Paşinyan: Yerasx-Naxçıvan yolu ilyarım vaxt aparacaq

TRIPP (Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu) layihəsi üzrə işlər 2026-cı ildə başlayacaq. Sozcu.az Armenpress-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hakim "Vətəndaş müqaviləsi" partiyasının seçkiqabağı proqramını təqdim edərkən bildirib. "Əminəm ki, 2026-cı ildə işlərə başlayacağıq. Məncə, ən tez istifadəyə verilən elektrik verilişi xətləri olacaq", - Paşinyan qeyd edib. O vurğulayıb  ki, Gümrüdən Türkiyəyə qədər və Yerasx (Arazdəyən)-Naxçıvan (Azərbaycan) dəmir yolu sahələrinin yenidən qurulması bir il - il yarım vaxt aparacaq.

Hesablama Palatası səhiyyə sektorunda nöqsanlar aşkarladı

Hesablama Palatasının 2025-ci il üzrə İş Planına əsasən həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri çərçivəsində səhiyyə sektorunda bir sıra ciddi maliyyə və idarəetmə nöqsanları aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "Dövlət auditi" bülletenində bildirilir. Sənədə əsasən, aparılan yoxlamalar zamanı İcbari Tibbi Sığorta Fondunun (İTSF) gəlir və xərc göstəricilərinin bəzi hallarda düzgün əks etdirilmədiyi müəyyən edilib. Belə ki, gəlirlərin icrası ilə bağlı göstəricilərin tam nəzərə alınmaması, əvvəlki illərə dair xərclərin və öhdəliklərin düzgün tanınmaması Milli Məclisə təqdim edilən büdcə icrası hesabatlarında təhriflərə səbəb olub. Auditin nəticələrinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin maliyyələşmə mexanizmi də sığorta prinsiplərinə tam uyğun qurulmayıb. Mövcud sistemin əsasən saxlanma xərclərinə yönəldiyi qeyd olunur. Eyni zamanda, dövlət büdcəsindən əhalinin sığortalanmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması zamanı əhali sayının rəsmi statistik göstəricilərlə uyğun gəlmədiyi, bəzi hallarda eyni kateqoriyadan olan şəxslərin bir neçə mənbə hesabına sığortalanmasının nəzərdə tutulduğu aşkarlanıb. Bu isə dövlət büdcəsinə əlavə maliyyə yükü yaradaraq İTSF-in qalıq vəsaitlərinin artmasına səbəb olub. Hesabatda həmçinin qeyd edilir ki, idarəetmə xərcləri ilə bağlı hüquqi çərçivənin tam formalaşmaması, bu xərclərin yuxarı həddinin müəyyən edilməməsi və müxtəlif xərc istiqamətlərində parçalanaraq göstərilməsi inzibati xərclərin artımına gətirib çıxarıb. TƏBİB tərəfindən yaradılan hüquqi şəxslərin sayının çoxalması da bu tendensiyanı gücləndirib. Audit zamanı müəyyən edilib ki, adambaşına düşən icbari tibbi sığorta haqqının tərkibinə daxil edilən xərclər hər hansı hüquqi və ya metodoloji sənədlə əsaslandırılmayıb. Bununla yanaşı, sığorta haqqı, sığorta məbləği və tibbi xidmətlərin tariflərinin müəyyən edilməsi üzrə aydın və əsaslandırılmış mexanizmlər formalaşdırılmayıb ki, bu da tariflərlə xərclər arasında uyğunsuzluq riskləri yaradır. Bundan başqa, dövlət proqramları çərçivəsində həyata keçirilən satınalmalarda ehtiyac və tələbat göstəricilərinin düzgün müəyyən edilmədiyi, bəzi hallarda alınmış tibbi məhsulların ehtiyac sahiblərinə çatdırılmadığı qeyd olunub. Bu isə səhiyyə xidmətlərinə əlçatanlığın məhdudlaşmasına səbəb olub.("Report")

Tramp İrana neçə gün vaxt verib? - AÇIQLANDI

ABŞ prezidenti Donald Trump İranla atəşkəs rejimini konkret müddət göstərmədən uzadıb. Onun addımı diplomatiyaya razılaşma əldə etmək üçün əlavə imkan yaradır. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, bu qərarın səbəblərindən biri ABŞ və Pakistan vasitəçilərinin İranın ali lideri Müctəba Xameneidən son təklifə cavab gözləməsidir. İsrail mənbəsinin məlumatına görə, Xameneinin çərşənbə günü cavab verəcəyi gözlənilir. Başqa bir mənbə bildirib: “Tramp iranlılara işlərini yoluna qoymaq üçün əlavə 3–5 gün vaxt verməyə hazırdır, lakin atəşkəs qeyri-müəyyən müddətli olmayacaq”.

