezident İlham Əliyev Türkiyə dövlətinin guya Azərbaycana hərbi müstəvidə hansısa yardımlar etməsi ilə bağlı sualı da cavablandırdı. Cənab prezident isə bildirdi ki, bu məsələdə Ermənistana kömək edən dövlətlər var. Müəyyən muzdlu qüvvələr Ermənistan tərəfindən hərbi əməliyyatlarda iştirak edir. Azərbaycana isə Türkiyə, Pakistan kimi dövlətlər mənəvi baxımdan dəstək verirlər. Azərbaycanın hər hansı dövlətin hərbi yardımına ehtiyacı yoxdur. Azərbaycanın kifayət qədər güclü ordusu var. Ordumuz yetişmiş, peşəkar ordudur. Azərbaycan ordusu dünya oprduları arasında öz layiqli yerini tutub. Azərbaycanın insan resursu da imkan verir ki, bu hücumları öz məntiqi sonluğuna çatdırsın.

Bu gün Ermənistana yaxın olan bəzi dövlətlər çalışır ki, Azərbaycanı yenidən danışıqlar prosesinə cəlb edilsin. Lakin bunun yalnız bir yolu var. Bu yol da ondan ibarətdir ki, ermənilər işğaldakı bütün torpaqları azad etməlidirlər. Yalnız bundan sonra danışıqlar masası arxasında nələrisə müzakirə etmək olar. Indiki məqamda isə heç bir danışığa ehtiyac yoxdur”.

Facebook Comments