“Düşmən əlində silah bizi öldürmək istəyir”

“İndi 90 faizi elmi işini pulla yazdırır. 10 faiz alim var, onların da ürəyi partlayıb ölür. Ona görə də ortaya çıxarmağa 5-6 dəyərli alimimiz yoxdur.”

Sozcu.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədəki hesabında yazıb:

“Təhsili, elmi, akademiyanı, universiteti ideologiyadan uzaqlaşdırmalıyıq. Onları düşüncə mərkəzlərinə çevirməliyik. Düşüncə mərkəzi olanda gerçək alim yetişir. İndi 90 faizi elmi işini pulla yazdırır. 10 faiz alim var, onların da ürəyi partlayıb ölür. Ona görə də ortaya çıxarmağa 5-6 dəyərli alimimiz yoxdur. Fikir vermirsiniz ki, cəmiyyət həyatına təsir edən düşüncə adamı yoxdur? Bir siyasətçi kimi prosesə girəndə narazılıq yaranır ki, Milli Məclisin üzvü niyə belə deyir. Cəmiyyəti silkələmək lazımdır. Yanlış dəyərləri demək lazımdır. Bunu siyasətçi kimi deyəndə böyük bir kütləni itirirsən. Bunu ziyalılar çıxıb deməlidir. Müstəqil alimlər çıxıb cəmiyyətin yanlış tərəfini deməlidir, keçmişi təftiş eləməlidir. Ziyalılar qaragüruhçuluğa təslim olub. Bizdə alim sosial şəbəkələrdə qaragüruh kütləyə yaltaqlanır. “Birdən bu sözü deyərəm, xoşa gəlməz məni linç edərlər” düşüncəsi ilə yaşayırlar. Əslində, çıxıb cəsarətlə sözünü deməlisən, cəmiyyəti stimullaşdırmalısan. Bunlar edilməyincə boşluqlar qalacaq. Müharibə məsələsində də bunlar üzə çıxır. Reaksiyalar belə olmamalıdır. Biz daha soyuqqanlı yanaşmalıyıq. Fövqəladə bir şey baş verməyib. Düşmən əlində silah bizi öldürmək istəyir. Bu savaşda insan ölümü qaçılmazdır. Sən də onu öldürməlisən. Yəni, müharibəyə soyuqqanlı hazırlaşmalıyıq. Elə məsələlər var ki, bu gün onları təhlil edib düzgün addımlar atmasaq sabah çox ağır nəticələri ola bilər. Dövlət Ordusu ilə ayaqdadır. Vətəndaş olaraq hər birimiz hansı sahədə dəstək verə biləriksə, o istiqamətdə bütün gücümüzlə çalışmalıyıq.

Facebook Comments