Azad olunmuş 4 şəhərin baş planı tamamlanır

İşğaldan azad olunan daha 4 şəhərin baş planı tamamlanmaq üzrədir.  Sozcu.az xəbər verir ki, bu barədə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi çərçivəsində İmişli şəhərində keçirilən "Memarlıq və şəhərsalma sahəsində dövlət nəzarəti və prokurorluğun rolu" mövzusunda konfrans zamanı bildirilib. O da qeyd edilib ki, azad olunmuş ərazilərdə görülən işlərə də toxunulub. Bildirilib ki, bu bölgələrdə artıq 8 şəhərin baş planı tamamlanıb, daha 4 şəhərin baş planı isə tamamlanmaq üzrədir. 41 yaşayış məntəqəsinə köç prosesi həyata keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

TƏBİB rəhbərinin müşavirləri 1 ilə ümumilikdə 1 milyon manatdan çox əməkhaqqı alırmış...

Xəbər verildiyi kimi, TƏBİB-in yeni icraçı direktorunun 6 müşaviri işdən çıxarılıb. Sozcu.az xəbər verir ki, TƏBİB rəhbərinin müşavirləri yüksək əməkhaqqı alırlarmış. Belə ki, onların ayda 15 min manata yaxın məvacib aldıqları məlum olub.  Bununla yanaşı, müşavirlərin hər rübdə maaş qədər də əlavə məvacib aldıqları bildirilir. Orta hesabla TƏBİB rəhbərinin müşavirləri il ərzində ümumilikdə 1 milyon manatdan çox maaş alıblar. Xatırladaq ki, TƏBİB-in yeni icraçı direktorunun müşavirləri Elşad Məmmədli, Zeynal Bayramlı,  Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrdən azad olunublar. Mənbə: Unikal.az

ABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik

ABŞ-yə məxsus təyyarə Hörmüz boğazı istiqamətində hərəkət edir. Sozcu.az  xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat paylaşıb. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə aid "Boeing KC-46A Pegasus" yanacaqdolduran tankeri Fars körfəzi səmasında qeydə alınıb. Uçuşuna Təl-Əvivdən başlayan hava gəmisi İordaniya və Səudiyyə Ərəbistanının hava məkanından keçərək Fars körfəzinə çatıb. Daha sonra isə təyyarə Hörmüz boğazı istiqamətində uçuşunu davam etdirib./Oxu.az

“Son zəng” bu tarixdə olacaq - RƏSMİ

Bu il bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri iyun ayının 13-də keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

Tramp ABŞ ordusunun Çindən İrana göndərilən “hədiyyə”ni ələ keçirdiyini deyib

ABŞ Prezidenti Donald Tramp dünən İrana məxsus gəminin ələ keçirildiyini bildirib. Tramp CNBC-yə müsahibəsində gəmidə olan yükün Çindən göndərildiyini deyib. “Bu, Çinin "hədiyyəsi" idi. Mən təəccübləndim. Düşünürdüm ki, Si Cinpinlə razılaşmışdıq”, - ABŞ Prezidenti vurğulayıb./APA

Kür çayında son vəziyyət açıqlandı

Kür çayının Zərdab rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 11 santimetr artaraq 893, Sabirabad rayonu ərazisində 7 santimetr artaraq 751, Şirvan ərazisində 16 santimetr artaraq 557, Salyan rayonu ərazisində 20 santimetr artaraq 685, Neftçala rayonu ərazisində isə 4 santimetr artaraq 190 santimetr olub. Bu barədə Sozcu.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib. Bildirilib ki, Tərtərçayda su sərfi saniyədə 9, Tutqunçayda 7, Həkəriçayda 13, Bəsitçayda 7, Zabuxçayda 4, Bərgüşadçayda 23, Oxçuçayda 14, Levçay 7, Şəlvəçay 3 kubmetrdir.

Daha 3 xəstəxananın direktoru işdən çıxarıldı

TƏBİB sistemində kadr dəyişiklikləri davam edir. Bakupost.az-a daxil olan məlumata görə, daha 3 iri tibb müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Belə ki, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Respublika Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi Rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən çıxarılıb. Məlumatlara görə, son qərarlar TƏBİB-də başlanmış genişmiqyaslı idarəetmə və kadr islahatlarının növbəti mərhələsi hesab olunur. Qeyd edək ki, bundan əvvəl Yeni Klinikanın direktoru, eləcə də bir neçə müşavirin işdən azad olunması barədə xəbərlər yayılmışdı. Bu dəyişikliklər səhiyyə sistemində ciddi yenilənmə prosesinin getdiyini göstərir. Məsələ ilə bağlı TƏBİB-dən rəsmi açıqlama almaq mümkün olmayıb.

Metroda yaranan problemin səbəbi nədir? - AÇIQLAMA

“Təmas relsinə yüksək gərginliyin verilməsində yaranan nasazlığın müxtəlif səbəbləri ola bilər. Dəqiq analiz aparmamış, konkret nəsə demək mümkün deyil. Belə halların təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir”. Bunu “Yeni Sabah”a açıqlamasında yeraltı nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov deyib. O bildirib ki, platforma daxilində enerji təminatını həyata keçirən müxtəlif avadanlıqların hər birində nasazlıq olma ehtimalı mümkündür: “Ümumiyyətlə platformanın içərisində müxtəlif işıq gücləndiriciləri, enerji ötürücüləri və transformatorlar var. Onlarda müəyyən nasazlıqlar, qısaqapanmalar olan zaman gərginliyin düşməsi müşahidə olunur. Ola bilsin, elektrik vericiləri yaxud relslərdə olan qəbuledicilərdə nasazlıq yaranıb. Sadalanan bütün avadanlıqlarda problem olması mümkündür. Bunu daha yaxşı energetiklər müəyyən edə bilər. Daha dəqiq səbəbi müvafiq araşdırmadan sonra öyrənə bilərik”. Qeyd edək ki, “Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət qoyulub. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə stansiyalardakı sərnişinlər təxliyə olunub. Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Tramp İranla sülh sazişini şəxsən imzalayacaq

ABŞ Prezidenti Donald Tramp, əgər İslamabadda keçirilən danışıqlar nəticəsində İranla sülh sazişi əldə olunarsa, həmin sazişin imzalanma mərasimində şəxsən və ya onlayn formatda iştirak edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Reuters” danışıqlarda iştirak edən pakistanlı mənbəyə istinadən məlumat yayıb. ABŞ tərəfi İranla danışıqların 2-ci raundunun Pakistanda baş tutacağına əminlik ifadə edib. İran tərəfi isə iştirakını “müsbət qiymətləndirdiyini” bildirib, lakin öz şərtlərinin yerinə yetirilməsini gözlədiyini vurğulayıb - bu şərtlərə uranın zənginləşdirilməsi hüququnun tanınması da daxildir. ABŞ-ın vitse-prezidenti Cey Di Vensin bu gün İslamabadda olması gözlənilir. Vəziyyət atəşkəsin bitməsi fonunda qeyri-müəyyən olaraq qalır: 28 fevralda ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan müharibədə elan edilən iki həftəlik atəşkəs yaxın saatlarda başa çatmalıdır. 10 gün əvvəl keçirilən ilk danışıqlar raundu nəticəsiz qalmışdı və bundan sonra Tehran yeni raunddan imtina etmişdi — buna səbəb kimi ABŞ-ın İran limanlarına dəniz blokadasını ləğv etməməsi və İran yük gəmisinin ələ keçirilməsi göstərilmişdi.

Orban kuklalarının 31 maya qədər vaxtı var - Magyar

Orbanın kuklaları 31 maya qədər könüllü olaraq vəzifələrindən istefa verməlidirlər. Sozcu.az xəbər verir ki, bunu Tisa Partiyasının lideri, Macarıstanın gələcək Baş naziri Peter Magyar özünün X səhifəsində yazıb. “Bu, Macarıstanın prezidenti, Ali Məhkəmənin sədri, Milli Məhkəmə İdarəsinin rəhbəri, Konstitusiya Məhkəməsinin sədri və Baş prokurora aiddir. Əgər bu vəzifəli şəxslər 31 maya qədər könüllü olaraq vəzifələrindən istefa verməsələr, onda milyonlarla macardan aldığımız mandat əsasında onları vəzifələrindən uzaqlaşdıracağıq”, - o qeyd edib.

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. “Yeni Konstitusiyada Bəyannaməyə istinad edilməməli olduğunu deyəndə mövqeyimi açıq şəkildə bildirdim. Niyə? Çünki bu, Qarabağ hərəkatının davam etməsinin qarşısını almaq zərurətindən irəli gəlir. Əgər bu gün yeni bir Konstitusiya qəbul etsək və preambulada Bəyannaməyə istinad olsa, bu, Qarabağ hərəkatını davam etdirdiyimiz anlamına gələcək. Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, Azərbaycanla münaqişəni yenilədiyimiz anlamına gələcək. Əgər Azərbaycanla münaqişəni yeniləsək, bu, sülhün mümkün olmadığı anlamına gələcək”, - Paşinyan bildirib.

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacaq.

İran ABŞ-dan bunu tələb etdi – Bəyanat

İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun 20 apreldə Oman körfəzində ticarət gəmisi "Toska"ya hücumunu qətiyyətlə pisləyir. Sozcu.az xəbər verir ki, bu barədə İran XİN bəyanat yayıb. “Gəminin heyət üzvlərinin, eləcə də onların ailələrinin qorxudulması ilə müşayiət olunan bu hərəkət dəniz piratçılığı və terror aktıdır. Bu da təkcə BMT-nin Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinə və qaydalarına zidd deyil, həm də 8 aprel 2026-cı il tarixli atəşkəs sazişinin açıq şəkildə pozulmasının daha bir nümunəsidir və İrana qarşı təcavüz aktı hesab olunur. İran ABŞ-ın bu qanunsuz və cinayətkar hərəkətinin çox təhlükəli nəticələri barədə xəbərdarlıq edir və İran gəmisinin, dənizçilərinin, heyətinin və onların ailələrinin dərhal azad edilməsinin vacibliyini vurğulayır. Şübhəsiz ki, İran İslam Respublikası İranın milli maraqlarını və təhlükəsizliyini müdafiə etmək, İran xalqının hüquq və ləyaqətini qorumaq üçün bütün imkanlarından istifadə edəcək. Aydındır ki, regiondakı vəziyyətin daha da mürəkkəbləşməsinə görə tam məsuliyyət ABŞ-ın üzərinə düşür”, - bəyanatda qeyd olunub. Qeyd edək ki, ABŞ qüvvələri 20 apreldə İrana məxsus yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirib.

Metro nasazlığı Bakıda sıxlıq yaratdı - FOTO

Bakı metropolitenində baş verən texniki nasazlıq paytaxtda nəqliyyat sıxlığına səbəb olub. Sozcu.az Trend-ə istinadla xəbər verir ki, metronun fəaliyyətində yaranan fasilə şəhərin digər ictimai nəqliyyat vasitələrinə də təsir edib. Nəticədə əsas yol hərəkəti istiqamətlərində əlavə yüklənmə qeydə alınıb. Xüsusilə “28 May” və “Elmlər Akademiyası” stansiyaları ətrafında sərnişin axınının artdığı bildirilir.

Metroda problem: Taksi şirkətləri qiymətləri artırdı

Bakıda metronun fəaliyyətində yaranan problemlə əlaqədar taksi xidmətlərinin qiymətində artım müşahidə olunur. Sozcu.az Oxu.az-a istiandla xəbər verir ki, qiymətlər fərqli şəkildə dəyişir. Hazırda taksi şirkətləri həmişə 8 manata olan məsafə üçün 11-12, 6 manata olan məsafə üçün isə 16 manata sifariş qəbul edirlər. Qeyd edək ki, Bakı Metropoliteni QSC-nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

TƏCİLİ! Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı Vüsal İsgəndərli polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Goranboy rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

Ermənistanda əsgər güllə yarasından öldü

Ermənistanda hərbi qulluqçu poliqonda aldığı güllə yarasından ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb. Bildirilir ki, hadisə günorta saatlarında baş verib. 19 yaşlı əsgər N.A. paytaxt xəstəxanasına aparılarkən yolda həyatını itirib. Fakt üzrə cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.

Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi

Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib. Sozcu.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in İcraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. Müşahidə Şurasının qərarı ilə Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib. Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub. 2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Meloni məni şoka saldı - Tramp

ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Ciorcia Melonini cəsarətsiz siyasətçi adlandırıb. Sozcu.az xəbər verir ki, Tramp onun İranla bağlı mövqeyini tənqid edib. "O, məni şoka salıb. Düşünürdüm ki, o cəsarətlidir, amma yanılmışam", - deyə Ağ Ev rəhbəri bildirib.

Azərbaycanda ağır qəza: baba və nəvə öldü

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Sfera.az-a istinadla xəbər verir ki, Cəlilabad rayon Alar kənd sakini idarə etdiyi "Hunday” markalı avtomobillə hərəkətdə olarkən, ötmə əməliyyatını düzgün yerinə yetirməyib və qarşıdan gələn Biləsuvar rayon Ovçubərə kənd sakini Elxan Feyziyə məxsus VAZ 2107 markalı avtomobillə toqquşub. Qəza zamanı VAZ 2107-də olan yaxın qohumlar - sürücü və onun azyaşlı nəvəsi ölüb. Sürücünün oğlu və yeznəsi isə ağır yaralanıb. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar Biləsuvar rayon mərkəzi xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.